Logo

Vaqif Poeziya Günləri xalqımızın zəfər rəmzidir

17.07.2025 09:01 34 baxış
IMG

Azərbaycanın mədəni həyatında mühüm yer tutan Vaqif Poeziya Günləri xalqımızın milli kimliyini, ədəbiyyatımıza və zəngin irsimizə olan hörmətini ifadə edən mənəvi bayrama çevrilib. Bu poeziya bayramı təkcə ədəbiyyatın deyil, eyni zamanda, xalqın milli ruhunun, zəfər iradəsinin və Qarabağın mədəni dirçəlişinin rəmzinə çevrilib. Xüsusilə Vətən müharibəsində əldə olunan Qələbədən sonra bu tədbir daha böyük ideya-mənəvi yük qazanıb, Molla Pənah Vaqifin adı ilə bağlı poeziya günləri zəfər ruhunun, torpaqlarımıza qayıdışın təntənəsinə çevrilib.

Bu fikirləri TƏHSİL.BİZ -ə açıqlamasında AMEA Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini

filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov söyləyib.

Molla Pənah Vaqifin XVIII əsr Azərbaycan poeziyasının ən parlaq nümayəndələrindən biri olduğunu deyən dosent Əlimuxtar Muxtarov vurğulayıb: “Onun realist və xalq ruhuna yaxın yaradıcılığı xalqın dilində danışır, onun duyğularını ifadə edirdi. Şuşa şəhərində inşa edilmiş Vaqif məqbərəsi isə artıq təkcə bir ədibin xatirəsi deyil, həm də bir xalqın tarixə verdiyi qiymət, mədəni kimliyə sahib çıxmasının göstəricisidir. İşğal dövründə düşmən vandalizminin hədəfinə çevrilən bu məqbərənin azadlıqdan sonra bərpası və burada poeziya günlərinin keçirilməsi xalqımızın ədalət, haqq və mədəniyyət zəfərinin bariz sübutudur”.

Müsahibimiz qeyd edib ki, ilk dəfə 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Vaqif Poeziya Günləri Azərbaycan ədəbiyyatının böyük bayramına çevrilmişdi. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbə bu ənənənin də yenidən doğuluşuna şərait yaratdı. 2021-ci ildən etibarən Şuşada Vaqif Poeziya Günləri bərpa olunaraq daha böyük ruhla keçirilməyə başlandı. Bu isə təkcə ədəbiyyat bayramı deyil, həm də milli qürur, azadlıq və torpaqlarımıza sahib çıxma əzminin təntənəsidir.

“Vaqif Poeziya Günlərinin bərpası və keçirilməsi dövlətimizin mədəniyyət siyasətinin bir parçası olaraq, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpası, mədəniyyətin yenidən canlandırılması işinin bir hissəsidir. Bu poeziya günlərində təkcə klassik poeziya deyil, həm də müasir ədəbiyyat nümayəndələrinin çıxışları, musiqili kompozisiyalar, teatr səhnəcikləri və sənət sərgiləri ilə xalqımızın zəngin ruhu nümayiş etdirilir. Beləliklə, Vaqif Poeziya Günləri təkcə ədəbiyyatın deyil, bütövlükdə Azərbaycanın zəfər salnaməsinin mədəni ifadəsidir.

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri ildən-ilə forma və məzmunca yeni ideyalarla zənginləşir, yeni hədəflər, çağırışlar ehtiva edir. Bu ildən etibarən bu böyük poeziya bayramının Qazaxdan başlayaraq Gəncədə, Ağdamda davam edib, Türk-İslam dünyasının mədəniyyət paytaxtı Şuşada yekunlaşması bunun bariz təzahürüdür”, - deyə dosent Əlimuxtar Muxtarov fikrini yekunlaşdırıb.

Xəbər lenti