Mükəmməl sistemlər yeniliklər tətbiq edilən sistemlərdir.
TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “2025–2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, yaxşı sistem odur ki, bu sistemin yaxşı nailiyyətləri var.
“Dərsliklər baxımından biz hazırda kafidən yaxşıya gedən istiqamətdəyik. Prioritetləri analiz etmək lazımdır ki, biz hardan hara getdiyimizi anlaya bilək. Biz 16-12% məktəbəqədər əhatəlikdən 40%-ə gəlib çıxa bilmişik. Biz bunun nəticələrini zaman keçdikcə görəcəyik" – deyə nazir əlavə edib.
O əlavə edib ki, 2013-cü ildə məhz cənab Prezident tərəfindən imzalanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan təhsilinin gələcəyi üçün əsaslı bir baxış təqdim etdi. O sənəd o vaxt üçün ölkəmizdə təhsilin necə olmalı olduğunu çox geniş və mükəmməl şəkildə təsvir edirdi:
“2013-2014-cü illərdə biz həmin arzuları təhlil edib, başlanğıc nöqtəmizi müəyyənləşdirməyə çalışdıq. Burada həm ictimaiyyətin, həm də mütəxəssislərin fikirləri önəmli oldu. 2013-cü ilin təhlillərinə görə isə, Azərbaycan təhsil sistemi bəzi sahələrdə qeyri-kafi səviyyədə idi. Burada “kafi” sözünü mənfi mənada yox, minimal standartlara cavab verən, lakin zəif səviyyə kimi qəbul etmək lazımdır. Yəni, təhsil sistemimiz ya qeyri-kafi, ya da minimal səviyyədə idi, bunun da üzərində işləmək zəruri idi”.
Onun sözlərinə görə, həmin dövrdən bəri təhsil sistemində ciddi inkişaf üçün addımlar atılıb.