Logo

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

12.09.2025 15:14 28 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Türkiyənin İzmir Bakırçay Universitetinin rektoru professor Mustafa Berktaş ilə görüşüb. Görüşdə hər iki universitetin nümayəndə heyətləri də iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan məlumat verilib. Rektor Gülçöhrə Məmmədova görüşdə universitet haqqında məlumat verib. Bildirib ki, bu il 50 illiyi qeyd olunacaq AzMİU böyük təcrübə qazanıb: “Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizin memarlıq, inşaat mühəndisliyi, dizayn, kommunikasiya sistemləri mühəndisliyi və digər sahələr üzrə ixtisaslı kadrların hazırlanmasında xüsusi rola malikdir. Hazırda 7 fakültə, 30-dan çox ixtisas, 13 minə yaxın tələbə və 500 çox akademik heyət üzvü ilə fəaliyyət göstəririk. Universitetimiz həm tədris, həm də elmi-tədqiqat potensialı ilə seçilir. Biz beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Hazırda dünyanın nüfuzlu universitetləri ilə 150-yə yaxın əməkdaşlıq müqaviləmiz, 13 ikili diplom proqramımız mövcuddur. Məqsədimiz tələbələrimizi qlobal elmi-təhsil məkanının bir parçasına çevirmək, tədqiqat yönümlü və beynəlxalq universitet mövqeyimizi daha da gücləndirməkdir”.

Rektor Mustafa Berktaş isə çıxışında İzmir Bakırçay Universitetinin yeni yaranmasına rəğmən sürətli inkişafına diqqət çəkib: “Bakırçay Universiteti gənc, dinamik və sürətlə inkişaf edən ali təhsil müəssisəsidir. Biz qısa müddətdə Türkiyənin sayılıb-seçilən universitetlərindən birinə çevrilmişik. Burada 7 fakültə, müxtəlif ixtisas proqramları, geniş tələbə auditoriyası və güclü tədqiqat mühiti mövcuddur. Xüsusilə beynəlxalq əməkdaşlığa, mübadilə proqramlarına və birgə layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq bizim üçün çox dəyərlidir. İnanırıq ki, bu əməkdaşlıq həm universitetlərimiz, həm də ölkələrimiz arasındakı elmi-təhsil əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Görüşdə nümayəndə heyətlərinin üzvləri də çıxış edərək əməkdaşlığın perspektivləri barədə fikirlərini bildiriblər. Müzakirələr zamanı ilkin olaraq əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması və Orhun proqramı çərçivəsində müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün lazımi prosedurların yerinə yetirilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti