Logo

Meyvə bitkilərinin genetik ehtiyatlarının toplanılması ilə bağlı müzakirə aparılıb

10.06.2024 18:13 140 baxış
IMG

İyunun 10-da Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin əməkdaşlarının iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Mədəni və yabanı meyvə bitkilərinin genetik ehtiyatlarının toplanılması, tədqiqi, kolleksiyalarının yaradılması və seleksiyada istifadəsi” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirib ki, tədbirdə Azərbaycanda meyvəçilik və üzümçülüyün təxminən 11 min il tarixi olduğu, ölkəmizin bir çox meyvə bitkilərinin mənşə və mədəniləşmə mərkəzi kimi tanındığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan yabanı meyvə-giləmeyvə bitkiləri ilə yanaşı, qədim xalq seleksiya sortları ilə çox zəngindir. Respublika daxilində hər bir bölgənin özünəməxsus gözəl və keyfiyyətli meyvə sortları var. Məsələn, Quba-Xaçmaz regionu alması və armudu, Şirvan bölgəsi narı, heyvası, Naxçıvan əriyi, şaftalısı, Şəki-Zaqatala fındığı, qozu, Gəncə-Qazax bölgəsi üzümü, zoğalı, gilası, Abşeron isə badamı, püstəsi və ənciri ilə məşhurdur.

Sonra şöbə əməkdaşları meyvə bitkilərinin mədəni və yabanı nümunələrinin genetik ehtiyatlarının toplanması, tədqiqi, kolleksiyalarının yaradılması və seleksiyada səmərəli istifadəsi mövzusunda məruzələrlə çıxış ediblər. Bildirilib ki, Azərbaycanın müxtəlif bölgələrində tumlu, çəyirdəkli, qərzəkli, subtropik və giləmeyvəli meyvə bitkilərinin indiyə qədər qiymətləndirilməmiş və yerli əhalinin həyatında çox önəmli əhəmiyyətə malik yerli genetik ehtiyatları mövcuddur. Onların toplanması, tinglik və kolleksiya bağlarının yaradılması, qiymətləndirilməsi, seleksiyası, daha qiymətli təsərrüfat göstəricilərinə malik olanların artırılaraq təsərrüfatlarda tətbiq edilməsi müasir dövrümüzün aktual məsələlərindən biridir.

Xəbər lenti