Logo

Şərqşünas alimin Qarabağda antiterror tədbirləri haqqında məqaləsi Misir mətbuatında yayımlanıb

21.09.2023 18:00 116 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin ərəb dilində yazdığı “Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərini uğurla həyata keçirdi” məqaləsi Misirdə “Beynəlxalq İnformasiya Şəbəkəsi” internet portalında yerləşdirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, məqalədə Ermənistanın 2020-ci il noyabrın 10-da bağlanmış üçtərəfli Bəyannaməyə zidd olaraq nümayiş etdirdiyi qeyri-adekvat addımlardan, həmçinin Azərbaycan torpağı Qarabağda qalmış separatçı qüvvələrin və silahlı hərbi birləşmələrin törətdiyi təxribatlardan bəhs edilib.

Şərqşünas alim bu il sentyabrın 19-da terrorçu erməni silahlı birləşmələrin basdırdıqları minalar nəticəsində həyatını itirmiş mülki şəxslər və Daxili İşlər Nazirliyinin əməkdaşları haqqında məlumat verib, belə təxribatların silsiləvi şəkildə vüsət aldığını vurğulayıb. Azərbaycan dövlətinin beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq, ölkədə təhlükəsizliyi təmin etmək, ölkənin süverenliyini və konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli məhdud antiterror tədbirlərini həyata keçirməyə məcbur qaldığı da ayrıca qeyd edilib. Bununla yanaşı, məqalədə təxminən 24 saat davam edən antiterror əməliyyatının uğurla başa çatdığı, silahlı erməni hərbi birləşmələrinin təslim olduğu və Bakının irəli sürdüyü bütün tələblərlə razılaşdıqları da işıqlandırılıb.

Məqalənin sonunda 2023-cü il sentyabrın 21-də Qarabağın erməni sakinləri ilə keçirilən Yevlax görüşü və Azərbaycan dövlətinin tələb etdiyi şərtlər haqqında məlumatlar müfəssəl şəkildə qeyd edilib.

Xəbər lenti