Logo

Təhsilhaqqını ödəyə bilməyən tələbəyə güzəşt edilməlidirmi? - Ekspertlərdən AÇIQLAMA+FOTO

21.11.2022 11:25 367 baxış
IMG

Bəzən tələbələr tərəfindən ali təhsil müəssisələrinin təhsilhaqqı ödənişini etməkdə çətinlik çəkdikləri bildirilir. Əgər tələbə təhsil tələbə kreditindən yararlana bilməzsə, təhsilhaqqını necə ödəməlidir və ya təhsil müəssisəsi bu məqamda tələbəyə güzəşt etməlidirmi?

Tehsil.biz mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Məsələnin qanuni tərəflərini “Tehsil.biz”ə danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hər bir halda istər təhsil müəssisəsinin, istər digər sahələrin göstərdikləri xidmətin qarşılığı qanuni şərtlər çərçivəsində ödənilməlidir.


Kamran Əsədov

"Həmçinin universitetlərdə də belədir. Tələbə ali təhsil müəssisəsinə qəbul olduğu zaman universitetlə müqaviləyə qol çəkir. Yəni müqavilə ilə müəyyən edilmiş tarixlərdə və müvafiq şərtlərlə ödəniş edilməlidir. Lakin həmin müqavilədə təhsilalan müəyyən edilmiş şərtlərlə ödəniş etməkdə çətinlik çəkərsə, təhsil müəssisəsi müqaviləyə arxalanaraq istədiyi kimi ödəniş tələb edə, tələbənin şəxsiyyətini alçalda bilər deyə bənd yoxdur”, - Kamran Əsədov bildirib.

Təhsil üzrə mütəxəssis Nadir İsrafilov “Tehsil.biz”ə açıqlamasında təhsil müəssisələrinin idarəetmədə rolunun məhdud olduğunu bildirib:


Nadir İsrafilov

“Dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyil. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyil və keyfiyyətə yönəlməyib. Təhsil Haqqında Qanunda da qeyd edildiyi kimi, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Dünya ölkələrində dövlət tərəfindən özəl universitetlərə pulsuz torpaq sahələri, müəyyən qrantlar ayrılır. Yüksək reytinqli universitetlərdə təhsilin keyfiyyətinin yüksəlməsində əsas amil ali məktəblərin kampus şəraitində fəaliyyət göstərməsidir. Azərbaycandakı kimi tələbələr kirayə haqqı ilə, kitabxana, tıxac, digər sosial problemlərlə qarşılaşmır. Azərbaycanlı tələbənin fikri-zikri ucuz qiymətə kirayə mənzil axtarmağa və digər məişət məsələlərinə yönəlir. Paytaxtda 2-3 ali məktəb yan-yana şəhərin mərkəzində yerləşir. Əgər istəyiriksə, keyfiyyətli təhsildən danışaq, tələbələr üçün əlverişli şərait yaradaq, o zaman bu məsələlər gec-tez öz həllini tapmalıdır. Bu stimullaşdırıcı tədbir olaraq təhsilin keyfiyyətinə də çox böyük təsir göstərə bilər”.

Təhsil eksperti Elçin Əfəndiyev “Tehsil.biz”ə bildirib ki, I kurs tələbələri illik təhsilhaqqını tam, sonrakı kurslarda isə hissə-hissə ödəyə bilərlər: “Tələbələrin qəbulu zamanı onlarla bağlanan müqavilədə də bunlar qeyd olunur. Amma nəzərə alsaq ki, pandemiya dövründə güzəşt etmək olar, bu zaman ali və orta ixtisas təhsil müəssisələri güzəştə getməlidir. Hətta təkcə pandemiya dövrü deyil, hər zaman bu qayda tətbiq olunmalıdır. Ona görə ki, tələbə təhsilhaqqının müəyyən hissəsini ödədiyi halda onun imtahana buraxılmaması kimi bir qaydanın universitetlər tərəfindən tətbiqi yanlışdır. Çünki bu tələbəyə əlavə maliyyə itkisi ilə başa gəlir. Kəsrlərə görə kredit yaranır və tələbə həmin kreditləri ödəmək üçün ödəniş etməli, yenidən dərslərdə iştirak edərək imtahan verməlidir. Bu, həm də tələbə üçün zaman itkisidir. Əslində isə tələbənin kəsri bu hala görə deyil, tədris olunan fənnə gərə yarana bilər. Yəni o, həmin fənni mənimsəyə bilmir, nəticədə imtahandan keçmir ki, bu da kəsr hesab olunur. Qanunvericiliyə əsasən, tələbə bir tədris ili ərzində tam təhsilhaqqını ödəməlidir. Ona tədris ili başa çatanadək imkan yaradılmalıdır ki, təhsilhaqqını ödəsin. İmtahana buraxmamaq isə bir növ tələbənin təhdid olunmasıdır. Dövlət başçısı hər dəfə təhsilin əlçatanlığının təmin olunmasına çağırır. Amma bəzi universitetlər bu çağırışa sanki məhəl qoymur”.


Elçin Əfəndiyev

Elçin Əfəndiyev bu cür problemlərdə tələbə təhsil kreditinin funksiyasını da izah edib: “Ölkədə 146 mindən çox tələbə (magirstr, bakalavr) ödənişli təhsil alır. Onlardan 22 mininin ödənişi dövlət büdcəsi hesabına ödənilir (imtiyazlı şəxslər), qalanları isə əlbəttə, öz hesablarına ödənilir. Dövlət bunu nəzərə alaraq tələbə təhsil krediti yaratdı. Universitetlər də bu amili nəzərə almalı, güzəşt etməlidir. Əlbəttə, güzəşt etmədiyi halda tələbəni itirəcək. Hər il yüzlərlə tələbə bu faktlara görə universitetləri, kollecləri tərk edir. Bu isə müvafiq təhsil müəssisələrinə başucalığı gətirmir”

Xəbər lenti