Logo

“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı olub

15.07.2025 13:34 57 baxış
IMG

İyulun 15-də Bakı Kitab Mərkəzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Bakı Dövlət Universiteti ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırlanan “İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib.

Kitabın müəllifləri Vüqar Zifəroğlu, Aynur Nəsirova, Xatirə Hüseynova, Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Afət Yaqubova, Vəli Əlibəyov, Yedgar Cəfərov, Zənurə Talıbova, Natiq Pənahlıdır. Bu vəsait ali məktəblərdə jurnalistika, kommunikasiya və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin piar sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı , Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər çıxış edənlər kitabın piar sahəsinin nəzəri və praktiki əsaslarını əhatə edən fundamental bir əsər olduğunu vurğulayıblar. Qeyd edilib ki, kitabda ictimaiyyətlə əlaqələrin tarixi inkişafı, nəzəriyyələri və əsas prinsipləri geniş təqdim olunur. Müəlliflər dövlət və özəl sektorda auditoriyalarla münasibətlərin tənzimlənməsi üzrə strategiyaları, plan və proqramları, eləcə də böhran vəziyyətlərinin idarə olunması kimi aktual mövzuları əhatə ediblər. Mətbuatla əməkdaşlıq, press-relizlərin hazırlanması, sosial media ilə iş və digər praktik alətlər də dərs vəsaitində real nümunələrlə şərh olunur. Kitabda ictimaiyyətlə əlaqələr sahəsində yaranan yeni təmayüllər, o cümlədən rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi də tədqiq edilib.

Sonda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Xəbər lenti