Logo

“Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub - FOTO

09.05.2024 16:45 159 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Heyətində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş, Gürcüstanın “Dalğa” televiziyasının və “ERA” film studiyasının birgə ərsəyə gətirdiyi “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, mərasimi açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə və dünyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, bugünkü təqdimat mərasiminin də Ulu Öndərin əziz xatirəsinə ithaf edildiyini bildirib.

Ulu Öndərin dünyada sülhün qorunmasına və təhlükəsizliyin təmin edilməsinə misilsiz töhfələr verdiyini deyən akademik İsa Həbibbəyli dahi liderin Qafqazda həyata keçirdiyi siyasətin təməlində isə birliyin və əmin-amanlığın dayandığını söyləyib. Qeyd edib ki, Ulu Öndər müasir Azərbaycanın müstəqilliyinin banisidir və ötən əsrin 90-cı illərində respublikamızı məhv olmaqdan xilas edib, zəngin dövlət idarəçiliyi təcrübəsi ilə ölkəmizin dünya dövlətləri sırasında özünəlayiq yer tutması üçün önəmli addımlar atıb.

Prezident İlham Əliyevin Ümummilli Liderin ideallarını inkişaf etdirərək və daha da zənginləşdirərək ölkəmizi dünyada söz sahibi olan dövlətlərdən birinə çevirdiyini deyən akademik İsa Həbibbəyli bugünkü Azərbaycanın uğurlarının təməlində dahi liderin arzularının dayandığını vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində hər birimizin arzusuna çevrilmiş Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub, bütün ölkə ərazisində Dövlət Bayrağımız ucaldılıb, Qazaxın 4 kəndi müharibəsiz geri alınıb və bütün bunlar dövlət başçımızın Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləridir.

Ümummilli Liderin həm də Azərbaycana dost və etibarlı tərəfdaşlar qazandırdığını deyən AMEA rəhbəri bunların içərisində Gürcüstanın xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, müasir dövrdə bu dostluğun təməllərini Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze qoyub və hər iki lider “Qafqaz evi”nin yaranmasına və daim qorunmasına çalışıb. Həmçinin vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti və Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi meqalayihələrlə iqtisadi əməkdaşlığımız güclənib, məhz Ulu Öndərin təkidi ilə “Bakı-Ceyhan” boru kəmərinin adına “Tbilisi” sözü əlavə edilib.

İki ölkə arasında elmi əlaqələrə də toxunan akademik İsa Həbibbəyli AMEA-nın Gürcüstan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etdiyini, GMEA-nın prezidenti akademik Roin Metrevelinin Azərbaycan xalqının dostu olduğunu bildirib. Diqqətə çatdırıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşlığı nəticəsində Bakıda, Tbilisidə və Kembric Universitetində “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyası Azərbaycan, gürcü və ingilis dillərində nəşr edilib.

Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun müəllifi olduğu “Heydər Əliyev – Gürcüstan” kitabını və ssenari müəllifliyi ilə çəkilən “Dostluğun siması” sənədli filmini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli filmdə gürcü ziyalıların Ulu Öndər haqqındakı ali fikirlərinin iki ölkə arasındakı bugünkü münasibətlərin göstəricisi olduğunu bildirərək kitabın və sənədli filmin elmi əhəmiyyətini diqqətə çatdırıb.

Sonra çıxış edən Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlu Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin tarixinə toxunaraq bildirib ki, ötən əsrin 90-cı illərində Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Qafqazda sülh və sabitlik bərqərar olub. Qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyində özünün yüksəliş dövrünü yaşayır və qonşuları, eləcə də Gürcüstanla əlaqələrə xüsusi önəm verir.

Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlu, həmçinin müxtəlif illərdə işıq üzü görmüş və müəllifi olduğu “Heydər Əliyev – Gürcüstan” kitabları, eləcə də ssenarisi əsasında çəkilmiş filmlər haqqında ətraflı məlumat verib.

“Nə qədər ki, bəşəriyyət mövcuddur, Gürcüstanda yaşayan azərbaycanlılar Ulu Öndər haqqında yazıb-yaradacaq və iki xalq arasındakı dostluq münasibətləri qorunub saxlanacaq”, - deyə Şahismayıl Şəmmədoğlu qeyd edib.

Tədbirdə çıxış edən Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin sədri Levan Mamaladze “Heydər Əliyev və Gürcüstan” filminin əhəmiyyətindən bəhs edib. Natiq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, Ulu Öndərin Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə dostluq və qardaşlıq münasibətlərindən ətraflı danışıb. Qeyd edib ki, çətin, mürəkkəb dönəmdə Heydər Əliyev yeni dövlət strukturlarını yaradaraq yalnız Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz üçün əhəmiyyətli möhkəm sütun formalaşdırıb.

O, Ulu Öndər Heydər Əliyevlə şəxsi tanışlığından və söhbətlərindən bəhs edib, Ümummilli Liderin Gürcüstana olan səmimi münasibətini yüksək dəyərləndirib. Bildirib ki, birgə layihələr vasitəsilə təkcə Azərbaycanın deyil, Gürcüstanın da gələcək inkişafına təkan verib. Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin bütün dünya, o cümlədən Gürcüstan üçün unikal nümunə olduğunu vurğulayan Levan Mamaladze bütün bu tarixi hadisələrin ümumilikdə Qafqaz üçün əhəmiyyətindən danışıb, bunun məhz Heydər Əliyevin başladığı yolun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində əldə olunduğunu dilə gətirib.

Çıxışının sonunda Levan Mamaladze tarixi faktların əks olunduğu filmin bütün yaradıcılarına dərin minnətdarlığını bildirib.

Mərasimdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri professor Rza Mahmudov və Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ramiz Bəkirov çıxış edərək Azərbaycan-Gürcüstan əlaqələrindən, Ulu Öndərin Qafqaz siyasətindən danışıb, belə bir filmin və kitabın ərsəyə gəlməsini yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra ssenari və ideya müəllifi, həmçinin prodüseri Şahismayıl Şəmmədoğlu, quruluşçu rejissorları isə Elnur Vəlizadə və Georgi Toradze olan, “Dalğa” televiziyasının və “ERA” film studiyasının birgə ərsəyə gətirdiyi “Dostluğun siması” sənədli filmi nümayiş etdirilib.

Xəbər lenti