Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbi yeni tədris ilinə başlayıb.
Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın adını daşıyan məktəbdə 2023–2024-cü illər üzrə tədris ilində 20-yə yaxın şagird təhsil alacaq. Onların arasında soydaşlarımızla yanaşı, türk, fransız, qazax və digər millətlərdən olan ailələrin övladları var.
Məktəbdə Azərbaycan dili, musiqi, rəsm və rəqs dərsləri tədris olunur. Yeni tədris ilində uşaqlara ilk dəfə olaraq Azərbaycan rəqsləri öyrədiləcək. Rəqs dərsini diaspor fəalı Dilbər Nəcəfova aparacaq. O, bu ilin avqustunda Naxçıvanda gerçəkləşdirilmiş “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı olub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbinin məqsədi doğma dilimizi Fransada yaşayan uşaqlara öyrətmək, zəngin mədəniyyətimizi, adət-ənənələrimizi təbliğ etməkdir. Rəsm dərsini Azərbaycanın əməkdar rəssamı Əsmər Nərimanbəyova, musiqi dərsini pianoçu Səidə Zülfüqarova, Azərbaycan dili dərsini isə filoloq Kəmalə Gülməmmədova tədris edirlər.