Logo

İnönü Universitetinin rektoru İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb

17.03.2023 21:50 409 baxış
IMG

Türkiyənin İnönü Universitetinin rektoru, Prof. Dr. Ahmet Kızılay akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

“6 fevral 2023-cü il tarixində baş vermiş şiddətli iki zəlzələ ölkəmizin 11 regionunda böyük dağıntılara səbəb oldu. Kədərimiz çox böyük və yenidir. Universitetimizin də yerləşdiyi Malatya şəhəri zəlzələlərdə ən çox ziyan görən ərazilərdən oldu. Ölkə olaraq çox sayda insanımız həyatını itirdi. Universitetimizin də ikisi müəllim heyəti, beşi idarəçilər olmaqla, yeddi əməkdaşı və 90 tələbəsi zəlzələlərdə vəfat etdi. Bu, kədərimizi daha da artırdı.

Zəlzələ fəlakəti ilə əlaqədar yaşadığımız bu çətin zamanlarda bizlərə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Sizlərdən və dünyanın demək olar hər yerindən bizlərə çatdırılan yardım və dəstəklər fəlakətin öhdəsindən gəlməyimizi asanlaşdırmaqdadır. Vurğulamaq istəyirəm ki, siz dəyərli dostlarımızın dəstək və diləkləri üzləşdiyimiz bu böyük fəlakətin yaralarını sarımaqda bizə böyük mənəvi və motivasiya verəcəkdir. Heç kəsin bu cür ağır fəlakətlərlə qarşılaşmamasını diləyir, hörmətimi bildirirəm”, - deyə Prof. Dr. Ahmet Kızılay məktubunda vurğulayıb.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 6-da Türkiyənin elmi qurumlarına və universitetlərinə qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı başsağlığı məktubları göndərib.

Məktublarda akademik İsa Həbibbəyli dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib, həmçinin bütün xalqımız kimi, AMEA-nın kollektivinin də türkiyəli qardaşlarımızla həmrəy olduğunu bildirib.

Xəbər lenti