Logo

“Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi” mövzusunda konfrans keçirilib - FOTOLAR

23.06.2022 19:21 364 baxış
IMG

İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının birgə təşkilatçılığı ilə “Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian dini icmasının sifarişi ilə ərsəyə gətirilən "Mənəvi intibah" sənədli filminin nümayiş etdirilməsi ilə başlayan tədbirdə çıxış edən icma sədri Rasim Xəlilov bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi önəm verilir. Azərbaycanda müxtəlif dinlərə məxsus ibadətgahların, dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, dini bayramların yüksək səviyyədə qeyd olunması istiqamətində müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən lazımi dəstək verilməsi uğurlu multikulturalizm və tolerantlıq modelinin tərkib hissəsini təşkil edir.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, dünyada baş verən  qlobal və regional kataklizmlərdən xilas yolu mənəvi intibahdan keçir.  Dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələridir. S.Heydərov vurğulayıb ki, Azərbaycan dövlətinin dinlə bağlı siyasəti dini münasibətləri demokratik normalar əsasında inkişaf etdirən, cəmiyyətdə dini müxtəlifliyi, vicdan və etiqad azadlığını təmin edən fəaliyyət sistemidir. Ölkəmizdə dini etiqad sahəsində möhkəm dayaqlara malik hüquqi mexanizmlər mövcuddur. Azərbaycanda din azadlığı prioritet məsələdir və onun qorunması ölkənin təhlükəsizliyinin başlıca qarantıdır. Dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan tolerantlıq nümunəsidir, çünki multikulturalizm və birgəyaşayışı həyat tərzinə çevirməyi bacarıb.

Beynəlxalq aləmdə, ölkəmizdə baş verən dini proseslər, təhdidlər, onların qarşısının alınması yollarına da toxunan S.Heydərov qeyd edib ki, din pərdəsi altında cərəyan edən proseslərin artım dinamikasını nəzərə alaraq dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılması olduqca vacib məqamdır. Nümunəvi vəhdət, həmrəylik mühitinin qorunub saxlanılması, mənəvi intibaha doğru irəliləyişin sürətləndirilməsi, o cümlədən mövcud dini zəminli təhlükələrin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin səmərəliliyinə xüsusi önəm verilir.

Sədr müavini çıxışının sonunda ölkəmizdəki  milli birliyi  və həmrəyliyi pozmaq xülyası ilə yaşayan, din pərdəsi altında ideoloji təxribatlar törətməyə cəhd göstərən, ictimai rəyi çaşdırmağa və bundan faydalanmağa çalışan qruplara qarşı sosial şəbəkə istifadəçilərini, xüsusilə də gənclərimizi diqqətli olmağa çağırıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək bildirib ki, paradoksal bir haldır ki, elmi-texniki inkişafın zirvəsinə çatmış bəşəriyyət sülhpərvərlik, birgəyaşayış, dini və ideoloji dözümlülük baxımından o qədər də məsafə qət etməyib. Hətta elmi-texniki inkişaf əsri olan XX əsr, eyni zamanda, mədəniyyətlərarası və dövlətlərarası dözümsüzlüyün də “inkişaf” əsri olub. Çox təəssüf ki, bu proses indi də davam edir, dünyanın müxtəlif bölgələrində dini dözümsüzlük və fanatizm halları tüğyan edir. Məhz bu səbəbdən tolerantlıq ənənəsinin inkişaf etdirilərək dünyanın bütün bölgələrində bərqərar edilməsi hazırda bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdəndir. İslam dünyasının bir hissəsi olan Azərbaycanda da tarixən müxtəlif dinlərin və məzhəblərin nümayəndələri sülh şəraitində yaşayıb, hər hansı bir diskriminasiya halı ilə qarşılaşmayıblar. Fəxrlə deyə bilərik ki, ölkəmiz bütün dinlərin nümayəndələrinin dostluq şəraitində yaşadığı və dini zəmində heç bir qarşıdurmanın yaşanmadığı məkandır.

Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov Azərbaycanda yaşayan və fəaliyyət göstərən müxtəlif dini konfessiya nümayəndələrinin dinlərarası dialoq zamanı  özlərinin dini-mədəni  ənənələrini qoruyub  saxlamasından bəhs edib. Bildirib ki, azərbaycançılıq modeli sayəsində ölkəmizdə tarixən mövcud olan bütün dinlər arasında olduqca unikal bir əlaqə, qarşılıqlı mədəniyyət mübadiləsi formalaşıb.  Məhz bu ənənə Azərbaycan xalqının yaşam ənənəsinə çevrilib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası şurasının katibi Mefodi (Elnur Əfəndiyev) son illər dünyada sıx-sıx rast gəlinən cəmiyyətin qəbul edilmiş mənəvi normalarına laqeydlik, yalançı dini dəyərlərin yayılması hallarına diqqət çəkərək bu kimi mənfi təzahürlərin qarşısının alınmasında mənəvi intibahın rolu barədə danışıb. Bu sahədə ölkəmizin müsbət təcrübəsinə toxunan natiq qeyd edib ki, Azərbaycanda Ümummilli Lider Əliyevin rəhbərliyi ilə mənəvi irsin  və dini dəyərlərin dirçəlişinə xüsusi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dinlər və sivilizasiyalararası münasibətlərin daha da gücləndirilməsi, dini icmaların fəaliyyətinə mənəvi və maddi dəstəyin göstərilməsi dövlətin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir ki, bu da müxtəlif destruktiv qüvvələrə qarşı möhkəm səddir.

Azərbaycan Yəhudiləri dini icmasının sədri, Avropa Yəhudilərinin Bakı sinaqoqunun baş ravvini Şneor Seqal, Bakı şəhəri “Həyatverici Lütf” dini icmasının sədri Elşən Hüseynzadə, Bakı Krişna Şüuru dini icmasının sədri Mahir Əhmədov, Sumqayıt şəhəri “Alov” xristian dini icmasının sədri Murad İslamov və Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi “Şıxlar” məscidi dini icmasının sədri Nazim Lazımov dini-mənəvi dəyərlər sahəsində görülən işlərdən söz açaraq ölkəmizdəki ümumbəşəri və multikultural dəyərlərə hörmətə,   hər bir din mənsubuna göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti