Logo

“Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı” V Beynəlxalq müsabiqəsinə yekun vurulub

15.12.2021 18:16 618 baxış
IMG

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində və Xalq artisti, bəstəkar, professor Azər Dadaşovun 75 illik yubileyi ilə əlaqədar keçirilmiş pianoçuların “Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı” V Beynəlxalq müsabiqəsinə yekun vurulub.

Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, müsabiqəyə dünyanın altı ölkəsindən – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və İran İslam Respublikasından iştirakçılar qatılıb. Hər il fərqli repertuar və şərtlər əsasında təşkil olunan müsabiqə, bu il mövcud şəraitə görə onlayn formatda və yaş məhdudiyyəti qoyulmadan keçirilib.

Müsabiqənin repertuarında Azər Dadaşovun prelüd və fuqası və sərbəst seçim kimi digər əsərlərindən hər hansı birinin ifası təklif olunub.

Qeyd edək ki, Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə Quliyevanın sədrliyi ilə keçirilən müsabiqədə qaliblərin müəyyən edilməsində, Azər Dadaşovun təklifi ilə, bəstəkarın prelüd və fuqasının ifasının qiymətləndirilməsi əsas götürülüb. Müsabiqə onlayn formatda təşkil olunduğuna görə videoyazılar şəklində göndərilən ifalar dinlənilmiş və qaliblər müəyyən olunub.

Münsiflər heyətinin qərarına əsasən Nərgiz Kəngərli və Nuranə Zeynalova laureat, Ləman İslamzadə (Azərbaycan), Mahbod Hagh Parast (İran İslam Respublikası) və Araylım Oralxan (Qazaxıstan) isə diplomant adına layiq görülüblər. Müsabiqənin digər iştirakçıları isə fəxri fərmanlarla təltif olunub.

Xəbər lenti