Süleyman Rzaqulu bəy oğlu Axundov 1875-ci il oktyabr ayının 21-də Şuşa şəhərində bəy ailəsində doğulub. Hələ körpə ikən Süleymanın təlim-tərbiyəsi ilə bilavasitə dayısı, görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyov məşğul olub. 1885-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olub, burada milli, klassik rus və dünya ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir göstərib. 1894-cü ildə seminariyanı bitirərək Bakıdakı III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib.
1906-cı ildə Bakıda çağırılan müəllimlərin I qurultayında fəal iştirak edən Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərib, həmin qurultayda ana dilində proqram tərtib etmək üçün ayrılan komissiyaya seçilib, 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycan pedaqoji fikri tarixində mütərəqqi bir hadisə olan məşhur “İkinci il” dərsliyini tərtib edib.
O, Azərbaycanda ilk Maarif komissarı olub. 1920-ci ildə Qarabağ İnqilab Komitəsinin qərarı ilə avqustun 9-da Qarabağ vilayət maarif şöbəsinə müdir təyin edilib. Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edib. 1922-ci ildə S.Sani M.Mahmudbəyov, S.Əbdürrəhmanzadə, F.Ağazadə, A.Şaiq, Ə.Əfəndizadə ilə birlikdə “Yeni türk əlifbası” dərsliyini yazıb. Həmin ildə o, “Azərbaycan ədib və şairlər ittifaqı”nın sədrliyinə seçilib.
O, dramaturgiyamıza M.F.Axundovun “Hacı Qara” əsərinin təsiri ilə yazdığı “Tamahkar” komediyası ilə gəlib. 1906-cı ildə o, “Dibdat bəy” və “Türk birliyi” komediyalarını yazıb. Ədib, “Qorxulu nağıllar” (1912-1914) ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirib. “Laçın yuvası” (1921) dramı, bir sıra pyeslər “Cərxi fələk” (1921), “Qaranlıqdan işığa” (1921), “Eşq və intiqam” (1922) və komediya janrının ilk nümunələri də “Molla Nəsrəddin Bakıda” (1921), “Şahsənəm və Gülpəri” (1921), “Bir eşqin nəticəsi” (1922), “Yeni həyat” (1923) onun qələmindən çıxıb. Onun 1923-1935-ci illərdə yazdığı “Qan bulağı”, “Ümid çırağı”, “Cəhalət qurbanı”, “Nə üçün?”, “Təbrik”, “Sona xala”, “Namus”, “Mister Qreyin köpəyi” və s. hekayələri Azərbaycan nəsrinin ilk nümunələrindəndir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1932-ci ildə Süleyman Sani Axundovun pedaqoji-ədəbi, həmçinin ictimai-mədəni fəaliyyətini nəzərə alaraq ona “Əmək qəhrəmanı” fəxri adı verib.
Süleyman Sani Axundov 1939-cu il mart ayının 29-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.