Logo

ADPU-da AMEA-nın 80 illik yubiley tədbirində Prezident İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələrə dair dəyirmi masa keçirilib

04.12.2025 09:00 80 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “AMEA-nın 80 illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, struktur rəhbərləri, elmi ictimaiyyətinin nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.

TƏHSİL.BİZ xəbər verir ki, Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, AMEA-NIN 80 illik yubileyində Azərbaycan Prezidenti İlham Əliyevin tarixi çıxışı bütün xalqımızın, xüsusilə də elmi-pedaqoji ictimaiyyətin nəzər-diqqətini cəlb edib. Çıxışda Azərbaycan dövlətinin və xalqının strateji hədəflərinə yönəlmiş bir sıra istiqamətlər üzrə güclü dövlət və güclü xalq olmağın yolları, mahiyyəti və fəlsəfəsi aydın formada göstərilib.

Professor Cəfər Cəfərov dövlət başçısının çıxışının Azərbaycan elmi ictimaiyyəti üçün yeni baxış, yeni məsuliyyət və yeni hədəflər müəyyənləşdirdiyini bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyev öz çıxışında dəyişən dünya nizamına uyğun olaraq dövlətin inkişafının elm, texnoloji tərəqqi və insan kapitalı üzərində qurulmasının vacibliyini xüsusi qeyd edib. Dövlət başçısı təbii resurslarla yanaşı, intellektual potensialın ölkənin gələcək inkişafında həlledici rol oynadığını açıq şəkildə ifadə edib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Azərbaycan dilinin saflığının qorunması milli vəzifədir” mövzusunda məruzə ilə çıxış edib. Professor dilçilik sahəsinin bütün elmi istiqamətlər üzrə prioritet məsələlərdən biri olduğunu bildirib. O, dilçilik araşdırmalarında, xüsusilə, toponimlərin, tarixi yurd yerlərinin və Qərbi Azərbaycan ərazilərinə aid adların tədqiqinin siyasi, tarixi və milli baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışının əsas tezisləri haqqında məruzə ilə çıxış edib. Professor bildirib ki, dövlət başçısının səsləndirdiyi mesajlar hər bir mütəxəssisin, alim və pedaqoqun öz sahəsində konkret fəaliyyət proqramına çevrilməlidir.

Sonda prorektor Prezident İlham Əliyevin çıxışında dil, tarix və mədəniyyət məsələlərinə göstərdiyi xüsusi diqqətin dövlət siyasətinin humanitar sahədə əsas prioritetlərini formalaşdırdığını bildirib və alimləri bu istiqamətdə daha fəal, daha sistemli işləməyə çağırıb.

Görüşün davamında Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova “Azərbaycan tarixinin tədqiqi və təbliğində yeni mərhələ”, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü professor İbrahim Bayramov isə “Qərbi Azərbaycana qayıdış: tarixi saxtakarlıqlardan müasirlik çağırışlara doğru” adlı məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra dəyirmi masa məruzələrdə səslənən əsas fikir və ideyaların geniş müzakirəsi ilə davam edib.

Xəbər lenti