Logo

Layihə rəhbəri: STEAM dərsləri müxtəlif proqramlar üzrədir

23.10.2025 11:04 59 baxış
IMG

“STEAM dərsləri müxtəlif siniflərdə müxtəlif proqramlar üzrədir. Əgər biz, məsələn, pilotsuz uçuş aparatlarından danışırıqsa, burada məqsəd sadəcə aparatı uçurtmaq deyil. Biz bu dərsi o məqsədlə keçirik ki, şagird aparatın uçması üçün proqramlaşdırma dillərini öyrənsin”.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.

O bildirib ki, bu,oyun əsaslı öyrənmə yanaşması ilə həyata keçirilir: “Bizim məqsədimiz şagirddə maraq və həvəs yaratmaqdır. Əlbəttə, nəticədə aparat uçmalıdır, amma aparatın uçmaması layihənin uğursuzluğu demək deyil. Çünki sistemdə yaradılan hər bir layihənin “testing” (sınaq) və “təkmilləşdirmə” mərhələləri mövcuddur. Biz mühəndislikdə “dizayn” modulunu tətbiq edirik. Burada daimi təkmilləşdirmə prosesi gedir və bu, pedaqogikada “iterasiya prosesi” adlanır. Bu proses əslində sonsuzdur, yəni layihə istənilən qədər təkmilləşdirilə bilər. Bizim üçün maraqlı olan məqam odur ki, bu prosesin nəticəsində şagird proqramlaşdırma dillərindən birini, məsələn, “Python” dilini öyrənir. Şagirdin bu dili mənimsəməsi üçün müxtəlif metodologiyalar tətbiq oluna bilər.

Biz təşviq edirik ki, şagirdlər sadəcə hazır aparat uçurtmaqla kifayətlənməsinlər. Məsələn, bəziləri su üzərində hərəkət edən gəmi modeli düzəldirlər və bu zaman başa düşürlər ki, həmin gəmini idarə etmək üçün proqramlaşdırma dilini bilməlidirlər. Beləliklə, biz bu proses vasitəsilə şagirdlərə proqramlaşdırma dillərini tədris etmiş oluruq”.

Xəbər lenti