Logo

Təhsil işçilərinin sentyabr konfransı çərçivəsində müzakirələr davam edib

05.09.2025 16:43 48 baxış
IMG

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı çərçivəsində müzakirələr davam edib. Konfransın ikinci günündə müzakirələr müxtəlif peşəkar meyarlar əsasında seçilmiş Azərbaycan dili, riyaziyyat və ibtidai sinif müəllimləri ilə keçirilib. Müzakirələrdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq struktur bölmə rəhbərləri və müəllimlər iştirak ediblər.

Bu barədə TƏHSİL.BİZ -ə BŞTİ-dən məlumat verilib.

İbtidai sinif müəllimləri ilə görüşdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu çıxış edərək məktəblərdə müsbət öyrənmə mühitinin formalaşdırılması və şagirdlərin mənəvi sağlamlığının qorunmasında müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb. V.Yaqublu tədrisin keyfiyyətinin artırılmasında innovativ və yaradıcı təlim metodlarının tətbiqinin vacibliyi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişaf etdirilməsi barədə nümunələr əsasında söhbətlər aparıb. Direktor müavini yaradıcı və məntiqi düşüncəyə malik şagirdlərin yetişdirilməsində biliyin bacarığa çevrilməsinin önəmindən, bu istiqamətdə faydalı təcrübə və təşəbbüslərin paylaşılmasının əhəmiyyətindən söz açıb.

Digər fənlər üzrə keçirilən görüşlər də qarşılıqlı müzakirə formatında baş tutub. Görüşlərdə müəllimlər şəxsi təcrübələri və təlim metodları barədə fikirlərini bölüşüb, dəstəyə ehtiyac duyulan sahələrdən danışıblar.

Növbəti tədris ili üçün fəaliyyət planının hazırlanmasına dair müəllimlərin təklif və tövsiyələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti