Logo

ADNSU-da Türkiyə və ABŞ universitetlərinin professorları ilə görüş keçirilib

04.09.2025 17:08 42 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Türkiyə və ABŞ universitetlərinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə ADNSU-dan məlumat verilib.

İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Arizona Universiteti və Arlinqton Texas Universitetinin professor heyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov ilə keçirilən görüşdə ADNSU-nun Neft-mexanika fakültəsinin və Riyaziyyat kafedrasının professor-müəllim heyəti də iştirak ediblər.

ADNSU-nun rektoru dosent Rüfət Əzizov universitetin tarixi, tədris prosesi və inkişaf istiqamətləri barədə məlumat verib. O, ADNSU-nun elmi-tədqiqat universitetinə çevrilməyi və elmmetrik bazalarda universitetin mövqeyini möhkəmləndirməyi hədəflədiyini, bu məqsədlə beynəlxalq əməkdaşlığın və tərəfdaşlarla birgə elmi və riyazi araşdırmalar aparılmasının xüsusi önəm daşıdığını deyib.

Görüşdə qonaqlar təmsil etdikləri ali təhsil müəssisələri və elmi tədqiqat imkanları, innovativ hədəflər haqqında danışıblar. Tərəflər arasında riyaziyyat sahəsində sinerji yaradılması, riyazi hesablamalar və dataların emalı, optimal idarəetmə üzrə birgə elmi araşdırmalar, həmçinin universitetlərarası inteqrasiya imkanları müzakirə olunub.

Bildirilib ki, ADNSU ilk HPC (High Performance Computing) laboratoriyasını istifadəyə verib və hazırda orada elmi tədqiqatlar aparılır.

Sonda qonaqlar Heydər Əliyev Muzeyi, Mineralogiya Muzeyi, Kibertəhlükəsizlik laboratoriyası və Türkiyə-Azərbaycan Dostluq Mərkəzini ziyarət ediblər.

Xəbər lenti