Logo

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin müzakirələrinə başlanılıb

14.07.2025 13:49 68 baxış
IMG

İyulun 14-də Dövlət İmtahan Mərkəzində (DİM) 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, müzakirələr 3 gün dəvət edəcək.

Müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumları və müəssisələrinin nümayəndələri iştirak edirlər.

Tədbirin ilk günü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələri müzakirə edilib.

Qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra “Abituriyent” jurnalının nəşrinə dair sərgiyə baxış keçirilib. İştirakçılara, eyni zamanda, yazı işlərinin yoxlanılmasında istifadə edilən texnologiyalar və DİM-in Gənc psixometrist təcrübə proqramı haqqında məlumat təqdim edilib.

DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən reallaşdırılan kütləvi miqyaslı qəbul və buraxılış imtahanlarının ayrı-ayrı istiqamətlər üzrə aparılmış elmi-statistik təhlillər əsasında geniş təhsil müzakirələrinin təşkil edilməsinin və cəmiyyətə təqdim edilməsinin ənənə halını aldığını qeyd edib. Məleykə Abbaszadə bu imtahanların nəticələrinin təhlilinin həm ümumi elmi-statistik tendensiyalarla şərtləndirildiyini, həm də müxtəlif illər üzrə, eyni zamanda, təhsildəki prioritet və çağırışlarla, mühüm təklif və tövsiyələr ilə müşayiət olunduğunu vurğulayıb.

Daha sonra isə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili üzrə müzakirələr aparılıb. Sıralar üzrə tələbə qəbulu planları və ərizə verənlərin sayının müqayisəsi, qruplar üzrə qəbul göstəriciləri, abituriyentlərin topladıqları balların paylanma diaqramı, test tapşırıqlarına cavabvermə orta statistik göstəriciləri, testdə istifadə qiymətləri və qəbul imtahanlarında topladıqları ballar üzrə abituriyentlərin paylanması, rayon təhsil sektorları üzrə məlumatlar təqdim olunub və s. haqda müzakirələr aparılıb.

Həmçinin sual-cavab əsasında aparılan təhlillərin müxtəlif məqamlarına aydınlıq gətirilib və tövsiyələr dinlənilib.

Tədbirin birinci gününün yekununda humanitar, texniki və təbiət fənləri üzrə 2024-cü ildə keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının statistik göstəriciləri əsasında elmi-metodiki təhlil təqdim olunub.

Qeyd edək ki, müzakirələr iyulun 15-də buraxılış, iyulun 16-da magistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin təhlilləri ilə davam etdiriləcək.

Xəbər lenti