Logo

Üzeyir Hacıbəyovun yaradıcılığı və maarifçilik fəaliyyəti - FOTO

18.09.2023 21:57 175 baxış
IMG

Azərbaycan ictimai fikir tarixində özünəməxsus yer tutan görkəmli şəxsiyyətlərdən biri də dahi bəstəkar, milli operamızın banisi, istedadlı yazıçı, jurnalist, görkəmli pedaqoq, uşaqlar üçün dərslik müəllifi, musiqi məktəbinin və konservatoriyanın təşkilatçısı Üzeyir bəy Hacıbəyovdur.

Böyük bəstəkar Azərbaycan musiqisinin ən yaxşı ənənələrini inkişaf etdirərək onu dünya səhnəsinə çıxarmışdır. Üzeyir bəyin ana laylası qədər həzin, eləcə də emosional musiqisini dinləyən hər kəs özünü, mənsub olduğu xalqı daha dərindən dərk edir, mənəvi-estetik cəhətdən zənginləşir. Çünki onun əsərlərinə insan qəlbini riqqətə gətirən, onda nəcib hisslər tərbiyə edən melodiklik və zəriflik xasdır. Uşaqlıq illərini musiqimizin beşiyi Şuşada keçirib, burada ikisinifli rus-tatar məktəbini bitirib, daha sonra tanınmış maarif ocağı Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında (1899-1904) təhsil alıb. Ü.Hacıbəyovun dünyagörüşünün formalaşmasında Qori Müəllimlər Seminariyasının böyük rolu olub. Təhsil illərində o, dünya mədəniyyəti ilə yaxından tanış olub, rus və Avropa musiqiçilərinin əsərlərini mənimsəyib, skripkada, nəfəsli alətlərdə çalmağı öyrənib. Seminariyanı bitirdikdən sonra Cəbrayıl qəzasının Hadrud kəndinə müəllim təyin olunub, burada o, rus dili, hesab, tarix, nəğmə və musiqi fənlərini tədris edib. Bakı şəhərinə gəldikdən sonra Bibiheybət məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirib. Üzeyir bəy “Səadət” məktəbində dərs dediyi dövrdə “Rustürk və türk-rus lüğəti”, “Hesab məsələləri” kitablarını  nəşr etdirib.

Ü.Hacıbəyov musiqi təhsilini artırmaq üçün Moskvada Filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında təhsil alıb.

O, bədii yaradıcılığa publisistika ilə başlayıb. Onun publisistikası mütərəqqi xarakter daşıyıb, xalqın azadlıq və maarifçilik uğrunda mübarizəsinə xidmət edib, bu gün də mahiyyətini və tərbiyəvi əhəmiyyətini itirməyib. Üzeyir bəy “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal” və digər mətbuat orqanları ilə əməkdaşlıq edib, orada dərc etdirdiyi müxtəlif yazılar, felyeton və məqalələrində qabaqcıl pedaqoji ideyaları təbliğ edib, ana dilinin tədrisi, məktəb şəbəkəsinin genişləndirilməsindən bəhs edərək, Azərbaycan müəllimlərinin I (1906) və II (1907) qurultaylarında qoyulmuş əsas məsələləri işıqlandırıb.

Ü.Hacıbəyov “İkinci il”, “Məktəb məsələsi”, “Müəllim ictimaiyyəti haqqında” məqalələrində hamılıqla ümumtəhsil hüququnu müdafiə edərək, tədris və təhsilin elmi-pedaqoji əsaslar üzərində qurulmasının zəruriliyini vurğulayırdı. O, təhsildə əsas yeri şüurluluq, sistemlilik, xəlqilik prinsiplərinə verirdi. “Dilimizi hansı vasitələrlə öyrənək və zənginləşdirək” adlı məqaləsində müəllif təhsilin ana dilində aparılmasının əhəmiyyətindən, dilimizin yad ünsürlərdən təmizlənməsinin vacibliyindən yazırdı.

O, “Xəbərdarlıq” məqaləsində milli məktəblər, maarif məsələlərinə toxunaraq  yazırdı: “Müəllimlik vəzifəsi çox çətin və məsuliyyətlidir. Hər adam onun öhdəsindən gələ bilməz, özünü müəllim adlandıran hər kəsə uşaqları tapşırmaq böyük bir xətadır. Təlimdən başqa uşaqların tərbiyəsi də müəllimin öhdəsindədir. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini poza bilər”. Digər məqaləsində Qori Seminariyasından bəhs edərək, Azərbaycan şöbəsinin Bakı, Tiflis və ya Şamaxıya köçürülməsinin zəruriliyini qarşıya qoyub.

Ü.Hacıbəyov “Ordan-burdan” sərlövhəli felyetonunda ermənilərin başqalarına aid olanları öz adlarına çıxarmalarına ironiya ilə yanaşır, onların işinin böhtan və ya təqlid olduğunu vurğulayır. Bu yazını oxuyarkən bu gün də ermənilərin Azərbaycan mədəniyyətinin incilərinə təcavüzü yada düşür, böyük bəstəkarın uzaqgörənliyini və onlar haqqında yazdığı həqiqətləri bir daha təsdiqləyir.

Üzeyir bəy Qori Seminariyasında rus dilində təhsil alıb, eyni zamanda gürcü və fransız dillərini də öyrənib. Bununla belə o, öz doğma ana dilini hədsiz dərəcədə sevir, onun Şərqdə yayılması ilə fəxr edirdi. O yazırdı: “Bizim dilimiz Avropa alimləri və filosoflarının rəyinə görə, ən vüsətli və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və hisslərini bəyan etməyə qadirdir”.

Ü.Hacıbəyov yaradıcılığında Azərbaycan dili ilə bağlı lüğətlərin tərtibi xüsusi yer tutub. 1907-ci ildə o, 120 səhifəlik iki hissədən ibarət “Türk-rus və rus-türk” lüğətini çap etdirib. Bununla da mədəniyyətimiz tarixində irəliyə bir addım ataraq bugünkü lüğətçiliyimizin ilk və layiqli nümunəsini yaradıb.

Üzeyir bəy  pedaqoji fəaliyyəti zamanı şagirdlərin dərs vəsaiti baxımından çətinlik çəkdiklərini görür və bu problemin aradan qaldırılması üçün çalışırdı. 1908-ci ildə tərtib etdiyi “Hesab məsələləri” dərsliyi Orucov qardaşları mətbəəsində dərc olunub. Dərslik 3 hissədən (birrəqəmli ədədlər, yuvarlaq onluqlar, ikirəqəmli ədədlər) ibarət olub, bura daxil edilmiş məsələlər pedaqoji tələblərə cavab verən ardıcıllıqla düzülüb. O dövrün pedaqoqları bu dərsliyi Azərbaycan məktəbləri üçün faydalı və lazımlı vəsait hesab ediblər. Dərslik M.Ə.Rəsulzadənin də diqqətini çəkib və “Tərəqqi” qəzetində onun haqqında məqalə dərc etdirib. M.Ə.Rəsulzadə kitabın tətbiqini tövsiyə edərək yazırdı: “...104 səhifədən ibarət təmiz və aydın surətdə asan Azərbaycan sadə türkcəsiylə tərtib olunmuş “Hesab məsələləri” adında bir kitab nəşr olunmuşdur. Mühərrirlərimizdən  müəllim Üzeyir Hacıbəyov cənablarının bu əsəri ibtidai məktəblərin 1-ci və 2-ci şöbələri  şagirdlərindən ötrü lüzumlu bir dərs kitabıdır...”.

Ü.Hacıbəyovun yaradıcılığı zəngin və çoxcəhətlidir. Onun ecazkar sənət əsərləri milli musiqi mədəniyyətimizin  zərif  inciləridir.

1908-ci ildə Bakıda H.Tağıyev teatrında göstərilən “Leyli və Məcnun” operası ilə Ü.Hacıbəyov bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazıb. Bunun ardınca 1909-1915-ci illərdə “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”  və s. operalarını bəstələyib.

Ü.Hacıbəyovun librettoları humanist mənalarına və bədii keyfiyyətinə görə sərbəst dram əsərləridir. “Arşın mal alan”, “O olmasın, bu olsun” dərin insani duyğuları ifadə edən, dolğun ictimai tiplər yaradan gözəl səhnə əsərləridir, müxtəlif dillərə tərcümə olunub, səhnədə müvəffəqiyyətlə tamaşaya qoyulub, dəfələrlə filmlər çəkilib.

1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” 1992-ci ildən Azərbaycan Respublikasının Dövlət Himni kimi qəbul edilib.

Onun şah əsəri “Koroğlu” operası türk xalqlarının qəhrəmanlıq əfsanəsi olan eyniadlı dastanından epizodlar əsasında hazırlanıb, Azərbaycan mədəniyyəti və incəsənəti tarixində özünəməxsus layiqli yer tutur.

Ü.Hacıbəyov 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil edib. Texnikum 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası ilə birləşib. Üzeyir bəy burada musiqi nəzəriyyəsi fənni ilə yanaşı, tar və kamançanın not üzrə çalınması dərslərini də aparıb.

1931-ci ildə Ü.Hacıbəyovun təşəbbüsü ilə Xalq çalğı alətləri orkestri, 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası yanında Dövlət Xor kollektivi təşkil edilib.

Ü.Hacıbəyov Azərbaycan gəncliyini savadlı, hərtərəfli inkişaf etmiş, seçdiyi sahədən asılı olmayaraq yüksək peşəkar mütəxəssis kimi görmək arzusunda idi.

O, müəllim adını şərəflə daşıyaraq, bilik və bacarığını böyük həvəslə tələbələrinə çatdırırdı.

Ü.Hacıbəyov həm də böyük musiqişünas alim olmaqla, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparıb.

Üzeyir bəy bütöv bir istedadlı bəstəkarlar, ifaçılar nəsli yetişdirib. Zəmanəsinin böyük və dünyaşöhrətli musiqi xadimlərindən olan Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Niyazi və başqaları onun yetirmə və tələbələridir.

Ü.Hacıbəyov əsl həyat universiteti keçib: Müasir Azərbaycanın professional musiqi sənətinin və Milli operasının banisi, SSRİ xalq artisti (1938), Azərbaycan EA-nın akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1941-1946), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1938-1948) olub.

Ümummilli Lider Heydər Əliyev Üzeyir Hacıbəyov yaradıcılığına yüksək qiymət verib, onun mədəniyyətimizə verdiyi töhfələr, eləcə də maarifçilik fəaliyyəti və azərbaycançılıq ideyalarının təbliğində xüsusi rolunu qeyd edib. Ulu Öndərin göstərişi ilə 1975-ci ildə Bakıda Üzeyir Hacıbəyovun ev-muzeyi açılıb.

1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanına əsasən, dahi bəstəkarın doğum gününün Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Ömrünü Azərbaycan musiqi təhsilinin, mədəniyyətinin inkişafına  həsr  etmiş  bu  böyük  şəxsiyyətin əziz  xatirəsini  təkcə musiqisevərlər deyil,  bütün xalqımız ehtiramla yad edir.

Ü.Hacıbəyov Azərbaycan pedaqoji fikir və təhsil tarixində silinməz iz qoymuş, müstəsna zəka sahibi, musiqi mədəniyyətimizin korifeyi, görkəmli bəstəkar, maarifçilik ideyalarının carçısı, xalqına sədaqətlə xidmət edən böyük müəllim və alim, müdrik, nəcib insan kimi yaddaşlarda qalacaqdır.

Zülfiyyə ŞİRİYEVA,

Xalq Təhsili Muzeyinin direktor müavini

 

Xəbər lenti