Logo

Türk dünyasının məhvinə hökm edən “Vəsiyyətnamə”

18.03.2023 19:49 478 baxış
IMG

Bu günlərdə 20-ci yüzilliyin əvvəllərində fəaliyyətdə olan dövrü mətbuatı gözdən keçirirdim. “Dirilik” jurnalının 1 iyun 1915-ci il tarixli 16-cı sayında diqqətimi bir məqalə cəlb etdi – “Rusiya İmperatoru Böyük Petronun “Vəsiyyətnamə”si”.

Sovet dövründə gizli saxlanılan, “Rusiyanın hüdudlarını genişləndirmək...” hökmü və “parçala, hökm sür” prinsipi ilə başlanan bu “Vəsiyyətnamə”ni oxuduqca bir çox qaranlıq mətləblər aydınlaşır.

Ömrü boyu gözü türk torpaqlarında və sərvətlərində olan I Pyotrun “Vəsiyyətnamə”si 12 bənddən ibarətdir. 9-cu bənd bütünlüklə Böyük Türk dünyasının məhvinə həsr edilib: “Rusiya dövlətini o vaxt dövlət adlandırmaq olar ki, paytaxtını bütün Asiya və Avropa xəzinələrinin açarı olan İstanbulda qərar vermiş hənəfül-imkan ola. Əlhal çalışıb İstanbulun Qərb civarına sahib olmalı. Əlbəttə, İstanbula sahib olan padşah aləmdə padşahlar padşahı olacaqdır. Vəqt fovt etmədən Gürcüstanı və Qafqasiyanı zəbt və təsxir edib İranın daxili hakimlərini özünüzə xadim və müti edəsiniz. ...Türkiyəni Avropadan çıxarmalı, bu şərtlə ki, Avstriya bu yoldaşlıqdan fayda edə bilməsin. Rus dövləti həmişə müharibə ləvazimatı tədarük edib, hazır olmalıdır. İşin axırında sair məmləkətlərin hamısını öz məmləkətinizə ilhaq edib bütün dünyaya sahib olarsınız”.

“Vəsiyyətnamə”ni oxuduqca məlum olur ki, I Pyotrdan üzü bəri Rusiyaya rəhbərlik edən hər kəs çalıb-çapmaqla, qan-qadayla imperiya qurublar. Çar imperiyası, Sovet rus imperiyası... “Biz bir daha imperiya qurmayacağıq” (Yeltsin) söyləsələr də bacarmadılar. Ərazisinin və əhalisinin böyüklüyünə baxmayaraq, bu “məmləkət” abad ola bilmədi. Yellə gələn, sellə getdi.  

Rus tarixçiləri yazır: “... son iki əsrdə bu məmləkət hər 20-30 ildən bir qaynayır, yığılanı yel aparır. 1801, 1825, 1856-66, 1881, 1905-07, 1917, 1937, 1956, 1985... 1991-ci ildə isə imperiyanın günü lap qara gəldi”. “Dünyanın ən qüdrətli ölkəsi”, “şər imperyası” – SSRİ dağıldı. Amma “imperiya təfəkkürü” qaldığı üçün “ruhu hələ diridir”. Onu yenidən yaratmaq (daha dəhşətlisini), yaşatmaq üçün I Pyotrun nəvə-nəticələri hər dona girirlər. Ona görə çox ayıq-sayıq olmalıyıq. Unutmayaq ki, “dərk edilməsi çox çətin olan bu müəmmalar ölkəsini, Rusiyanın ən böyük vətənpərvər yazarı M.Y.Lermontov belə qiymətləndirib: “Əlvida, Rusiya, əlvida ey natəmiz diyar, ağalar-qullar ölkəsi”.

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

Xəbər lenti