Logo

Pеdaqoji konflikt, onun səbəbləri və növləri

02.02.2023 19:37 882 baxış
IMG

Təhsil sistemində pedaqoji konfliktlər bu fəaliyyətin optimal təşkilinə maneçilik yaradır.

Təhsil sistemi qarşılıqlı təsirin sosial institutu kimi həyatın bütün sahələrini əhatə edir. Sosial-pedaqoji prosesdə ziddiyyət və konfliktlər maksimal səviyyədə təhsil sistemi və cəmiyyət arasında meydana çıxır. Ortaya çıxan konfliktlərin və ya ziddiyyətlərin orta həddini bir tərəfdən, müdriyyət (təhsil sisteminin müxtəlif səviyyəli rəhbərləri) və müəllimlər arasındakı, digər tərəfdən müdriyyət və valideynlər arasındakı, başqa təhsil müəssisələri və şagirdlər arasındakı ziddiyyətlər təşkil edir.

Aşağı səviyyədə ziddiyyətlər “müəllim-müəllim” və “valideyn-şagird” sistemində gerçəkləşir. Bütün saydığımız bu konfliktləri şaquli konfliktlərə aid etmək olar.

Cəmiyyət və təhsilin qarşılıqlı təsiri zamanı meydana çıxan konfliktlərin yaranma səbəblərini bu şəkildə qruplaşdırmaq olar:

- davamlı və məqsədyönlü yeni təhsil siyasəti (təhsil sisteminin inkişaf strategiyası) konsepsiyasının olmaması;

- təhsil sisteminin maliyyə və maddi-texniki təminatının yetərsizliyi və s.

Bununla belə vəsait çatışmazlığı bu tip neqativ nəticələrə gətirib çıxara bilər:

- sosial-əmək konfliktləri, tətillər, mitinqlər, dövlət müəssisələrində piketlər, aclıq və digər etiraz formaları, tədris müəssisələrinin vəsait çatışmazlığı (istilik, elektrik, təmir və s.) üzündən bağlanması;

- təhsil işçilərinin öz işlərinə görə maddi şəkildə mükafatlandırılmaması. 

Orta məktəbin müəllim kollektivi üçün konfliktlərin yaranma səbəbi bunlardır:

- bir-birinə taktik münasibətlərin olmaması, dərs cədvəlinin əlverişli olmaması;

- məktəbə yeniliklərin tətbiq olunmaması;

- pedaqoji yüklərin qeyribərabər şəkildə bölünməsi; inzibati və maddi sui-istifadə.

Müəllim mühitində konfliktlərin əksəriyyəti dərs yükü problemindən yaranır. Müəllim mühitində konfliktlər və gərginliyin artması səbəblərinə sosial-pedaqoji prosesin digər iştirakçıları tərəfindən (məktəb müdriyyəti, yüksək təhsil orqanlarının işçiləri, şagirdlərin valideynləri və özləri) müəllimlərin təqsirləndirilməsi, müəyyən əməkdaşların istifadə etdiyi əsassız güzəşt və imtiyazlar, digərlərinin çatışmazlıqlarına dözümsüzlük və əsəbilik, yüksək özünüqiymətləndirmə, psixoloji uyuşmazlıq və s. şəklində təzahür edən ünsiyyət çətinlikləri də aiddir. 

Hal-hazırda ölkəmizdə bu problemlərdən əziyyət çəkən yüzlərlə müəllim vardır. Bu münasibətlərə əsas zərbə vuran müəllim-valideyn münasibətidir. 

“Müəllim-valideyn” sistemində konfliktlərin yaranma səbəbi şagirddir. Müəllimlər bir qayda olaraq valideynləri uşaqların təlim-tərbiyə prosesindən kənarlaşdırmaları ilə, valideynlər isə öz növbəsində müəllimləri uşaqlara münasibətdə səriştəsizliklə təqsirləndirirlər. 

Bu problemin yaranma səbəblələri nədir? 

Şagirdlərin dərslərini pis oxuması, uşaqlarla valideynlərin anlaşmamaqları, münasibətlərdə kobud və səbirsiz olmaq, uşaqların müstəqillik üçün mübarizəsi, valideynlərin uşaqların xahiş və tapşırıqlarını yerinə yetirməmələri, ailədə sosialpsixoloji mühitin uğursuzluğudur.

Biz daimi olaraq müəllimi günahlandırıb töhmət verdikcə heç bir şagird və valideyn müəllimə hörmət etməz.

Əli Ələkbərov

Xəbər lenti