Logo

"Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir" - MÜSAHİBƏ

27.05.2022 14:36 205 baxış
IMG

Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qətibə Məmmədovatibə ilə olan müsahibəni təqdim edirik:

- Müəllim olmaq sizə görə nə deməkdir?

- Müəllim – ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır...

- Müəllimlik peşəsinə şagirdlərdə və gənclərdə həvəsi necə formalaşdırmaq lazımdır?

- Əvvəla, şagirdlər və gənclər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun olan, sevgi dolu bir insan görməlidirlər. Çünki müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz gələcəyini, öz ümidini müəllimə etibar edir. Müəllim bu etibarı lazımınca qoruyub saxlayarsa, qarşısında əyləşən şagirdlərdə bu həvəs istər-istəməz  formalaşacaqdır.

- Azərbaycan dili fənninin tədrisində vacib olan məsələlər hansılardır? Siz hansı üsul və vasitələrdən istifadə edirsiniz?

- Ana dili millətin mənəvi diriliyidir. Hər kəs öz anasını sevdiyi qədər ana dilini də sevir. Azərbaycan dili doğma dil, vətən dili xalqın  varlığıdır. Bu varlığın qorunub saxlanması və gələcək nəsillərə  saf və  təmiz şəkildə çatdırılması üçün biz müəllimlərin qarşısında böyük və vacib məsələlər durur. Birinci növbədə müəllimin nitqi aydın, təmiz, zəngin olmalıdır. Varvarizm və vulqarizmlərdən istifadə etməməlidir. Dərs prosesində jest və mimikadan yerli-yerində istifadə etməlidir. Müəllim əsl natiqlik sənətinə yiyələnməlidir.

- Şagirdiniz sizə nə üçün müəllim olmalıyam desə cavabınız nə olardı?

- “Təhsil Haqqında” qanunda təsbit olunduğu kimi, “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.” Əgər müəllim olsanız, bu sizin  əsas məqsəd və vəzifəniz olacaqdır. Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N.Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir.

- Müəllim inkişaf etdirmək üçün hər zaman inkişafda olmalıdır və siz müəllimin inkişafını nədə görürsünüz?

- Müəllim hər zaman yeniliklərdən qaçmamalı, onları öyrənməli, öz iş təcrübəsinə tətbiq etməlidir. Müəllim çevik zəkalı olmalıdır. Yeniliklərin üzərinə getməli və onları araşdırmalıdır. Problemlərdən qaçmaq olmaz. Elm problem deyil, elm insanı kamilləşdirir. Ona görə də hər zaman öyrənmək lazımdır.

- Şagirdlər müxtəlif fənləri fərqli səbəblərdən sevirlər. Tədris apardığınız sinifdə şagirdlərin sizin fənninizə marağı necədir?

- Bu gün hər kəsin yaddaşında ona ilham verən bir müəllim xüsusi yer tutur. Tədris etdiyim fənnin dərinliklərini şagirdlərə başa salır, onların nələrlə maraqlandıqlarını öyrənir və onlara dəstək oluram. Şagirdlərin müəllimlərini sevməsi təhsildə uğurun əsas şərtlərindən biridir. Çalışmışam ki, həmişə şagirdlərimin sevimli müəllimi olum. Belə ki, şagirdlər onları sevən müəllimlərin sevgisinə qarşılıq verirlər. Xoşbəxt müəllimlərdən hesab olunuram. Çünki müəllim şagird tərəfindən sevilirsə, deməli, şagird onun tədris etdiyi fənni  sevir və ona olan marağı daha böyükdür.

- Bir sinifdə bütün şagirdlər çalışqan ola bilərmi?

- Məncə, xeyr. Əslində, məktəb cəmiyyətimiz üçün layiqli vətəndaş və şəxsiyyət yetişdirir. Müəllimin əsas vəzifəsi bilikli, dünyagörüşlü, vətənini, torpağını, xalqını, o cümlədən, məktəbini, müəllimini, valideynini sevən şagird yetişdirməlidir. Bu cür şagirdin formalaşmasında əsas amillərdən birini tərbiyə amili təşkil edir. Ona görə də bir sinifdə deyil, hətta bütün məktəbdə dərs alan şagirdlərdə tərbiyə amili güclü silaha çevrilməlidir.

- Müəllim həmkarlarınıza və müəllim olmaq istəyənlərə nə deyərdiniz?

- Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasına böyük rol oynayır. O çalışmalıdır ki, sənətini sevsin. Çünki sənətini sevən, dəyərli varlıq olan müəllim yorulmaz. Əldə etdiyi yeni-yeni uğurların sayəsində motivasiya olmağı bacarsın, daim yeniliklərin axtarışında olsun və dayanmadan özünü inkişaf etdirsin.

Xəbər lenti