Logo

Peşə təhsili sahəsində Azərbaycan–Türkiyə əməkdaşlığı genişlənir

16.12.2025 11:01 68 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər heyəti və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsinin İstanbul şəhərinə həyata keçirilən təcrübə səfəri çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Teknopark İstanbul Peşə və Texniki Anadolu Liseyi arasında qardaşlıq protokolu imzalanıb.

TƏHSİL.BİZ xəbər verir ki, Teknopark İstanbul Peşə və Texniki Anadolu Liseyi informasiya və kommunikasiya texnologiyaları, süni intellekt, eləcə də kibertəhlükəsizlik istiqamətləri üzrə Türkiyənin qabaqcıl peşə təhsili müəssisələrindən biri kimi tanınır. Müasir texnoloji infrastruktura, innovativ tədris mühitinə və sənaye ilə sıx əməkdaşlıq modelinə malik olan bu təhsil müəssisəsi peşə təhsilinin inkişafında mühüm rol oynayır.

İmzalanmış qardaşlıq protokolu çərçivəsində tərəflər arasında tələbə mübadiləsinin həyata keçirilməsi, müəllim və inzibati heyətin təcrübə mübadiləsi, eləcə də peşə təhsili sahəsində birgə layihə və təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. Bu əməkdaşlıq iki ölkə arasında peşə təhsili sahəsində əlaqələrin daha da gücləndirilməsinə, innovativ yanaşmaların paylaşılmasına və insan kapitalının inkişafına töhfə verəcəkdir.

Səfər proqramı çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər heyəti İstanbul şəhərində fəaliyyət göstərən bir sıra peşə və texniki təhsil müəssisələrini də ziyarət edib, tədris prosesi, maddi-texniki baza və tətbiq olunan müasir təhsil modelləri ilə yaxından tanış olub.

Aparılan görüşlər zamanı gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı faydaya əsaslanan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Bu səfər Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsi, qardaş təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi və uzunmüddətli əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Xəbər lenti