Logo

BMU-da “Karyera həftəsi” çərçivəsində növbəti sərgi təşkil olunub

16.12.2025 21:07 30 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Karyera Həftəsi 2025” çərçivəsində sonuncu sərgi İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbə və məzunları üçün keçirilib.

Universitetdən bildirilib ki, sərgi ilə tanış olan rektor Yaqub Piriyev şirkət nümayəndələri, tələbə və məzunlarla söhbət edib, karyera imkanları, əmək bazarının tələbləri, o cümlədən universitet-sənaye əməkdaşlığı barədə fikir mübadiləsi aparıb. Qeyd edib ki, BMU-da informasiya texnologiyaları sahəsi üzrə ixtisasların inkişafı prioritet istiqamətlərdən biridir. Universitetdə kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və data analitikası üzrə müasir tədris proqramları tətbiq olunur. Tədris prosesi yenilənmiş laboratoriyalar, praktiki məşğələlər və sənaye ilə birgə layihələr əsasında həyata keçirilir.

Tələbə və məzunların əmək bazarına inteqrasiyasını sürətləndirmək, onların bilik, bacarıqlarını işəgötürənlərin real tələblərinə uyğunlaşdırmaq, habelə universitet ilə sənaye qurumları arasında əlaqələri daha da genişləndirmək baxımından xüsusi əhəmiyyət daşıyan sərgidə dövlət və özəl sektorun nümayəndələri gənclərə vakansiyalar, təcrübə proqramları və karyera imkanları barədə məlumat veriblər.

Sərgidə “Azercell Telecom”, “Azerconnect Group”, “Azin Telecom”, “Bestcomp Group”, “CyberPoint”, “Rəqəmsal Tibbi Həllər”, “SinaM”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Gənc Mentorlar Mərkəzi, “Bypass Academy”, “Datalent”, “Paşa Bank”, “ABB”, “SecOps Academy” kimi nüfuzlu dövlət və özəl qurumlar təmsil olunub.

Qeyd edək ki, BMU-da “Karyera həftəsi” çərçivəsində bütün fakültələrin tələbələri üçün ayrı-ayrılıqda və çox sayda müxtəlif şirkətlərin iştirakı ilə təşkil olunan sərgilər universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə, həmçinin gənclərin karyera planlamasına mühüm töhfə verib.

Xəbər lenti