Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 600-dən artıq əcnəbi tələbə təhsil alır.
Bu fikirləri müsahibəsində ADNSU rektoru Rüfət Əzizov deyib. O bildirib ki, sözügedən tələbələr bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alırlar: “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tarixən əcnəbi tələbələrin təhsil aldığı ali məktəblərdən biri olub. Bu baxımdan ölkədə həmişə lider universitetlərdən biri kimi tanınıb. Hazırda da universitetimizə əcnəbi tələbələrin cəlb olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Xüsusilə vurğulamaq istərdim ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində universitetimizə əcnəbi tələbələr qəbul olunur. Bununla yanaşı, digər dövlət qrantları və şəxsi hesablarına gələn əcnəbi tələbələrin də sayı artmaqdadır”.
Rüfət Əzizov qeyd edib ki, son dövrlərdə ADNSU-ya bir aylıq elmi tədqiqat təcrübəsi üçün gələn tələbələrin də sayı artıb. “Xüsusilə Qazaxıstan və Özbəkistandan olan magistrantlar universitetimizdə elmi-tədqiqat təcrübəsi keçmək üçün qısamüddətli proqramlara qatılırlar”, - deyə rektor bildirib.