Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimi olub.
Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ADNSU-nun birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən ADNSU-nun rektoru Rüfət Əzizov bu konfransın ölkənin elmi həyatında uzun illərdir mühüm platforma rolunu oynadığını bildirib. Builki konfransda Dayanıqlı İnkişaf Məqsədlərinin əhatə olunduğunu deyən rektor statistik göstəricilərə əsaslanaraq qeyd edib ki, NASCO XXVIII konfransı 609 iştirakçı ilə ümumi göstəricilər üzrə liderdir. Eyni zamanda, qəbul edilmiş məqalələrin sayı 600-ü ötüb.
Konfrans haqqında geniş təqdimatla çıxış edən rektor onu da diqqətə çatdırıb ki, konfransa Azərbaycandan 61, xarici ölkələrdən isə 11 ali təhsil müəssisəsi və institutun doktorant və gənc tədqiqatçılarının tezisləri qəbul olunub. Rektor ADNSU-da gənc alimlər üçün yaradılmış müasir elmi mühitdən və gənc tədqiqatçıların təşviqinə yönəlmiş imkanlardan danışıb və konfransın yaratdığı elmi imkanların bu istiqamətdə mühüm töhfə olacağını deyib.
Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkənin elm və təhsil sahəsində əldə olunmuş nailiyyətlər və prioritetlər barədə danışıb. Nazir vurğulayıb ki, elm və təhsil Azərbaycan üçün strateji prioritetdir və məqsəd yalnız nəzəri biliklərin artırılması deyil, həm də elmin iqtisadiyyat və cəmiyyətlə inteqrasiyasını gücləndirməkdir.
Emin Əmrullayev bildirib ki, sentyabrdan ölkədə tətbiq olunacaq yeni nəsil doktorantura proqramları gənc alimlərin elmi fəaliyyətlərini beynəlxalq standartlara uyğun aparmağa imkan verəcək. Ali təhsildə multidisiplinar yanaşmanın genişləndirilməsi, AMEA-da aparılan struktur islahatları, qrant və maliyyə mexanizmlərinin modernləşdirilməsi, startap ekosistemi və texnoparkların inkişafı Azərbaycanın elmi potensialını gücləndirib. Bu islahatlar və təşəbbüslər ölkəmizin elm və innovasiya sahəsində gələcək inkişafına əsas yaradır.
Nazir çıxışının sonunda bu konfransın gənc alimlər üçün elmi nəticələrin təqdimatı və fikir mübadiləsi baxımından vacib platforma olduğunu qeyd edib.
Rəsmi açılış mərasimindən sonra konfrans işini bölmələr üzrə davam etdirib.
Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində “Akademik Yusif Məmmədəliyevin ölməz irsi və müasir kimyanın perspektivləri”, “Elm əsaslı innovasiya” mövzularında panel müzakirələr və müxtəlif elmi istiqamətləri əhatə edən məruzələr dinləniləcək.
Konfransın keçirilməsində əsas məqsəd gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsini genişləndirmək və təcrübə paylaşımı üçün platforma yaratmaqdır.