Logo

AzMİU-da daha 3 yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib

16.12.2025 09:57 65 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsində təhsil ocağının 50 illik yubileyi çərçivəsində Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin Layihələndirmə departamenti olan “Hydrotrans Engineering Mühəndislik Mərkəzi” MMC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “AzVirt” MMC-nin dəstəyi ilə 3 yeni Təlim-Tədris Mərkəzinin açılışı olub.

TƏHSİL.BİZ xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki, universitetin 50 illik yubileyi çərçivəsində həyata keçirilən bu layihələr gənc mütəxəssislərin hazırlığında mühüm əhəmiyyət kəsb edir.

Təlim-tədris mərkəzlərin açılışının AzMİU-nun yarıməsrlik yubileyinə həsr olunmuş silsilə tədbirlərin mühüm hissəsi olduğunu nəzərə çatdıran professor Gülçöhrə Məmmədova vurğulayıb ki, dövlət və özəl sektorla əməkdaşlığın genişləndirilməsi, tələbələrin istehsalat təcrübələrinin bu təşkilatlarda təşkili və elmi-tədqiqat sahələrinin birgə inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Nəqliyyat fakültəsinin dekanı dosent Elçin Yusifzadə fakültənin mövcud ixtisaslar haqqında məlumat verərək təşkilatlarla əməkdaşlığın bu ixtisasların tədris keyfiyyətinin artırılması üçün geniş imkanlar açdığını qeyd edib. Elçin Yusifzadə tələbələrin istehsalat təcrübələrinin təşkilatlarla əməkdaşlıq çərçivəsində daha sistemli və effektiv təşkil olunacağına ümidvar olduğunu da bildirib.

Tədbir iştirakçıları yeni mərkəz və auditoriyalarda yaradılmış şəraitlə yaxından tanış olub, onların müasir avadanlıq və proqram təminatı ilə təmin olunmasını yüksək qiymətləndiriblər.

Açılışlardan sonra Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “AzVirt” MMC ilə AzMİU arasında əməkdaşlığın daha da genişləndirilməsi, tələbələrin təcrübə, staj proqramlarının, birgə layihələrin artırılması ilə bağlı müzakirələr aparılıb və ilkin razılıq əldə olunub.

 

 

Xəbər lenti