Logo

ADPU Corc Vaşinqton Universiteti ilə əməkdaşlığını 2030-cu ilə qədər davam etdirəcək

08.12.2025 13:09 91 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbi arasında yeni akademik müqavilə imzalanıb.

ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, magistratura səviyyəsində ikili diplom proqramı üzrə kadr hazırlığını nəzərdə tutan yeni müqavilə iki universitetin və Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirak etdiyi onlayn iclasda imzalanıb. 

İmzalanma mərasimi açan Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli vurğulayıb ki, 2020-ci ildən həayata keçirilən bu proqramın məzunları ölkəmizin təhsilinə əhəmiyyətli töhfə verməkdədirlər və bu uğurlu əməkdaşlığı davam etdirmək məqsədilə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Pedaqoji Universitetlə Corc Vaşinqton Universiteti "Təhsil və insan inkişafı" ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramının ikinci mərhələsinin həyata keçirilməsi üzrə yeni müqavilə imzalayırlar.

N.Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə ölkəmizdə dövlətin dəstəyi ilə həyata keçirilən ikili diplom proqramlarının sayının 8-ə çatdırılması və müddətinin 2030-cu ilədək uzadılması nəzərdə tutulur.

İkili diplom proqramının Corc Vaşinqton Universiteti tərəfindən proqram direktoru, dekan müavini Sevinc Məmmədova və ADPU tərəfindən proqram direktoru Tofiq Əhmədov diqqətə çatdırıblar ki, 2020-ci ildən 2025-ci ilə qədər davam edən birinci əməkdaşlıq dövrü olduqca uğurlu nəticələr verib və artıq proqramda təhsil alaraq təhsil idarəetməsi sahəsində ən qabaqcıl dünya təcrübəsinə yiyələnmiş 122 nəfər məzun gənc mütəxəssislər olaraq Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verməkdə, müxtəlif elmi-pedaqoji və təşkilati vəzifələrdə uğurla fəaliyyət göstərməkdədirlər.

Çıxış edən ADPU rektoru professor Cəfər Cəfərov qeyd edib ki, son beş ildə rəsmi tərəfdaşlıq kimi başlayan fəaliyyət bu gün etimad, ortaq məqsədlər və həqiqi akademik dostluq üzərində qurulmuş mənalı və məhsuldar bir əməkdaşlığa çevrilib. Bu əməkdaşlığın ən gözə çarpan nəticələrindən biri birgə proqram vasitəsilə 122 tələbənin məzun olması olub. Bu gün bu məzunlar ölkəmizin müxtəlif sektorlarında - təhsil, dövlət qulluğu, beynəlxalq münasibətlər, biznes və innovativ sənaye sahələrində uğurla çalışaraq əsl fərq yaradırlar.

Rektor bildirib ki, imzalanan yeni müqavilə də təhsilin, biliyin və tərəfdaşlığın dəyərinə olan ortaq inancı əks etdirməklə daha dərin əməkdaşlıq, daha geniş imkanlar və daha böyük təsir vəd edən yeni bir fəslin başlanğıcını qeyd edir. Əməkdaşlıq çərçivəsində qarşıdakı illərdə ikili dərəcə proqramlarının genişlənməsi, tələbələr və işçilər üçün mobilliyin artırılması, birgə tədqiqat mərkəzləri yaratmaq və beynəlxalq layihələrdə əməkdaşlıq etmək  kimi fəaliyyətlərin həyata keçirilməsi gözlənilir.

Çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin direktoru professor Lionel Hovard və məktəbin professoru Maykl Foyer uğurlu əməkdaşlıqdan və əldə olunan nəticələrdən məmnunluqlarını ifadə edib, Corc Vaşinqton Universiteti üçün Pedaqoji Universitetlə bu məhsuldar əməkdaşlığın böyük önəm daşıdığını vurğulayıblar. Xüsusən, Azərbaycan dövlətinin akademik sahəyə olan davamlı dəstəyini qeyd edərək, bunun ölkənin intellektual potensialının inkişafında olduqca müsbət rol oynadığını bildiriblər.

Məlumat üçün bildirək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə ADPU-nun Corc Vaşinqton Universiteti ilə birgə  həyata keçirdiyi “Təhsil və insan inkişafı” üzrə ikili diplom magistratura proqramı 2020-2025-ci illərdə uğurla icra edilib. Hazırda proqramdan məzun olan 122 nəfərdən 12 nəfəri Elm və Təhsil Nazirliyi və  tabe qurumlarda çalışır. Həmçinin məzunlardan 3-ü kollec direktoru, 2-si direktor müavini vəzifəsini icra edir, 7 məzun beynəlxalq təhsil layihələrinin icrasında fəal iştirak edirlər. 3 məzun Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili alır. Proqram üzrə 30-dan artıq məzun ADPU və digər ali təhsil müəssisələrində pedaqoji və inzibati fəaliyyətə cəlb edilib. Son iki ildə 40-dan artıq məzun iş yerində uğurlarına görə daha yüksək vəzifələrə irəli çəkilib.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli  Sərəncamına əsasən ADPU ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında ikili diplom magistratura proqramı üzrə akademik əməkdaşlığın davam etdirilməsinə qərar verilib, aparılan danışıqların yekunu kimi yeni müqavilənin imzalanması haqqında razılığa gəlinib.

Xəbər lenti