Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbələri Ayşə Mustafazadə və Orxan Yusifli “VerseTech” komandası ilə birlikdə Roma şəhərində keçirilən “Fibonacci International Robot Olympiad 2025” yarışında uğur qazanıblar.
TƏHSİL.BİZ xəbər verir ki, bu il keçirilən olimpiadada 18 ölkədən 623 komanda iştirak edib və yarışlar 21 texnoloji istiqamət üzrə təşkil olunub. “VerseTech” komandası isə iki kateqoriyada ölkəmizi təmsil edib. Belə ki, “HealthTech in Entrepreneurship” və “SoftTech in Entrepreneurship” nominasiyalarında birinci yeri qazanaraq Azərbaycan və ADNSU-nun adını beynəlxalq arenada zirvəyə yüksəldib.
Komanda hər iki kateqoriyada yüksək rəqabət şəraitində — biri 17, digəri isə 16 komandanın yarışdığı qruplarda liderlik göstərib. Qələbə yalnız təqdim olunan layihənin innovativliyi ilə deyil, həm də komanda sinerjisi, düzgün planlaşdırma, analitik yanaşma və real problemlərə tətbiq oluna bilən praktiki həlləri ilə mümkün olub.
Bu nailiyyət ADNSU tələbələrinin beynəlxalq yarışlarda yüksələn nəticələrinin, ölkəmizin innovasiya potensialının, həmçinin texnoloji inkişaf yolunda gənclərin fəal rolunun bariz göstəricisidir.