Logo

Müəllim nüfuzu: təlim-tərbiyədə müstəsna amil

04.07.2024 22:40 236 baxış
IMG

Nüfuz anlayışı şəxsiyyətin baxışlar sisteminin cəmiyyətdə çoxluq tərəfindən bəyənilmiş və qəbul edilmiş təsiri kimi başa düşülür. Başqa peşələrdə olduğu kimi, təhsil sahəsində çalışan pedaqoji işçinin, yəni müəllimin də nüfuzunun göstəricisi onun fəaliyyətində əsas yer tutan peşə keyfiyyətləri sayəsində müəyyənləşir. Təlim və tərbiyə bir-birinə sıx bağlı olub, eyni zamanda hər ikisi paralel inkişaf tələb edən komponentlərdir. Müəllimlik cəmiyyətin təhsil kimi ağır və strateji sahəsinin bütün məsuliyyətini daşımaqdır. Qədim zamanlardan tarixi şəxsiyyətlər, elm-sənət, dövlət və din adamları müəllim peşəsinə yüksək dəyər vermiş, onu cəmiyyətdə ən nüfuzlu və şərəfli peşə hesab etmiş, müəllim haqqında ən xoş və dəyərli fikirlərlərini söyləmişlər. İslam peyğəmbəri Məhəmməd əleyhissalama aid hədislərdə "Elmi beşikdən qəbrədək öyrənin", "Elm Çində də olsa, onun dalınca gedin", "Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun" - söylənilir. Həzrət Əli əleyhissalam isə müəllim ucalığını belə qiymətləndirib: "Mənə bir hərf öyrədənin köləsi olaram". Qədim yunan filosofu, Sokratın tələbəsi Platon müəllimlik peşəsini Tanrı sənətinə, dahi mütəfəkkir şairlərdən Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi yanan şama, Məhəmməd Füzuli isə gənc qəlbin memarına, Azərbaycanın ensiklopedik alimi və dövlət xadimi Nəsirəddin Tusi isə elmin çırağına bənzədib. Qədim yunan filosofu Sokrat hələ bizim eradan əvvəl müəllim əməyinə yüksək qiymət verərək belə söyləyib: "Dünyada hər şeyə dəyər vermək mümkündür. Lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz". Aristotel də müəllim əməyinə yüksək qiymət verərək yazıb: "Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu göstərib". Dünyanın böyük bir hissəsini tutmuş Mekodoniyalı İskəndər öz müəllimi Aristotel barədə belə bir ifadə işlədib: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə məni yerdən göyə qaldırdı". Məşhur sərkərdə Əmir Teymur vəsiyyət edərkən son sözündə öz müəlliminə olan sevgisini belə ifadə etmişdi: "Məni müəllimimin ayaqları altında dəfn edin". Türkiyə Respublikasının banisi və ilk prezidenti Mustafa Kamal Atatürk müəllimi şama bənzədərək yazır: "Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır".

Müəllim bütün fəaliyyəti dövrü öz enejisini, qəlbinin odunu, gözünün nurunu dərs dediyi şagirdlərinə bilik və tərbiyə öyrətməyə sərf edir. Ona görə də müəllimlik peşəsi güclü səbir və dözüm tələb edən və psixoloji gərginliyi olan peşədən biri hesab olunur.

Dünyagörüşü, meyl və maraqları, əqidəsi, baxışları, ideyası və sair keyfiyyətləri ilə seçilən, özünün fərdi təfəkkürü, sağlam həyat və davranış tərzi ilə fərqlənən müəllim, ictimai münasibətlərini və həyat tərzini də nüfuzuna uyğun formalaşdırır.

Azərbaycan təhsil tarixində müəllimin nüfuzu həmişə yüksək qiymətləndirilib. Nüfuzu necə qazanmaq, onu hansı yolla qoruyub saxlamaq məsələsi ilk növbədə müəllimin özündən aslıdır. Çünki müəllimin hərtərəfli inkişafı, peşə uğurları onun şəxsiyyətinin istiqamətlərinin nəticələri ilə ölçülür. Şəxsiyyətin fəaliyyətini özündə əks etdirən motivlər müəllimin nüfuzunu müəyyən etməyə köməklik göstərir. Müəllimlərin çalışdıqları pedaqoji kollektivlərdə hörmət-izzəti, nüfuzu, avtoriteti olmalıdır. Lakin müxtəlif səbəblərdən hamı bu keyfiyyətlərə nail ola bilmir. Məktəbdə və ya başqa müəssisədə sözü keçmədiyinə görə, hörmət-etibarı olmadığı üçün kimlərsə nüfuz qazana bilmir. Şəxsi nüfuzunu formalaşdırmaq üçün insan öz dünyagörüşünü, ictimai baxışlarını, peşə qabiliyyətini və digər bacarıqlarını inkişaf etdirməklə yanaşı, şəxsi davranışına və fərdi hərəkətlərinə xüsusi diqqət yetirməli, ətrafındakı insanlarla mədəni və ünsiyyətcil olmalı, onlarla normal münasibət yaratmalıdır.

Hər bir insanın həyatında müəllimin rolu vardır. Müəllim ilk işə başlayan gündən cəmiyyət, dövlət, məktəb və ailə qarşısındakı məsuliyyətini düzgün başa düşür. Müəllim gələcəyin mühəndisini, həkimini, müəllimini, hüquqşünasını, siyasətçisini, iqtisadçısını, hətta ölkəni idarə edən rəhbərləri yetişdirməyə qadirdir.

Uşaqları həyata hazırlamağı təlim-tərbiyənin, o cümlədən, müəllimlərin başlıca vəzifəsi hesab edən məşhur pedaqoq K.D.Uşinski yazırdı: "Əgər biz həkimlərə öz sağlamlığımızı etibar ediriksə, müəllimlərə uşaqlarımızın əxlaqını, ağlını, ruhunu, və bütün bunlarla bərabər, öz vətənimizin gələcəyini etibar edirik".

Müəllimin nüfuzunun yüksəlməsinə bir sıra amillər təsir edir. Bunlara müəllimin şagirdlərə öz övladı kimi baxması, şagirdlərini Vətənə, xalqa, millətə, ailəyə sədaqət ruhunda tərbiyə etməsi, dərs dediyi fənni yüksək səviyyədə bilməsi, dürüstlüyü və dəqiqliyi, nümunəvi şəxsi davranışı, özünüidarəni və sinifin idarəolunmasını tam təmin etməsi, valideynlərlə sıx əlaqə qurması və mütəmadi olaraq görüşlər keçirməsi, şagirdlər üçün qiymət şişirdilməsinə və ya qiymətlərin qəsdən aşagı salınmasına yol verilməməsi daim öz bilik və peşəkarlığını artırmağa çalışması, eləcədə də digər amillər aiddir.

Ümummilli liderimiz Heydər Əliyev müəllimliyə doğma peşə kimi yanaşır, onu ürəkdən sevir, yüksək qiymətləndirirdi. Respublikaya rəhbərlik etdiyi hər iki dövrdə o, müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşmış, müəllimlərin cəmiyyətdə nüfuzunun daha da yüksəlməsi üçün var qüvvəsini sərf etmişdi. Dahi rəhbər müəllim haqqında belə bir yüksək ifadə işlədərək bu peşə sahiblərinin nüfuzunu daha da ucaltmışdı: "Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahi naminə vicdanla işləməyi, müdrikliklə və səbirlə bizə öyrətmişdir və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirələrini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq". Başqa bir görüşdə müəllimlik peşəsindən böyük sevgi ilə söz açan Ulu öndərimiz: "Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq" - demişdi. Və ona təqdim edilən fəxri adlardan ancaq "Xalq müəllimi" adını qəbul edərkən: "Mən Azərbaycanın sadə vətəndaşıyam, Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir" - söyləmişdi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təhsil sahəsinə ayırdığı böyük diqqət və qayğı, Birinci vitse-prezident Mehriban Əliyevanın məktəblərimizin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılaraq təlim-tərbiyənin müasir tələblər səviyyəsinə qaldırılmasında, mövcud ptoblemlərinin həll olunmasında rolu əvəzsizdir, hər cəhətdən təqdirəlayiqdir. Son dövrdə respublikamızda pedaqoji kadrların təkmilləşdirilməsi, kadr potensialının peşə keyfiyyətinin və bacarıqlarının yaxşılaşdırılması sahəsində görülən işlər, təhsilin idarəolunmasında, dünyanın ən qabaqcıl təlim üsullarının və texnologiyalarının təhsil sahəsinə gətirilməsi sahəsində əldə edilən uğurlar məmnunluq doğurur. Hazırda təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması və onun idarəolunmasının yenidən qurulması işləri uğurla həyata keçirilir. Bütün yuxarıda adları qeyd edilən iş və peşə keyfiyyətinin daha da yaxşılaşdırılması üçün lazımi addımlar atılır.

Prezident İlham Əliyev təhsil sahəsindəki nailiyyətlərə xüsusi diqqət yetirərək deyib: "Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin zəhməti və gündəlik fəaliyyəti durur". Cənab Prezident bütün sahələr üzrə Azərbaycanın iqtisadi-sosial inkişafını təhsilin və tərbiyənin inkişaf sürətində görür və əsas diqqəti bu strateji sahəyə cəlb etməyin zəruruliyini vurğulayır. Dövlət başçısı Azərbaycanın mövcud inkişaf strategiyasında təhsilin vəzifələrini bu şəkildə açıqlayır: "Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyatı əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi surətlə moderniləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricilərinin ən yüksək səviyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəllimin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir".

2020-ci ildə 44 günlük Vətən müharibəsində 30 illik düşmən əsarəti altında olan torpaqlarımız xalq-iqtidar-ordu üçlüyünün dəmir yumruq kimi birləşməsi nəticəsində tamamilə işğaldan azad olundu. Həmin şanlı zəfərimiz son dövrdə gənc əsgər və zabitlərimizin vətənə məhəbbət və torpağa sevgi ruhunda təlim-tərbiyə almasında müəllimlərimizin rolunun və nüfuzunun xeyli artmasına parlaq sübutdur.

Müəllim öz sahəsində ən azı 10 il işlədikdən sonra bu peşəyə tam mənada yiyələnə bilər. Ona görə də işlədiyi məktəbdə, yaşadığı kənddə, rayonda və ya şəhərdə hörmət, nüfuz qazanması üçün xeyli vaxt tələb olunur. Müəllimin normal nüfuz qazanması üçün onun kifayət qədər psixoloji hazırlığı olmalıdır. Çünki müəllimlik ən böyük psixoloji güc, çox səbirli, dözümlü yanaşma tələb edən 5 həssas peşədən biri, bəlkə də, birimcisidir.

Son zamanlar guya cəmiyyətimizdə müəllim nüfuzunun xeyli aşağı düşdüyü barədə fikirlər səslənir. Mən bu fikirlə razılaşmır, onu əsaslı saymıram. Bu mövzuda hazırkı dövrün şərtlərini nəzərə almadan mülahizə yürütmək olmaz. İndi dünya, demək olar ki, hər gün dəyişilir, yenilənir, günbəgün fərqli məlumatlar, cürbəcür müasir texnologiyalar, qabaqcıl yanaşmalar, yeni təlim üsulları ortaya qoyulur. Bütün bunlar da müəllimlik anlayışına yeni münasibət tələb edir. Ona görə də müəllim-şagird münasibətləri indi əvvəlki dövrlərdəki qədər qapalı, məsafəli deyil. Ancaq peşəkar müəllimlərə yenə də dərin hörmət bəslənilir, onlar indi də öz nüfuzlarını qoruyub saxlayırlar. Nə qədər ki, öyrətmə və öyrənmə prosesi vəhdət halında davam edəcək, müəllim nüfuzu, müəllim şəxsiyyəti hər zaman gərəkli və dəyərli qalacaq.

Xəbər lenti