Logo

Müəllim-şagird münasibətləri necə olmalıdır? - MƏQALƏ

22.05.2023 15:35 1218 baxış
IMG

Məktəb təhsil sisteminin əsasını təşkil edən, təlim və tədris prosesinin baş verdiyi, məktəbdaxili sosial münasibətlərin qurulduğu yerdir. Məktəbdaxili münasibətlər həm tədris prosesinin məhsuldarlığına, həm də şagirdlərin akademik göstəricilərinə təsir edən mühüm amillərdəndir. Bu əlaqələri “müəllim-şagird münasibətləri”, “şagird-şagird münasibətləri”, “şagirdməktəb-cəmiyyət münasibətləri” kimi kateqoriyalara bölmək mümkündür.

Şagirdlər vaxtlarının çox hissəsini məktəbdə müəllimləri və sinif yoldaşları ilə keçirirlər. Müəllim şagirdlər üzərində əhəmiyyətli nüfuza malik olduğundan müəllim-şagird münasibətləri digər mübnasibət növlərinə görə təhsilin keyfiyyətinə və şagirdlərin fərdi, mədəni inkişafına daha çox təsir edir. Yaxşı bir müəllimə sahib olan uşaqların özünəinam duyğusu artır, dərs zamanı fəal olur, həm təhsil müəssisəsinə, həm də sinif yoldaşlarına qarşı daha humansit davranır. Lakin səriştəsiz müəllimə sahib şagirdlərin özlərinə inamı və öyrənmə səviyyələri aşağı düşür. Əslində, yaxşı-pis müəllim və yaxşı-pis şagird anlayışı yoxdur, sadəcə, düzgün ünsiyyət qura bilməyən şagird və kommunikativ bacarıqlarını inkişaf etdirməmiş müəllim vardır. Yəni, burada inkişafa ehtiyacı olan tərəf, sadəcə, onların bir-birlərinə olan yanaşmasıdır. Bu səbəblə müəllim-şagird arasında qarşılıqlı inam-dəyər-ünsiyyət-sevgi-hörmətə söykənən münasibətlər qurmaq çox vacibdir.

Bəs müəllim bu münasibətləri necə qurmalıdır?

Əvvəldə də qeyd etdiyimiz kimi, müəllim-şagird münasibətləri sağlam, inam, hörmət və sevgi çərçivəsində olarsa, müəllim sinfi rahatlıqla idarə edə bilər. Şagirdlər isə bilik, bacarıq və arzuolunan davranışlar nümayiş etdirərlər. Müəllim şagirdlərinə bilik və bacarıq qazandırdığı kimi, insanlara qarşı sevgi, hörmət, mərhəmət, dostluq, tolerantlıq, nizam-intizam kimi anlayışları da qazandırmalıdır. Bu vəzifə təhsil işçiləri üçün prioritetdir və daim özlərini daha da inkişaf etməlidirlər. Şagirdlər məktəbdaxili münasibətlərdə müəllimlərini özlərinə rol-model seçir və onların mənfi, müsbət bütün davranışlarını nümunə götürürlər. Müəllimin geyimi, hərəkətləri, danışığı, həmkarlarına və şagirdlərinə yanaşması şagirdlərin baxışını formalaşdırır. Məsələn; fənn müəllimi şagirdin akademik göstəricilərindən asılı olmayaraq ona xoş münasibət göstərərsə, şəxsiyyətinə hörmətlə yanaşarsa, bu şagirdin fənn müəllimini və fənni sevməsinə səbəb olacaqdır. Fənni sevən şagird onu daha yaxşı mənimsəyir, uğur qazanır. Müəllimin şagirdlərin dərs zamanı etdiyi səhvləri “düzəldilməsi mümkün olmayan” yanlış kimi göstərməsi, onlara yenidən cəhd etmək fürsətini verməməsi, xüsusən də bu səhvləri şagirdlərin bilikləri ilə əlaqələndirməsi, onlarda “qapalı-sabit düşüncə” tərzinin formalaşmasına gətirib çıxarır. Şagird isə səhvləri təhdid və verbal bulinq kimi görərsə, uğursuzluğunu öyrənməyə maneə hesab edər.

Bunlarla yanaşı müəllimin şagirdlərinin uğurlarına verdiyi reaksiyalar da çox önəmlidir. Müəllimlərindən “Afərin, çox ağıllısan!”, “Səndən ağıllısı yoxdur!” kimi uşaq zəkasına yönəlik ifadələri eşidən şagird səhv etdiyi zaman bunu gizlətməyə, utandırıcı vəziyyət kimi qəbul etməyə başlayar. Diqqətdən kənarda qalan səhvlər düzəldilmədiyi halda şagirdlərin öyrənmə keyfiyyəti aşağı düşər, dərindən öyrənmənin yerini səthi öyrənmə tutar. Bu isə təhsilin keyfiyyətini aşağı salar.

Bu zaman müəllimlər nə etməlidirlər? Amerika Stenford Universitetinin professoru Kerol Dvek deyir ki, “Uğuru tərifləməyi, xüsusən də onu zəka ilə əlaqələndirməyi dayandırmalıyıq. Səhvlərə qarşı isə cəzalandırıcı və alçaldıcı reaksiyalar verməkdən şüurlu şəkildə çəkinməliyik. Lakin zəka və intellekt yerinə, sadəcə, əməyi, səyi, bacarığı, fəalliyyəti təriflədikdə “açıq-çevik düşüncə” tərzi formalaşar. “Bravo, çox çalışdın! Çalışdığın zaman səndə alınır! Çalışsan, bunu bacararsan! Əla, həll yollarını tapmısan!” kimi ifadələr şagirdi fəaliyyət göstərməyə, bacarıqlarını inkişaf etdirməyə alışdırır, uğura inamı artır.

Həmçinin təcrübələr göstərir ki, müəllimin sinif daxilində hansısa bir şagirdə qarşı soyuq və qərəzli davranışı sinif uşaqlarının da həmin şagirdə qarşı mənfi münasibət bəsləməsinə gətirib çıxarır. Məktəbdə və sinifdə özünü hər şeydən və hər kəsdən təcrid olunmuş kimi hiss edən şagird ümumi nizam-intizam qaydalarını tez-tez pozur, hər fürsətdə dərsin gedişatına mane olmağa çalışır və qiymətləri heç vaxt qənaətbəxş olmur. Bu, onun sinif yoldaşlarıyla olan münasibətlərinə mənfi təsir etdiyi kimi, valideyin-məktəb əməkdaşlığına da mənfi təsir edir. Məktəblinin neqativ davranışlarının arxasında isə, sadəcə, diqqət çəkmək və varlığını sübut etmək istəyi durur.

Məktəb rəhbərliyi və müəllimlər şagirdlərlə sağlam ünsiyyət və münasibət qura bilmək üçün aşağıdakı mövzulara diqqət etməli və aktual saxlamalıdır:

1. İnam: Şagirdlər tədris prosesində uğursuz olduqda, sosial və davranış problemləri yaşadıqda məktəb rəhbərliyinin və müəllimlərin onları dinləyəcəyinə və anlayacağına inanmalıdır. Müəllimlər isə şagirdlərin hər zaman onlara güvənə biləcəklərini və inana biləcəklərini göstərməlidir.

2. Tərəfdaşlıq: Özünü məktəbdə güvəndə hiss edən şagird məktəbin bütün ictimai işlərində iştirak etməyə, müəllimləri və sinif yoldaşları ilə daim ünsiyyətdə olmağa çalışır. Lev Vıqostkiyə görə, idrakın inkişafı fərd və cəmiyyət arasında “dinamik” qarşılıqlı əlaqənin nəticəsidir. Cəmiyyətin şəxsə təsiri olduğu kimi, fərd də cəmiyyətə təsir edir. Sosial qarşılıqlı əlaqə şagirdlərin zehni inkişafında mərkəzi rol oynayır.

3. Səriştə/bacarıqlar: Şagirdlərin təhsildəki uğurları həm də müəllimlərin öz ixtisaslarını yaxşı bilməsinə və vəzifə bacarıqlarından yerində istifadə edə bilməsinə bağlıdır. Şagird müəllimin səmimiyyətinə, sevgisinə, biliyinə inandığı zaman təhsilin keyfiyyəti də artacaqdır. Burada müəllimin biliyi ilə yanaşı pedagoji ustalığı mühüm əhəmiyyət kəsb edir. Çünki müəllimin pedaqoji ustalığı məktəb-şagird-müəllim münasibətlərinin əsasını təşkil edir.

4. Empatiya: Sinifdə nizamlı və səmərəli dərs prosesinin gedişatı üçün müəllimin bəzən qaydaları yumşaltması lazım gəlir. Bəzən uşaqlar dərsə qulaq asmaq istəmirlər. Səriştəli və pedaqoji ustalığı yüksək olan müəllimlər informasiyanın şagirdlərə necə ötürüləcəyini bilir, sinfin mühitinə görə dərs proqramının formatını dəyişməyi bacarır, yeri gəldikdə qısa oyunlarla dərsin aktivliyini artırır.

Müəllim öyrənməni təmin edən və istiqamətləndirən, mənfi və müsbət yanaşmaları formalaşdıran şəxsdir. Yaşından, savadından, şəxsi keyfiyyətlərindən, temperamentlərindən asılı olmayaraq, şagirdi cəmiyyətin bir üzvü, fərdi kimi  görmək, onu sevgi və hörmətlə qucaqlamağı bacarmaq lazımdır. Şəxsiyyətinə hörmət olunan şagird pisixologiyası sağlam, zehni aydın və millətinə faydalı bir insan kimi yetişəcəkdir.

Cədvəl: Müəllimlər aşağıdakı cədvəldən istifadə edərək peşəkarlıqları və dərsin gedişatı ilə bağlı fikirlərini şagirdləri narahat edən mövzular haqqında öyrənə bilərlər.

Xanım Əsədova
ARTİ, Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin aparıcı mütəxəssisi

İstifadə olunan mənbələr:

1. Əjdər Ağayev. Seçilmiş əsərləri (III cild), Bakı, 2013.
2. https://www.unilibre.edu.co/bogota/pdfs/2016/mc16.pdf
3. https://www.scribd.com/presentation/135163766/Teacher-student-relationshippptx?utm_medium=cpc&utm_source=google_pmax&utm_campaign=3Q_Google_Perfor
mance-Max_RoW&utm_term=&utm_device=c&gclid=EAIaIQobChMIo4S9ksn-
_gIVvQ8GAB2VXgXWEAMYASAAEgKsIfD_BwE#

4. https://blogreklamedu.files.wordpress.com/2020/05/2_5289672088141956694.pdf

Xəbər lenti