Logo

İnsan özünü necə yandıra bilər? – Hekayə müzakirəsi

22.06.2022 21:58 420 baxış
IMG

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Təvəkgül Boysunarın “Börnaut” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Cavanşir Yusifli

Bitməyən müharibə hekayə(t)ləri - Cavanşir Yusifli yazır » Manera.Az

İnsan özünü necə yandıra bilər? Bəlkə, bununla bağlı yüzlərlə əhvalat, hadisə, fakt var, bəlkə...

Məsələn, bir dəfə belə kədərlənmişdim. Bir nəfər ev almaq üçün o qədər yaltaqlanmışdı, dəxli olan-olmayan o qədər adama yalaqlanmışdı ki, axırda ev ona veriləndə, əşyalarıyla bərabər ora köçən gün, gün işığının düşdüyü pəncərə yanında şəkil çəkib paylaşmışdı. Üzündə illərin yorğunluğu vardı, amma bu iztirab deyildi, əzab idi, insani deyildi, məşəqqət idi. Bu adam özünü gün işığında yox, əyilərək, quyruq altından keçərək yandırmışdı. Sonradan şüarı da bu olmuşdu: “Mən özümü yandırıram, sizə nə?” Həm də çoxunun qarşısında susduğu insani dəyərləri “unudaraq”... Ancaq, məncə, o heç nəyi unutmamışdı, sadəcə oyun oynadığı yerdə tələyə düşmüşdü. Həm də bu adam yaşamağın, var olmağın başqa bir yolunu görməmişdi, yaxud belə bir yol yox imiş...

Başqa bir özünüyandırma (burn-out) da var, Təvəkkülün hekayəsində olduğu kimi. “Nobel mükafatına namizədliyi qeydə alınmış” namizəd elə rahat və özünə görə inandırıcı danışır ki, insanları kəskin sözlərlə pərt edib anidən onların üzünə təbəssüm qondura bilir. Yalan danışır, doğrusunu deyir, birdən Mirzə Cəlilin qəhrəmanı demiş, ona qəribə bir xamuşluq üz verir, bilmədiyi dildə cümlələr qurur (Quran), bilmədiyi sahədən (ginekologiya) mühazirə oxuyur, amma ən əsası bütün bu hallarda əyləci tutmur, hər şey dilinin ucuna onun iradəsindən xəbərsiz gəlib-gedir.

Bu “şüursuzluq aktı”ndan sonra adını bilmədiyimiz qəhrəman (hə, Araz bəy – !), şübhəsiz ki, dərin sarsıntı keçirir, süfrəçiyə “yerimi bax, o qapının ağzında salın” – deyir və ən qəribəsi bu olayı hekayədə “sığallı bir dillə” danışır. Niyə? İllərlə içinə yığılan ağır enerjidən bu şəkildə qurtulan özünü yandıran adam indi başqa bir eksperimentin içindədir, özünü, onun əliylə qurulan tamaşanı seyr edir... Belə bir “xoşbəxtlik” hər kəsə nəsib olmur. Bu baxımdan, hekayənin kompozisiyası da zənnimizcə, normaldır, ətrafdakı qonaqların, masa arxasındakı insanların mimikaları, üz cizgiləri elə Arazın nitqinin “titrəşmələrindən” görünür, özü də yanıb-sönərək.

Baxın: “Masadakı şəxslərə təbəssümlə baxıb səliqəli və inandırıcı şəkildə cümləmi tamamladım və hiss etdim ki, deyəsən, vəziyyət düzəlir. Çünki onların bir çoxunun üzündəki çaşqınlıq yavaş-yavaş səngidi və yanımda ayaq üstə dayanmış şirkət direktoru öz yerinə keçdi”.

Hekayədə, ona qəribəlik bəxş edən, ortada oynayan psixoloji durumu dərində kadr arxasından göstərən mükəmməl bir detal var. “– Bismillahir rəhmanir rəhim, – deyə qışqırdım və çəngəli balığa necə möhkəm batırdımsa, çəngəl balığın o biri üzündən çıxıb boşqabı cingildətdi. Hamı təzədən mənə baxdı”.

İçindəki saxtakarlığı ram edə bilməyən adamın bu hərəkəti hər şeyə, elə onun özünə də nöqtə qoyur.

Nərgiz Cabbarlı

Nərgiz Cabbarlı: “Onlar bu mənasız söhbətlərə görə...” – Müsahibə

Təvəkkül Boysunarın “Börnaut” hekayəsi əvvəlcədən mənə tanış olsa da, təkrar oxudum və fikrim dəyişmədi. Bəli, öz yazı üslubu olan müəllifdir. Dili rəvandır, haqqında danışmaq istədiyi məsələni dəqiq bilir, təsvirə gətirməyə çalışdığı situasiya maraqlıdır (bəzi məqamlarda gözlənilən olsa da, həmçinin seçilən mövzunun – daha dəqiqi, təsvirə gətirilən situasiyanın səbəbi açıq qalsa da!), yazdığı hekayə bitkindir.

Gözlənilməzliklər isə (təhkiyə sahibinin özü də daxil) öz ironik çalarları və qəribəlikləri ilə oxucunu sual qarşısında qoya bilir (bu da yazıçı üçün vacibdir!): “bu niyə belə davranır, görəsən?” sualına isə gah “fanatik bir dindar olduğu üçün” (Bəli, hamı "Bismillahir rəhmanir rəhim" desin. Çünki əks halda cinlər də sizinlə bir yerdə sizin yeməyinizdən yeyəcək və nəticədə doya bilməyəcəksiz), gah “insanları ələ saldığı üçün” (adını bilmədiyi xanıma başqa bir adla müraciət edir və s.), gah içində yığılmış həqiqətləri püskürməyin belə bir yolunu tapdığı üçün (“Maşın kolleksiyası yığmaq üçün Nobel verirlərmi?” sualı), gah da, sadəcə, “ağlını itirdiyi üçün” cavabları meydana çıxır. Bu isə hekayəyə maraqlı bir dramatiklik gətirir. Əlbəttə, beyninin bir tərəfi hər kəs kimi etdiyi hərəkətə, davranışa təəccüblənərkən, digər tərəfi indiyəcən üzünü belə açmadığı “Quran”dan tərcümə edən qəhrəmanın gətirdiyi fikirlər ümumi halda onun qayəsinə uyğundur. Elə hərəkətlərinə də: “Vay halına o adamların ki, onlar var-dövlət yığırlar... Elə bilirlər ki, yığdıqları sərvət onları ölümsüzləşdirir. Elə deyil”. Və bu qənaət bu sözə qədər edilən rəftarı da, düşüncələri də oxucunu hekayə qəhrəmanının müdrikliyinə doğru daha çox istiqamətləndirir. Lakin bu hekayənin məğzi bu deyil. Adında gizlidir: “Tükənmişlik sindromu”nda. “Burne aut”da. Bəli, hekayədə yaradılan vəziyyətin dramatikliyi tükənmişliyə işarədir. Amma “Quran”dan təhtəlşüur olaraq edilən tərcümə oxucunu tam fərqli bir məqama yönəldir (Burada da tükənmişliyin payı ola bilər. Amma bu məqam, nədənsə, açıq saxlanılmış kimi görünür).

Hekayənin sonluğunun bir sərxoşun səhər oyanması ilə bitməsi müəllifin ortaya çıxardığı suallara və cavablara ironik bir nəticə kimi səslənir. Tükənmişliyin nəticələrindən biri olsa belə, sanki qaldırılan problemin (müəllif seçdiyi adla buna işarə etsə də) dərininə işlənməsi baş vermir. Yəni belə bir təəssürat: müəllif seçdiyi yolu sona qədər getmək istəməyib və ya gedə bilməyib (hansı səbəbdənsə?!).

Ayxan Ayvaz

Ayxan Ayvaz — Vikipediya

Bizə bu cür ənənədən uzaq hekayələr lazımdır. Hekayənin situasiyası, qeyri-adi, qəribə fikirləri ilə seçilən qəhrəmanı adamı oxumağa səsləyir. Özü də hiss elədim ki, hekayənin qəhrəmanı elə Təvəkgül kimi biridir. Çünki ilk dəfə onu görəndə mənə çox qəribə suallar verirdi. Bəlkə də, mətnin bu qədər güclü olmasının səbəbi də elə budur: Təvəkgül özünə kənardan baxmağı və özünü də müşahidə etməyi, özünü mətn kimi görməyi bacarır. Süjet gözünün qabağında dipdiri canlanır. Bircə bu canlılıq sonluqda öz əksini kifayət qədər tapmayıb. Əslində, sonluq da yaxşıdır, sadəcə bu situasiyanı müəllif daha da rəngləndirə bilərdi. Təvəkgülü təbrik edirəm və ona bircə məsləhətim var (əməl etsə, zirvələrə çıxmağı an məsələsidir): Təvəkgül Boysunar imzası ilə dünyaya, nəinki dünyaya, Azərbaycana çıxmaq mümkün deyil. İmza hər şeyi həll edir. İmza heç kimdə gülüş doğurmamalıdır. Çünki imza sənin mətnindən qabaq görünür. Ona görə də təklif edirəm, ya təkcə Boysunar olsun, ya da özünün tapdığı maraqlı bir ad. Təvəkgüllə olmur. Tək iradım budur, vəssalam.

Orxan Cuvarlı

Özü torpağın altında, saatı cibimdə... - Orxan Cuvarlı yazır

Hekayə ilk cümlədən adamı çəkir. Bu tempi axıradək saxlamaq çətindir, ustalıq tələb edir. Təvəkgül bunun öhdəsindən yaxşı gəlib. Hekayə texniki cəhətdən də uğurlu qurulduğundan həmin görüş, masa, insanların təəccübdən bərəlmiş gözləri, qeyri-adi qonağın rabitəsiz davranışları oxucunun təsəvvüründə daha da aydınlaşır. Yeganə iradım o ola bilər ki, müəllif hekayənin sonluğunda bəhs etdiyim enerjidən, tempdən azca uzaqlaşmışdı. Hekayəni geniş planda təhlil edəndə xırda nöqsanları keçmək olar. Zənnimcə, bu, Təvəkgüldən indiyədək oxuduğum ən yaxşı mətndir. Ondan elə bu ruhda mətnlər gözləyirəm. Təbriklər və uğurlar!

Xəbər lenti