Logo

"Şagirdləri “Georgi lenti” təsiri bağışlayan simvollarla görüntüləmək yolverilməzdir" - Təhsil Eksperti

12.05.2022 10:37 386 baxış
IMG

“Məktəblərdə 9 May gününə həsr edilən tədbirlərin keçirilməsi nəinki lazımdır, hətta təqdir olunacaq dərəcədə vacibdir. Çünki bu qələbə bir çoxlarının düşündüyü kimi Rusiyanın qələbəsi deyil, başqa xalqların nümayəndələri ilə birlikdə, həm də Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığının parlaq nümayişidir. Lakin bu kimi tədbirlərdə şagirdlərin yaxasında “Georgi lenti” təsiri bağışlayan qırmızı simvol və rus hərbçilərinə məxsus beretlərlə şəkil çəkdirmək və görüntüləmək əlbəttə ki, yolverilməzdir".

Bu fikirləri "Tehsil.biz"ə təhsil eksperti Nadir İsrafilov paytaxtın 164 nömrəli tam orta məktəbində müzakirələrə səbəb olan 9 May gününə həsr edilən tədbirdə məktəblilərin yaxasına "Georgi lenti" vurulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin acı görüntüləri, Rusiya ordusunun Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atması barədə yayılan xəbərlər fonunda görüntüdə əks olunmuş atributların bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olması da başadüşüləndir və təbii qəbul olunmalıdır:

"İstənilən halda bütün anlaşılmazlıqlara baxmayaraq, ictimai nəzarətin bir forması kimi sərgilənən ictimai qınaq digər məktəb rəhbərləri üçün də bu kimi məsələlərdə daha diqqətli və sayıq olmalarına yönəlik bir mesajdır. Bununla belə bu kimi məsələlər süngü və qalxanla deyil, həssaslıqla qəbul edilməli, müzakirə qızğın müzakirələrə yol açmamalıdır. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən tədbirlərdə Böyük Vətən müharibəsindəki qələbəmiz hər şeydən əvvəl bu böyük şəxsiyyətin qələbəyə verdiyi qiymətlə əlaqələndirilməlidir. Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi".

Nadir İsrafilov qeyd edib ki, bu ərəfədə məktəblərdə keçirilən tədbirlər ona xidmət etməlidir ki, uşaqlarımız, yeniyetmə və gənclərimiz bilsinlər ki, Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir:

"Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRI-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Qəhrəman oğullarımız öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Məktəblərdə 9 May gününə həsr olunan bu tip dərslər və tədbirlərin İkinci Qarabağ müharibəsinin 44 günü ərzində Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərinin azad edilməsi, Şuşaya üçrəngli bayrağın sancılması, Zəfər gününün təsis edilməsi kimi ibrətamiz faktlarla sıx və üzvi şəkildə əlaqələndirilməsi, 44 günlük Vətən müharibəsində Zəfər günü, xeyirin şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsi və şanlı zəfər tarixinin digər səhifələrindən söhbət açmaq, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsi üçün daha faydalı olardı, nəinki məktəbdə keçirilən sıradan olan bir tədbiri bu dərəcədə dramatikləşdirmək.." - deyə ekspert bildirib.

Fəqan Əzimli

Xəbər lenti