Logo

Şərqdə doğulub qərbdə batmayan günəş - Güney Mahmudovaya tələbələrindən xatirə...

30.11.2021 14:27 970 baxış
IMG

İngiltərə Maarifçilik dövrünün mütəfəkkirlərindən olan Con Lok düşünməyi ruhun üstünə yönələrək öz əməliyyatları haqqında məlumat əldə etməsi olaraq görürdü. Deməli, ruh işlək mexanizm funksiyasını yerinə yetirir: çərxi fırlanır, təkəri dönür. Hərəkətdə olan ruhumuzun sükanı isə öz əlimizdə... Cismin və ruhun vəhdəti isə işimizi "daha" ədatı ilə qüvvətləndirir: birlikdən dirilik yaranır. Beləcə, Anadolu türklərinin "anlamını" daha aydın anlayır, bizim tez-tez işlətdiyimiz "məna"nın mənasını açmış oluruq. Dostumuz, həm də ikinci özümüz olan ruhumuz bizə düşünmək, təsirlənmək, yazmaq üçün əlavə ruh verir.

Kantdan sonra günümüzə qədərki dövrün ən böyük filosofu olan Lüdviq Vitqenşteyn deyirdi ki, sən yalnız deyə bildiyini bilirsən. Biz də dənizdə ruhun yelkəninə, səmada ruhun qanadına sığınaraq fikirlərimizi deməyə, bu yazını da ruhun mürəkkəbilə ərsəyə gətirməyə çalışacağıq.

Bilirik ki, qrup yoldaşımız Dilşad Yusifova "Əsgər, yazının "giriş" hissəsi çox uzundur " deyəcək. Elə buradaca deyim ki, yazının hər sətrinə səthi yanaşmamaq üçün bu üsula "əl atdım". Çün, yazının hər sətri də, misralarımızın ünvanı olan müəlliməmizin xətri də bizə doğmadır. Dilşad da biləndəki yazının ünvanı tez bir zamanda qrup rəğbətini qazanan müəllimdir, bax, o zaman: "Ədə, həəə, səmimi, mehriban müəllimdir, yazmaq olar, üstəlik beş də artığını" - deyəcək. Biz Dilşadın qəlbini özündən yaxşı tanıyırıq... 

Bir zamanlar yaponiyalı yazar Xaruki Murakami Corc Oruel kimi tanıdığımız Erix Artur Bleyerin əsərindən mütəəssir olaraq, iki cildlik roman yazır.

Qrup yoldaşım məleykə xasiyyətli Məleykə Qafarovanın həlim səsindəki "Əsgər müəlliməmiz haqqında yazı yaz, mən də kömək edəcəm' - ifadəsinin təsiri gücümə güc qatdı. Düzü, məqsədimiz roman yazmaq deyil.  Murakaminin təbirincə desək, ən önəmli mükafat oxuculardı. Biz də bu yazını hər yeni oxucu üçün yazırıq: qoy, xatirəyə dönsün, oxunduqca təzələnsin...

Payız ayında qələmə alınan yaz təravətli yazının hadisə ardıcıllığı - fabulası noyabr ayına təsadüf edir.

Və hər şey belə başladı...

Noyabr ayının tən yarısından 1 gün ötmüşdü. Qrup uşaqları da 1 nəfər - Lamiyə Yaqubova istisna olmaqla hər kəs dərsə hazır idi.  Mövcud vəziyyətlə əlaqədar olaraq ilk dərs həftəsi onlayn qaydada keçirildi. Bu, adın belə çəkmək istəmədiyimiz bəlanın - virusun qarşısını almaq baxımından olduqca vacib addım idi. Bilirik ki, bədənin gümrah qalması, ruhun sarsılmaz qalası sağlıqdır. Atalarımız da gözəl deyib ki, sağlam bədəndə sağlam ruh olar. Fəqət, sağlam ruh olmasa... Bax, bu üç nöqtəni siz tamamlayın.

Ruh bədəndən üstün olduğu kimi, müəllim də sosial statusu, məqamı ilə valideyndən üstündür. Sokrat buyurur ki, valideynlər bizi göydən yerə endirdi, müəllim isə yerdən göyə qaldırdı. 

Aristotelin dərk edən ruhu isə bədəndən aslı deyil, müstəqildir. Demək ki, müəllim də bizi müstəqil həyata hazırlayan, göylərə ucaldan müqəddəs peşə sahibləridir.

Beləliklə, noyabr ayının 16-sı ilk mühazirə günü başlayır. Saat 10:15-i göstərir. Hər kəs "Blackboard" proqramı vasitəsilə dərsə qoşulub. Televiziya jurnalistikası fənnini tədris edən Güney Mahmudovanın səsini eşidirik. Güney müəllimə ilk gündən səsi ilə doğmalaşır. Sonradan isə Ayşən Qasımbəyli dediyi kimi, müəlliməmiz bizə doğmadan da doğma olur. Sidqlə, ürəklə ruhumuzu tərbiyələndirməyi bacarır. Hətta, ruhumuzun sığınacaq yerinə çevrilir Güney Mahmudova. Çünki o bizi anlamağı bacardı, biz də özümüzü onda görə bildik. Lixtenberqin də dediyi kimi, hər bir insan bütün insanların cəmidir.

Hər dərs günü hamıdan tez Məlahət Hacıyeva proqrama daxil olurdu. Sonra da məlahətli səsiylə: "Uşaqlar, gəlin, müəllimə burdadır" - deyə, bizi də dərsə qoşulmağa çağırırdı. Biz də tez bir zamanda Güney Mahmudovanın sözünün işığına yığışırdıq. Zamanın hansı surətlə keçdiyi isə sirr olaraq qalırdı. Dərslər müəllim-tələbə ruhu ilə pərvəriş tapır, milli ruh, milli düşüncəylə davam edirdi. Güney müəllimə Xarı bülbülün yarı olan Şuşa ucalığından söz açır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə noyabrın 7-də baş tutan Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlqoyma mərasiminin möhtəşəmliyi, vacib əhəmiyyətliliyi barədə bizlərə məlumat verir. Qrupumuzun ay parlaqlı nur qızı Aynur Binnətovanın bu mövzuda verilən suallara cavabı isə hər kəsdə xoş təəssürat yaradır.

Bu minvalla onlayn dərs gününün son akkordları 23 noyabrda tarixində həzin və xoş sonluqla vurulur. Qarşıda isə bizi sabahkı ənənəvi dərs gününün ilk zəngi gözləyir. Oxucu sabahı gözləyənə qədər, maraqlı bir məqamı xatırlatmağı özümə borc bilirəm. Deməli, ilk dərs günü, yəni 16 noyabr, həm də Beynəlxalq Tolerantlıq Günü olaraq qeyd edilir. Hesab edirəm ki, tarixin üst-üstə düşməsi heç də təsadüf deyil. Tolerant latın dilində dözmək, səbirli olmaq, göz yummaq mənasını ifadə edir. 
Bizim Güney müəllimə də gendən gələn kübarlıqla, yüksək mədəniyyətlə yaranan mübahisəni anındaca sülhlə, fərdiyyətçiliyi sevgi dolu harmoniyayla əvəzləyə bildi.

Bəlkə də indi işlədəcəyim fikir hardasa klişe səsləndi, ancaq həqiqət yüklüdür. Bu həyatda tələb edən deyil, sevərək öyrədən adam ucadır, xoşbəxtdir. Bu mənada Güney müəlliməni biz tələbələr uca bildik, uca gördük. Çünki o, heç vaxt heç nəyi tələb etmədi, əksinə sevə-sevə öyrətdi və biz tələbələr də eyni istəklə öyrəndik.

Məhz 24 noyabr ənənəvi tədrisin ilk günü Jurnalistika fakültəmizin nəzdində fəaliyyət göstərən Tədris tele-radio studiyası ilə bizi Güney Mahmudova tanış etdi. İlk dərsə də həmin studiyada başladıq. Adının mənasını xarakterinə yansıdan ciddi, yaradıcı və diqqətli Nübar Rzayevanın studiyada keçirilən ilk dərs günündən sonra əbədi yaddaşlarda qalacaq sözü belə oldu: "Müəlliməmiz kimi auditoriya - studiya da gözəldir".

Güney Mahmudova haqqında tələbə yoldaşlarımın dilindən eşitdiklərim xoş sözəri, dərs zamanı apardığım müşahidələri xatırlamağa çalışırdım ki, bu arada qrup rəhbəri İlahə Məmmədovadan telefonuma sms gəlir, elə müəlliməmiz barədə. Bu məqamda yadıma Divya Bharti və Şahrux Xanın baş rolda çəkildiyi "Ürək həqiqəti bilir" kinosu düşür. Mətləbdən gen düşmədən tez bir anda İlahə Məmmədovanın smsini oxuyuram: "Əsgər, hələ belə bir istilik görməmişdim. Güney müəlliməni deyirəm. Əzizi kimi ürəyini bizə açdı, bizi dinlədi, həm də əsl müəllim kimi işimizdə, peşəmizdə önəmli olacaq məqamlara toxundu. Tələbəni danışdırmağı bacardı. Əsl tələbə müəllimi belə olar!"

Qəlbinin təmizliyi İlahidən verilmiş İlahənin smsindən sonra yadıma qrupun əzizi Fatimə Əzizli düşür. Ötən dərslərin birində onunla özünə inamdan danışdıq. Söhbət əsnasında Fatimə dedi ki, Əsgər, deməli, inam insan istedadı imiş. Güney müəllimənin dərs danışarkən özümüzə inanmağımızı deməsindən sonra bunu daha dərindən anladım.

Bu gün təqvim 30 noyabr tarixini göstərir. Adəti üzrə qrup yoldaşlarım - qızlar vaxtından qabaq dərsdədilər. Bu birmənalı olaraq sevgidən, müəllim-tələbə ruhunun doğmalığından qaynaqlanır. Necə ki, Abdulla bəy Divanbəyoğlu Azərbaycan xanımının xoş gələcəyi üçün “Can yanğısı” povestini yazmışdı, eləcə də Güney müəllimənin canyanğısı, könül həmdəmliyi ilə qızlara olan sevgisi, valideyn qayğısı bir romana, əsərə bərabərdir. Aytac Babayevanın həcmcə kiçik, mənaca böyük sətirlərinə nəzər yetirək: "Güney xanım qəlbimizə ən gözəl hisslərin toxumunu səpdi. Bizə tək müəllimə yox, ailə oldu - valideyn kimi, dost oldu - bacı kimi. Yaxşı ki, bizim müəllimə oldu". 

Ay taclı Aytacın son cümləsi Nərmin Abbasova, Nərmin Zahidli, Xəlilə Yusifova, eləcə də mənim dilimdən bir daha yüksək səslə yazının sonunda səslənir:  "Əziz, Güney Mahmudova, yaxşı ki, bizim müəllimimiz oldunuz!" Oluşunuz mübarək...

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti