Logo

ADPU-da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

13.05.2025 16:53 73 baxış
IMG

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq və onların nailiyyətlərini təşviq etmək məqsədilə keçirilmiş “İlin gənc alimi və tədqiqatçısı” adlı müsabiqənin mükafatlandırılma mərasimi keçirilib. 

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri təkcə keyfiyyətli tədris deyil, həm də elmi-tədqiqat fəaliyyətinin inkişafıdır. Bu baxımdan, gənc alimlərin elmə marağının artırılması və onların fəaliyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Pedaqoji Universitet üçün gənc alimlərin inkişafını dəstəkləmək, onların elmi fəaliyyətini təşviq etmək bizim üçün strateji prioritetdir. Rektor bildirib ki, bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat sahəsində də gənclərin aktiv iştirakı olduqca vacib məsələdir və bu istiqamətdə  universitetdə sistemli işlər görülür.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında müsabiqə haqqında məlumat verib. Prorektor vurğulayıb ki, müsabiqə ötən il fəal, səmərəli fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai-siyasi həyatında fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi daşıyır. Universitetin Gənc alimlər və tədqiqatçılar şurasının təşkilatçılığı ilə keçirilən müsabiqədə  ADPU və onun filiallarında pedaqoji fəaliyyət göstərən, yaşı 39-a qədər olan gəncləri əhatə edən müsabiqədə  2 nominasiya –  “Riyaziyyat və təbiət elmləri”  və “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyaları üzrə qaliblər müəyyən edilib. “Riyaziyyat və təbiət elmləri” kateqoriyası üzrə Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müəllimi Aynur Məmmədova I, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Qumru Bəlaxanova II yerə layiq görülüb. “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyası üzrə Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev I, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi Ülkər Baxşıyeva II, Azərbaycan tarixi kafedrasının müəllimi Sahibə Musayeva və Şamaxı filialının Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şəlalə Seyidova III yerin sahibi olub.

Müvafiq olaraq, I yerin qalibləri 350 AZN, II yerin qalibləri 250 AZN, III yerin qalibləri isə 150 AZN pul mükafatı ilə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqə ADPU-da gənc alimlərin elmi fəaliyyətə marağını artırmaq, onların cəmiyyət üçün faydalı elmi nəticələr əldə etməsinə stimul vermək məqsədi daşıyır. Universitet rəhbərliyi tərəfindən belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.


 

Xəbər lenti