Logo

BDU-nun Sosial elmlər və psixologiya fakültəsində 6 ixtisas üzrə tələbə qəbulu aparılır

18.08.2023 20:00 271 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 8 kafedra, 2 elmi-tədqiqat laboratoriyası və “İNKİŞAF” respublika elmi-praktik mərkəzi fəaliyyət göstərir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Fakültədə Psixologiya, Sosial və pedaqoji psixologiya, Gender və tətbiqi psixologiya, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq, Fəlsəfə, Pedaqogika və Sosial iş kafedraları fəaliyyət göstərir.

Sosial elmlər və psixologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır.

Psixologiya ixtisası üzrə məzunlar praktik psixoloq kimi həm orta məktəblərdə, həm də müxtəlif psixoloji mərkəzlərdə, eləcə də ekstremal şəraitlər zamanı psixoloji xidmətin göstərilməsi zərurəti yaranan xüsusi qurumların struktur bölmələrində işləyə bilərlər.

Sosiologiya ixtisası üzrə məzunlar ictimai rəyin öyrənilməsi, sosioloji tədqiqatların aparılması, müvafiq sosial proqnozların hazırlanması, sosial informasiyaların təhlili və s. istiqamətində müxtəlif mərkəz və qurumlarda çalışa bilərlər.

Fəlsəfə ixtisası üzrə məzunlar xüsusən də elmi dünyagörüşü, elmi və dini baxışların fəlsəfi yönümdə təhlili, insan və həyat haqqında fəlsəfi baxışların ümumfəlsəfi kateqoriyalar əsasında təhlilinin aparılması istiqamətində müvafiq tədqiqat müəssisələrində, eləcə də gənclərlə iş üzrə özəl və dövlət qurumlarında idarəetmə sahəsində işləyə bilərlər.

Sosial iş ixtisası üzrə məzunlar əhalinin az təminatlı təbəqələrinin sosial problemlərinin müəyyən edilməsi və onlara müvafiq köməyin göstərilməsi, eləcə də risk qrupuna daxil olan insanlarla lazımi sosial işin aparılması istiqamətində işləyə bilərlər.

Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə məzunlar təhsilin müxtəlif səviyyələrində psixoloji xidmətin həyata keçirilməsi istiqamətində müxtəlif təhsil müəssisələrində işlə təmin oluna bilərlər.

Korreksiyaedici təlim ixtisası üzrə məzunlar inklüziv təhsil sahəsində (yəni eşitmə, görmə məhdudiyyəti, intellektual çatışmazlığı, nitq pozulmaları olan uşaqlarla) fəaliyyət göstərməklə inkuliziyalı şəxslərdə müxtəlif qüsurların aradan qaldırılması və yeni bacarıq və vərdişlərin formalaşdırılması, eləcə də onların cəmiyyətə adaptasiyasının təmin edilməsində olduqca faydalıdırlar. Onlar xüsusi məktəblərdə, müəssisələrdə işlə təmin oluna bilərlər.

Fakültədə təhsil Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.

Xəbər lenti