Logo

Ən çox onlar sevinir - Məktəbdə 1 gün+Video

19.02.2021 18:38 607 baxış
IMG

Artıq 20 günə yaxındır ki, orta məktəblərdə əyani tədris qismən bərpa olunub. İbtidai siniflər həftədə 3 dəfə, V-IX siniflər isə iki dəfə olmaqla dərsə gedirlər. Şagird sayı 20 nəfərdən çox olan siniflər yarımqruplara bölünür, dərslər epidemioloji vəziyyət nəzərə alınmaqla, ara məsafəsi saxlamaqla həyata keçirilir. Həmçinin valideynə övladının distant və ya ənənəvi qaydada tədrisə cəlb edilməsi ilə bağlı seçim imkanı verilib.

 

Təhsil müəssisələri açılar-açılmaz məktəblərin yenidən bağlanacağı ilə bağlı şayiələr də dolaşmağa başlayıb. İddia olunur ki, yaxın vaxtlarda yenidən distant təhsilə keçiləcək. Lakin son vaxtlar virusa yoluxma statistikasındakı azalma və kütləvi vaksinasiya prosesinə başlanılması bu sahədə vəziyyətin heç də gərgin olmadığından xəbər verir.  

 

Bəs uzun müddət bağlı qalan məktəblərdə pandemiya şəraitində tədris necə təşkil olunur? Məktəbdəki ab-hava, şagirdlərin təhsilə marağı, dərsə davamiyyəti necədir?

 

“Qafqazinfo” bu və digər suallara cavab tapmaq üçün paytaxtın Nərimanov rayonunda yerləşən 212 nömrəli məktəbdə olub. Məlum olub ki, ötən tədris ilini və ötən yarımili məhdudiyyətlərlə başa vuran şagirdlər əyani dərslərə daha çox can atırlar. Məktəbdə təhsil alan şagirdlərin 96 faizi əyani dərslərə qoşulub. 

 

Təhsil müəssisəsində şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Məktəbə daxil olan şagirdlərin temperaturu ölçülür, əlləri spirtlənir, onlar ara məsafəsi gözlənməklə sinfə daxil olurlar. 

 

Məktəbin direktoru Məlahət Rəhimovanın sözlərinə görə, məktəblilər əyani dərslərdə çox maraqlıdırlar: “Məktəbimizdə 2336 şagird təhsil alır. Uşaqların demək olar ki, hamısı böyük həvəslə dərsə gəlir. Şagirdlərin təxminən 6 faizinin valideyni müəyyən səbəblərdən iltizam imzalayıb, 94 faiz şagirdimiz isə əyani dərslərə qatılır. Uşaqlar bu günü, sanki, çoxdan gözləyirdilər. Amma bununla yanaşı virtual dərslərimiz də müvəffəqiyyətlə davam edir. Bizə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təlimatlar gəlib, o təlimatlara uyğun olaraq işimizi qururuq. Operativ Nəzarət Komissiyamız var. Məktəbdə şagirdlər arasında ara məsafəsini qoruya bilirik. Siniflərdə müxtəlif posterlər asılıb, uşaq və valideynlərlə maarifləndirici söhbətlər aparılır”. 

 

Direktor bildirir ki, pandemiya başlayandan valideynlər də bir qədər qorxu keçiriblər. Lakin məktəb rəhbərliyinin onlarla apardığı söhbətlərin müsbət mənada böyük təsiri olub: “Artıq valideynlər də uşaqları məktəbə göndərməyə can atırlar. Hətta elə hal olub ki, iltizam yazan valideynlər sonradan öz uşaqlarını əyani tədrisə cəlb ediblər. Məktəbdə təcrid otaqları mövcuddur. Əgər virus əlamətləri aşkarlanarsa, şagird həmin otaqlarda saxlanılır və aidiyyati yerə təhvil verilir. Lakin indiyə kimi məktəbdə belə hal qeydə alınmayıb. İkinci yarımildə ailədə valideyni yoluxduğundan onunla təmas olan 4 şagirdimiz var ki, onlar da hazırda məktəbə gəlmirlər və müəyyən müddətdən sonra arayış əsasında məktəbə buraxılacaqlar”. 

 

Məktəbdəki ab-havanı yerində öyrənmək üçün siniflərə də daxil olduq. Dəhlizdəki nizam-intizam və qaydalara siniflərdə də əməl olunur. Şagirdlərin dərsə hazırlıqları, davamiyyətləri bizi bir anlıq virusdan əvvəlki dövrə aparır. Məktəbin ibtidai sinif müəllimi Sevinc Dadaşova deyir ki, gün ərzində bir, yaxud iki şagird üzrlü səbəblərdən dərsdə iştirak edə bilmir, qalan şagirdlər isə dərsə qoşulurlar:  

 

“Əyani dərslərə maraq yüksəkdir, davamiyyət yaxşıdır. Xəstə, narahat olan uşaqlar dərsə gəlmirlər. Bütün qaydalara riayət edirik. Mənim sinfim 4-cü sinifdir, onlar özləri də qaydaları bilirlər və əməl edirlər. Uzun müddət dərslər onlayn keçirilib, bu dərslərə də müəyyən səbəblərdən hamı qoşula bilmirdi. O uşaqlar bir az geri qalır, biz çalışırıq ki, onları da gətirib digər uşaqlarla eyni səviyyəyə çatdıraq”. 

 

Məktəblərin açılmasından ən çox sevinən də elə ibtidai sinif şagirdləridir: “Məktəb üçün, müəllim üçün çox darıxmışdım. Dostlarımla bir yerdə olduğum üçün çox sevinirəm. Hər gün dərsə gələk, onlayn dərs olmasın. Çünki onlayn dərsdə müəllimi qucaqlaya bilmirik. Yaxşı dərs keçə bilmirik, uzaqdan dərs keçirik.

 

...Hər gün əlimə spirt vururam. Evə də gedəndə əlimi, üzümü yuyuram”, - II sinif şagirdi Əsmər Qədirbəyli deyir. 

 

VI sinif şagirdi Aydan Qiyasova isə düşünür ki, onlayn dərs heç vaxt canlı dərsin yerini verə bilməz: “İndiki vəziyət bizim təhsilimiz üçün yaxşı deyil. Mən arzulayardım ki, 12 ayın 12-ni də dərsə gələk. Çünki məktəb üçün, müəllimlərimiz üçün, direktorumuz üçün çox darıxmışıq. Əsas da parta arxasında oturmaq üçün. Əlbəttə ki, onlayn dərs heç vaxt canlı dərsin yerini verməz. Amma pandemiya ərzində təhsilsiz qalmaqdansa, distant dərs daha yaxşıdır. Düzdür, onlayn dərsin müsbət tərəfi o idi ki, evdən çıxmırdıq, vaxt itirmirdik, daha çox vaxtımızı dərsə sərf edə bilərik. Amma mənfi cəhəti var ki, texniki fənləri bir az anlamaq çətin olur. İnternet problemi olur. Ona görə də hər kəs kimi mən də əyani dərsi üstün tuturam və dərsə gəlirəm”. 

 

Məktəbin 9-cu sinif şagirdi Şəms Məmmədova deyir ki, şagirdlər bir-biri üçün darıxsalar da, pandemiya şərtlərinə uyğun məsafədən salamlaşırlar: “Biz məktəbə girəndə temperaturumuzu ölçürlər, əlimizi spirtləyirlər. Hətta əllərimizi spirtləməmiş bizi içəri buraxmırlar. Biz-birimizin sağlamlığını düşünürük, ona görə də sinif yoldaşlarımızla uzaqdan salamlaşmağa üstünlük veririk”. 

 

Xatırladaq ki, fevralın 1-dən ölkənin ümumi təhsil müəssisələrinin ibtidai siniflərində, ayın 8-dən isə V-IX siniflər mərhələli şəkildə əyani tədrisə başlanılıb. Hazırda paytaxtdakı təhsil müəssisələrində 410 000-dən çox şagird əyani dərslərə cəlb olunub. 

 

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal

 

https://youtu.be/Fw3KJsgSS2Y

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti