Logo

Müəllimlərimiz qeyri-peşəkardır, yoxsa fədakar?

12.08.2022 20:57 544 baxış
IMG

"Son günlər təhsil və elm mövzusu gündəmi haqlı olaraq zəbt edib. Əslində bu mövzu daim ictimaiyyətin və hökumətin diqqət mərkəzində, ictimai nəzarətin təsir dairəsində olmalıdır. Hamı təhsildəki durumdan narazıdır, narahatdır. Bu təbiidir, axı təhsil millətin gələcəyidir".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov bildirib.

Onun sözlərinə görə, AMEA-nın Elm və Təhsil Nazirliyinə birləşdirilməsi bu sahəyə diqqəti daha da artırıb: "Haqlı olaraq sual yaranır ki, təhsil sistemi özü bu qədər problemlərin içində çabaladığı halda, elmi necə özünə inteqrasiya edəcək? Bu mürəkkəbləşən mexanizmi necə idarə edəcək? İllər ərzində Elm və Təhsil Nazirliyi təhsil siyasətini normal formalaşdıra və reallaşdıra bilmədiyi halda bu komandaya tamamilə yad sahə olan elm siyasətini necə yaradacaq, necə  reallaşdıracaq, kimlərlə? Yoxsa düşünürlər ki, sahəni bilmədən də idarə etmək mümkündür? Mümkün deyil. 9 ildir, bunu təhsildə müşahidə edirik artıq".

Ekspert nazirliyin tabeliyində yeganə tədqiqat institutu olan Təhsil İnstitutunu bərbad hala saldığı halda, əlavə olaraq 30-40 elmi-tədqiqat institutunu necə idarə edəcək, bundan necə pul qazanacaqları məsələsinə münasibət bildirib: "Bu institutlar da Təhsil İnstitutunun gününə düşə bilərmi? Mən  gənc yaşlarımda Təhsil İnstitutunda elmi işçi işləmişəm, 3 il ərzində. Əminliklə deyə bilərəm ki, 40-45 il bundan əvvəl o institut indiki durumundan xeyli güclü idi, insan resursları xeyli səviyyəli idi.  İnstitutun rəhbərliyində ittifaq səviyyəli alimlər vardı, akademik M.Mehdizadə orada elmi məsləhətçisi kimi fəaliyyət göstərirdi.Bu institut onda da ölkədə reallaşan təhsil siyasətinin elmi təminatını hazırlayırdı. Bu yaxında ARTİ-nin direktorunun İTV kanalında məlum sərəncamla əlaqədar müsahibəsinə baxdım, açığı çox təəssüfləndim. Onun müsahibəsindən bəlli olur ki,  bu adam ölkə təhsilinin və direktoru olduğu institutun qarşısında bu gün duran problemlərdən, onların həlli yollarından məlumatsızdır". 

İlham Əhmədov qeyd edib ki, bu gün ölkənin təhsil  sistemində olan problemləri şərti 3 qrupa təsnif etmək olar ki, bunlar da təhsildə kadr siyasəti,  təhsilin şəffaf və demokratik idarəedilməsi problemləri və təhsilin maliyyələşməsi problemləridir: "Təhsil sisteminə  son illər qeyri-peşəkarların axını təhsili daha da zəiflətdi. Ən pisi isə odur ki, bu axın hələ də davam edir. Əvvəlki illərdə işləyən qeyri-peşəkarlar yuxarılara getdi, amma onların yerinə gələnlər yenə də qeyri-peşəkarlar oldu. Ola bilər, hansısa inkişaf etmiş ölkələrdə təhsilin idarə edilməsində azsaylı menecerlərin xidmətindən istifadə edilir. Amma o ölkələrdə təhsil sistemi mükəmməldir, ciddi problemlər yoxdur, mükəmməl infrastruktur və təhsil siyasəti, varislik var, belə halda 1-2 naşı menecer sistemi çökdürə bilməz. Bizdə isə artıq çökmüş təhsil sistemini ayağa qaldırmaq lazım idi, buna peşəkarlar cəlb edilməli idi. Biz isə ömründə təhsil sistemində işləməyənləri mərkəzi və regional idarəetmə sisteminə doldurmaqla ağır vəziyyətdə olan təhsili, daha da ağır duruma saldıq. Sanki reanimasiyalıq xəstəni reanimatoloqa göstərmək əvəzinə, stomatoloqa göstəririk. Mətbuatda təhsildə yaranmış ağır vəziyyətin müəllimlərin üzərinə qoyulması cəhdlərinə də rast gəlinir. Bu, əsasən müəllimlərin  sertifikasiyasına olan ehtiyacın əsaslandırılmasına xidmət edir. Millət vəkili Fazil Mustafa da bu mövzuda müsahibəsində müəllimlərin peşəkarlığının zəif olmasını qeyd edir. Bu vəziyyətin yaranmasında müəllimlərin, şagirdlərin, məktəblərin heç bir günahı yoxdur. Günah bütün  mexanizmləri qüsurlu olan təhsil sisteminindədir.  Yazırlar ki, müəllimlərimiz savadsızdır, qeyri-peşəkardır. Bu gün təhsilimiz minlərlə müəlimlərimizin şəxsi fədakarlığı nəticəsində ayaqdadır, heç olmasa, repetitorluqla da olsa, uşaqlara proqramı mənimsədirlər, baxmayaraq ki, dərslik və proqramlar da çox keyfiyyətsizdir".

Dosent bildirib ki, repetitorluğu müəllim könüllü yox, məcburiyyət qarşısında seçməli olub və onun  maaşı günbəgün qalxan qiymətlər fonunda ehtiyaclarını heç cür ödəmir: "Daha yüksək səviyyəli peşəkar müəllim problemini tədricən, mərhələli şəkildə həll etmək mümkündür. Buna isə illər lazımdır. Bu problemin illər ərzində həllinə xeyli pul lazımdır. Bu tək maaş deyil, inkişafa xidmət edən çoxsaylı layihələr hazırlanmalı və maliyyələşməlidir, müəllimlərin təkmilləşdirmə sistemi bərpa olumlalıdır. 1918-də Bakı Dövlət Universiteti yarananda da ölkədə müəllim qıtlığı var idi, ölkədə savadsızlıq hökm sürürdü. O vaxt problem 10 -15 ilə həll edildi. Bu gün vəziyyət 100 il əvvəlkindən xeyli yaxşıdır. Ölkədə minlərlə peşəkar müəllim və alimlər var. Əgər işdə dönüş olarsa, 5-6 ilə problemlər tədricən həll edilə bilər. 100 il əvvəl təhsil daha primitiv idi. Texnologiyalar tətbiq edilmirdi. Təhsildə bazar münasibətləri yox idi, kasıb dövlət hər şeyi özü həll edirdi. İndi isə  təhsil xeyli mürəkkəbləşib, texnolojiləşib, qloballaşıb. Təhsildə rəqabət artıb, kapitaltutumlu olub. Bazar münasibətləri yaranıb".

"Əgər təhsilə normal səviyyədə pul ayrılsa, yaxın 10 ilə təhsilimiz bataqlıqdan çıxar. Bu məqsədlə təhsilə ilk növbədə güclü maliyyələşmə, şəffaf və demokratik idarəetmə, peşəkar insan resurslarından səmərəli istifadə lazımdır. Ölkə Prezidentinin sonuncu fərmanında Elm və Təhsil Nazirliyi qarşısında qoyduğu mühüm məsələlərin həlli, hesab edirik ki, burada qeyd edilən  problemlərin həllindən keçir. Zaman isə bizi gözləmir, çox sürətlə axır", - deyə İlham Əhmədov bildirib.

Xəbər lenti