Logo

Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!

09.05.2022 15:47 643 baxış
IMG

Azərbaycan xalqı XIX əsrin əvvəllərindən başlayaraq Çar Rusiyasının, XX əsrin böyük bir hissəsində isə SSRİ-nin əsarəti altında qalıb. Bu illər ərzində xalqımıza qarşı etnik təmizləmə, soyqırım, milli kimliyin unutdurulması, ruslaşdırma və xristianlaşdırma siyasətləri yürüdülüb. Bu proses Stalinin ölümündən sonra müəyyən qədər zəifləsə də, davam etməkdə idi. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR KP MK-nin birinci katibi olduğu dövrdə SSRİ – nin xalqımıza qarşı yürütdüyü mənfur siyasətə son qoyuldu, Azərbaycan SSR-də hərtərəfli islahatlar nəticəsində o, ittifaq respublikaları arasında ilk yerə çıxdı, milli kadr potensialının artırılması istiqamətində əsaslı işlər görüldü, Heydər Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində canlanma baş verdi. Ümumilli lider xalqımızın azadlıq, müstəqillik və sərbəstlik ruhunu geri qaytardı. 1980-ci illərdə alovlanmağa başlayan milli azadlıq hərəkatının təməlində də məhz Heydər Əliyevin fəaliyyəti dayanırdı. Sonralar SSRİ-nin rəhbərlərindən biri olan qurucu lider daim xalqımızın yanında olub və bunu əməli surətdə göstərib. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda hakimiyyətə olan insanların siyasi səriştəsizliyi, iradəsizliyi və idarəetməni bacarmamaları ölkəmizdə vətəndaş müharibəsinə, xaos və anarxiyaya aparan yolun əsasını qoymuşdu və bu gün heçdə uzaq deyildi.

Uzaqgörən siyasətçi Heydər Əliyev baş verən hadisələrin və ölkədə gedən mənfi proseslərin ümumi nəticəsini əvvəlcədən gördüyü üçün 1992-ci ildə, gələcəkdə xalqımızın həmrəyliyini, birliyini və davamlı inkişafını təmin edəcək, dünənin, bu günün və gələcəyin partiyası olan - Yeni Azərbaycan Partiyasının əsasını qoyur. 1993-cü ildə Azərbaycan xalqı və ziyalıları hələ tam bərpa edilməyən müstəqilliyin itirilmə təhlükəsi ilə üz-üzə qaldığı dövrdə həmin müstəqilliyin təməl prinsiplərini müəyyən edən Heydər Əliyevə müraciət etdilər və onu hakimiyyətə dəvət etdilər. Vətənimizin ağır vəziyyətində Heydər Əliyev onun səsinə səs verdi, hakimiyyətə geri döndü.

O, dövrdə “Heydər xalqım deyəcək – Xalq Heydər söyləyəcək” sözləri dillər əzbəri oldu. Beləliklə, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas oldu. Ulu Öndər Heydər Əliyev Qarabağ münaqişəsini həll etmək üçün atəşkəs sazişinin imzalanmasına nail oldu, ölkəmizə parlaq gələcək vəd edən neft strategiyasının əsası qoyuldu, başlanğıc kimi dünyanın böyük neft şirkətləri ilə “Əsrin Müqaviləsi” imzalandı. Heydər Əliyev öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Müstəqil Azərbaycanın dayaqlarının möhkəmləndirilməsi üçün respublikada bütün sahələrdə (təhsil, elm, mədəniyyət, iqtisadiyyat, hərb, maliyyə, qanunvericilik və.s) islahatlar aparıldı.  Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu. Onun Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulmuşdur. Siyasi islahatlar aparılmağa başladı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi.

İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.

Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Müasir dövrdə Ümummilli liderin siyasi irsi cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2003-cü ildən etibarən Azərbaycana rəhbərlik edən prezident İlham Əliyev Ulu Öndərin siyasi irsini rəhbər tutaraq Azərbaycanın davamlı inkişafı, xalqımızın rifahı və ölkəmizin beynəlxalq nüfuzunun artması yolunda yorulmadan çalışır. Cənab prezidentin əsas məqsədi isə Ulu Öndərin vəsiyyətini yerinə yetirmək – İşğal olunmuş ərazilərimizi işğaldan azad etmək idi. 2020-ci ildə Azərbaycan silahlı qüvvələri ilə Ermənistan silahlı qüvvələri arasında baş verən 44 günlük döyüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qələbə qazanması bu vəsiyyəti reallaşdırdı. Dəmir Yumruq əməliyyatı Zəfərlə sonlandı. Bu şərəfli yol tariximizə “Zəfər Yürüşü” adı ilə daxil oldu. İşğala son qoyulduqdan sonra ata-baba yurdlarımızda tamamilə dağıdılmış infrastruktur bərpa edilməyə və yenidənqurma işləri aparılmağa başlandı. Bir başa cənab prezidentin nəzarəti ilə işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanları inşa edilib.

Füzuli, Zəngilan və tikintisi davam etdirilən Laçın hava limanları buna misaldır. Mədəniyyətimizin beşiyi sayılan Şuşa isə 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin başlanğıcında isə prezidentin sərəncamı əsasında “Şuşa ili” elan edildi. 44 günlük vətən müharibəsində əldə edilən qələbə ilə Azərbaycan regionda yeni reallıqlar yaratdı. Azərbaycan Cənubi Qafqazı inteqrasiya olunmuş əməkdaşlıq məkanına çevirəcək. Artıq Azərbaycanın qarşısında yeni üfüqlər açılır, davamlı və dayanıqlı inkişaf yolunda durmadan irəliləyirik. Şübhəsizdir ki, yaxın gələcəkdə cənab prezidentin rəhbərliyi ilə Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olacaq! 

Fikirlərimi Ulu Öndər Heydər Əliyevin sözləri ilə bitirirəm: Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik! 

Anar Salehoğlu,
YAP Yevlax rayon təşkilatının üzvü, ADPU – nun tələbəsi

Xəbər lenti