Logo

BDU-da "İƏT Modeli – 2022” layihəsinin açılışı olub

12.04.2022 14:50 341 baxış
IMG

Artıq 11 ildir Azərbaycanda hər il uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib.

İslam Əməkdaşlıq Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin 2022-ci il buraxılışı ilk mühazirə proqramı ilə öz işinə başlayıb.

Akademiyanın 2022-ci il buraxılışının Bakı Dövlət Universitetində keçirilmiş açılış mərasimində çıxış edən İƏGF-ARM-in Baş Direktoru vəzifəsini icra edən Vüsal Qurbanov layihənin tərəfdaşı kimi Gənclər və İdman Nazirliyinə və Bakı Dövlət Universitetinə təşəkkürünü bildirib, sonra layihənin məqsədi və mühazirə mövzuları barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd olunub ki, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Dillər Universiteti və digər ali məktəblərdən seçilmiş 100-ə yaxın gəncin 2 ay ərzində hər həftə mühazirələrdə və sonda təşkil olunacaq “İƏT Modeli XİN konfransı” simulyasiyasında iştirakı nəzərdə tutulub.
BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov öz çıxışında Universitet və İƏGF-ARM arasında bu proqram çərçivəsində əməkdaşlığa yüksək qiymət verib. İslam Əməkdaşlıq Gənclər Forumunun Baş Qərargahının nümayəndəsi Yunus Çolak İstanbuldan onlayn formatda Beynəlxalq İƏT Modeli haqda iştirakçıları məlumatlandırıb.
Daha sonra Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim “Müsəlman dünyası və Fələstin məsələsi”, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə “Müasir diplomatiya və Azərbaycan diplomatiyasının Qarabağ müharibəsində rolu” mövzularında çıxış ediblər. Mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıblar.
Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclər təşkilatları rəhbərləri və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. İki ay ərzində keçirilən mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarında iştirak edəcəklər. Münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə İƏT-ə üzv 40-dan artıq ölkənin nümayəndələrinin qatıldığı “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər. Bu il İƏGF-ARM sözügedən tədbiri həmçinin Pakistan, Tatarıstan (Rusiya Federasiyası), Mərkəzi Asiya respublikaları və İndoneziyada keçirməyi planlaşdırır.

Xəbər lenti