Logo

Tarixçi alim: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması tarixi ədalətin bərpasıdır

15.07.2021 15:43 339 baxış
IMG

 

Tehsil.biz məlumat verir ki, müasir dünya xəritəsində Azərbaycan Avropanı Asiya ilə birləşdirən körpü rolunu oynayır. Bu iki qitəni bir-biri ilə əlaqələndirən mühüm beynəlxalq ticarət yolları ölkəmizin ərazisindən keçir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsidə ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasına və sabitliyin yaranmasına doğru atılmış mühüm addım oldu. İndi Qafqaz regionunda sonuncu nəsil hərbi-texniki vasitələrdən, müasir silahlardan istifadə edərək uğurlu döyüş əməliyyatları aparmaq qüdrətinə malik olan güclü ordu Azərbaycan Respublikasının Silahlı Qüvvələridir.

 

Bu fikirləri  AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.

 

O bildirib ki, ordumuz regionda təxribat törətmək istəyən istənilən təcavüzkar qüvvənin layiqli cavabını vermək qüdrətindədir. Son iki yüzildə Qafqaz regionunda ən uğurlu hərbi əməliyyat Qarabağın erməni işğalından azad edilməsi, ən böyük beynəlxalq iqtisadi layihə isə yaxın günlərdə reallaşmaqda olan Zəngəzur dəhlizinin tikilməsidir. Hazırda Qarabağda erməni vandalizmi nəticəsində dağıdılan infrastruktur yenidən qurulur, “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir. Genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində yaxın zamanlarda əhalinin yenidən öz doğma yurd-yuvasında məskunlaşdırılması nəzərdə tutulur. Bununla yanaşı Asiya ilə Avropanı, həmçinin türk dünyasını birləşdirən beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin tikilməsi Azərbaycanı qısa müddət ərzində logistika sahəsində və beynəlxalq ticarətdə lider dövlətə çevirəcək. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu istiqamətdə atılan önəmli addımdır. Bu Fərman tarixi ədalətin bərpa olunması deməkdir.

 

Tarixçi alim diqqətə çatdırıb ki, etibarlı tarixi mənbələr nəinki Qarabağ, hətta indiki Ermənistan ərazisi, eləcə də İrəvan, Dərələyəz, Vedi, Ağbaba, Şörəyel, Pəmbək, Gərnibasar, Zəngibasar, Dərəçiçək və Zəngəzur torpaqları Azərbaycan türkünün ata yurdu olduğunu təsdiq edir: “Məşhur italyan coğrafiyaçısı Cakomo Qastaldinin 1559-1561-ci illərdə hazırladığı “Ön Asiya xəritəsində” (La Descrittione Della Prima Parte Dell' Asia – “Asiyanın ilk bölümünün təsviri”) Göyçə gölü ətrafında erməni və ya hay adlı etnosdan bəhs edilmir. İlk dəfə bu xəritədə Göyçə gölünün və Zəngəzurun adı çəkilib. Göyçə gölünün adı ermənilərin qondarma Sevan adı kimi yox, Azərbaycan türkcəsində olduğu kimi Göyçə gölü, Zəngəzur adı isə qədim mənbələrdə olduğu kimi Zaka (Saka, yəni “Sak türklərinin yurdu”) şəklində qeyd olunub. Zəngəzur adı Sak türk boyunun adından qaynaqlanır və bir çox mənbələrdə bu ad Zanqi və ya Zəngi kimi çəkilib. 1571-ci ildə brabant coğrafiyaçısı Abraham Orteliusun Avropanı və Qərbi Asiyanı təsvir edən xəritəsində bütün Şərqi Anadolu və Azərbaycanın qərb torpaqları türk boylarının yurdu (Turcomani) adlandırılıb”.

 

Ramin Əlizadə diqqətə çatdırıb ki, Qarabağın və Zəngəzurun yerli əhalisi olan azərbaycanlılar son bir əsrdə çar Rusiyasının bölgəyə köçürdüyü ermənilər tərəfindən soyqırımına məruz qalıb. Ermənilər burada yüzlərlə tarixi-mədəni abidəmizi məhv edib, yer-yurd adlarmızı qondarma adlarla əvəzləyiblər. Heç bir tarixi mənbədə mövcud olmayan Dağlıq Qarabağ termini ilk dəfə 1921-ci il iyulun 4-də Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun iclasında ortaya atılıb. Qarabağın yerli əhalisi olan azərbaycanlılar arasında heç bir referendum keçirilmədən, hüquqi cəhətdən qeyri-qanuni olaraq 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldı: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qurumun qondarma olduğunu, ümumiyyətlə isə Dağlıq Qarabağ saxtakarlığına öz çıxışlarında dəfələrlə toxunub. Hələ XIX əsrdə Qarabağ tarixi haqqında yazılmış əsərlər və mənbələr “Qarabağnamə” və ya sadəcə olaraq “Qarabağ tarixi” adı ilə məlumdur. Dağlıq Qarabağ ifadəsi bu mənbələrin heç birində mövcud deyil. Özlərindən saxta tarix uyduran ermənilərin Qarabağın dağını aranından ayırmaq, onu inzibati ərazi vahidlərinə bölmək xəyalları 44 günlük Vətən müharibəsi nəticəsində puça çıxdı. Qarabağ uğrunda Vətən savaşında zəfər qazanan Azərbaycanın xəritəsində artıq Dağlıq Qarabağ ifadəsi mövcud deyil. Bu anlayışın növbəti erməni feyki olduğu aşkardır. Bu həqiqətdir. Zaman keçir, tarix dövr edərək kimin kim olduğunu göstərir. Bu gün Qarabağ salnaməsi davam edir, Qarabağın tarixi yazılır, qərəzsiz və ədalətli”.

 

Tarixçi qeyd edib ki, hələ keçən əsrin 20-ci illərində Sovet Rusiyasının fəal təzyiqi ilə Azərbaycanın tarixi torpaqları hissə-hissə bölünərək Ermənistana verildi. Həmin dövrdə Zəngəzurun qərb hissəsi – Gorus, Qafan, Qarakilsə və Meğri rayonları Azərbaycan SSR-dən alınaraq Ermənistan SSRİ-nin tərkibinə qatıldı. XX əsrin əvvəllərində Zəngəzurda 40-a yaxın məscid və mədrəsə vardı. Sovet hökuməti qurulduğu andan onun ilk tədbirlərindən biri də müsəlman aibədlərini məhv etmək oldu. Məscidlər tövlələrə və taxıl anbarlarına çevrildi. 1920-30-cu illərdə Zəngəzurda onlarla tarixi və mədəni abidə məhv edildi. Zəngəzurun Azərbaycan türkünə aid yüzlərlə yer-yurd adı dəyişdirildi. 1940-cı il martın 2-də Qarakilsə rayounun adı ermənilər tərəfindən dəyişdirilərək qondarma Sisian adı kimi rəsmiləşdirildi. Azərbaycan SSR-nin tərkibində qalan Şərqi Zəngəzur ərazisində yerləşən Qubadlı, Laçın və Zəngilan rayonları 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi: “44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur əraziləri erməni işğalından azad edildi. İndi qarşıda duran başlıca məsələ azad edilmiş torpaqlarımızda erməni vandallarının dağıtdığı yaşayış məntəqələrini, tarixi və mədəni abidələri bərpa etmək, sonra isə bu torpaqlara öz əzəli sakinləri olan azərbaycanlıların qayıdışını təmin etməkdir. Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin əsasını “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanı təşkil edir.

 

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması nəticəsində Azərbaycan Respublikası özünün təkcə coğrafi yox, həmçinin sosial-iqtisadi bütövlüyünü təmin edəcək. Burada diqqəti çəkən başlıca məqam Zəngəzurun tarixi adının bərpa olunmasıdır. Onun bir hissəsinin Şərqi Zəngəzur adı ilə rəsmiləşdirilməsi isə tarixi ədalətin bərpa edilməsidir. Bu bütün dünyaya Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun şərqi varsa, qərbi də olmuşdur mesajının verilməsidir. Zəngəzur dəhlizinin inşa olunması uzun illər blokada vəziyyətində qalan Naxçıvan Muxtar Respublikasının iqtisadi dirçəlişinə səbəb olmaqla yanaşı, yaxın gələcəkdə Azərbaycanın tarixi torpağı olan Qərbi Zəngəzura qovuşmasına, yəni Zəngəzur torpağının bütövləşməsinə də yol açacaq. Azərbaycan türkünün tarixi vətən torpağı olan Zəngəzurun ardınca Göyçəyə, Dərələyəzə, Vediyə, Ağbabaya, Şörəyelə, Gərnibasara, Zəngibasara, Dərəçiçəyə və İrəvana qayıtmasına çox az qaldı”, - deyə tarixçi alim Ramin Əlizadə vurğulayıb.

Xəbər lenti