Logo

"Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir"

28.11.2022 19:50 637 baxış
IMG

Prezident İlham Əliyev 25 noyabr 2022-ci il tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edib.

Dövlət başçısı bildirib ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimiz sayəsində əmələ gəlmişdir.

Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir. İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir.

Nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var.

Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.

İki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük.

Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Bunun üçün türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır.

Cari ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalanıb. Bizim gələcək illərdə istismara verməyi planlaşdırdığımız yeni qaz yataqları var. Enerji şirkətimiz olan SOCAR-da ciddi islahatlar aparılıb. Səmərəlilik siyasəti nəticəsində əlavə qaz tutumlarına qənaət etməyə imkan yaranır. Bərpaolunan enerji mənbələri ilə bağlı reallaşdırılan layihələr ölkəmizin mövcud istiqamətdəki potensialını artırır.

Azərbaycan - Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

İran və ya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistanın regionda nə coğrafi, nə başqa bir imkanı, yaxud üstünlükləri yoxdur. O, faktiki olaraq dalana dirənmiş ölkədir, Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir.

Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır. Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları Şirkətinə məxsusdur və Ermənistan asılı ölkədir.

İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır. Həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir.

BP ilə əməkdaşlığımız davam edir. BP Azərbaycanda strateji sərmayədardır, habelə “Azəri-Çıraq-Günəşli”nin və “Şahdəniz”in əməliyyatçısıdır. “Azəri-Çıraq-Günəşli” dərin dəniz qaz yatağının işlənilməsi layihəsi hazırda heç zaman olmadığı qədər daha da zəruridir. BP, həmçinin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarını verib. Bu, onların nəinki Azərbaycanda bərpaolunan enerji mənbələrinə maraq göstərən aparıcı beynəlxalq şirkətlərin önündə getdiyini göstərir, o cümlədən azad olunan ərazinin seçilməsi bizim üçün xüsusi məna daşıyır.

Azərbaycan və Türkiyə qardaş və dost ölkələrdir. Ötən il Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmışdır. Əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır. Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlər olub. Müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Bu qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir.

İstər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir.

İndi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər.

İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır. Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik.

Hər bir azərbaycanlının öz doğma dilində təhsil almaq hüququ vardır. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur;

Kiçik, yoxsul, Rusiyadan asılı olan, hətta Rusiyanın qulu olan Ermənistan deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal edəcəklər. İşğal zamanı Ermənistanın əvvəlki prezidenti, müharibə canisi Serj Sarkisyana gənc qruplarla görüşlərinin birində Ermənistanın dırnaqarası tarixi əraziləri ilə bağlı sual verilmişdi. O demişdi ki, biz Qarabağı azad etdik və siz də Türkiyənin o hissəsini azad edəcəksiniz.

Azərbaycan ədalətli sülh istəyir. Biz istəyirik onlar başa düşsünlər ki, onlar Qarabağ erməniləri ilə bağlı heç nə deyə bilməzlər və onların Qarabağ erməniləri ilə heç bir əlaqəsi yoxdur. Biz Zəngəzur dəhlizini istəyirik və biz tarixi xəritələr əsasında sərhədlərin delimitasiya olunmasını istəyirik.

Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır. Bu, bir nömrəli məsələdir və sözsüz ki, Azərbaycan hər zaman bütün beynəlxalq forumlarda bütün ölkələrin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edib və biz bu mövqedə qalırıq.

Din dövlətdən ayrı olmalıdır. Azərbaycanda biz hamımız müsəlmanıq. Həmçinin xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri var. Lakin din siyasi həyata müdaxilə etməməlidir. Bizim bu coğrafiyada müstəqil ölkə kimi üstünlüklərimizdən və nailiyyətlərimizdən biri odur ki, biz, eyni zamanda, bütün vətəndaşlarımızın dini hisslərinə tam hörmət etməklə cəmiyyətimizin dünyəvi mahiyyətini gücləndirməyə nail olmuşuq.

Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında rol oynayıb. Biz bunu borcumuzun bir hissəsi hesab edirik. Çünki əgər belə əlaqələrimiz varsa, biz dostlarımızın öz aralarında dost olmağını istəyirik.

Azərbaycan cəmiyyətinin üstünlüklərindən biri onun çoxmədəniyyətli və çoxmillətli olmasıdır. Hər kəs dini və etnik mənşəyindən asılı olmayaraq, Azərbaycanda özünü rahat hiss edir.

İkinci Qarabağ müharibəsi zamanı təxminən 3 min şəhid verdik. Onların arasında Azərbaycanda yaşayan bütün etnik qrupların nümayəndələri var idi. Bu, etnik mənsubiyyətindən asılı olmayaraq, Vətən torpağı uğrunda şərəf mübarizəsi idi.

Gürcüstan bizim strateji tərəfdaşımızdır. Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün strateji əhəmiyyət kəsb edir. Enerji və daşımalar layihələri sahəsində yeni imkanları nəzərə alaraq, birgə əməkdaşlığımızın çox yaxşı nəticələri var. Azərbaycan və Gürcüstan üçün əməkdaşlıq coğrafiyasını, Qara dəniz-Xəzər dənizi əlaqəsini, Mərkəzi Asiya-Avropa əlaqəsini nəzərə alaraq, layihələrin icrasında Ermənistansız da keçinmək mümkündür.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əvvəlki illərlə müqayisədə daha fəal dialoqun şahidiyik. Sonuncu Zirvə Toplantısı bunun bariz təzahürü idi. Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhliz layihəsinə əsas töhfə olacaqdır. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzər dənizinin bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır.

İtaliya Avropa İttifaqının 9 üzvündən biridir ki, Azərbaycan onunla Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalayıb. Strateji tərəfdaşlığın gündəliyi artır və genişlənir. İtaliya-Azərbaycan Universitetinin yeni binasının tikintisinin maliyyələşdirilməsi nəzərdə tutulub.

Bolqarıstan və Serbiyanı birləşdirən digər interkonnektor isə gələn ilin sonunda hazır olacaqdır. Hazırda biz Albaniya hökuməti ilə bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayə qoyuluşları barədə müzakirələr aparırıq. Albaniyada belə şəbəkə mövcud deyil, çünki Albaniya yalnız tranzit ölkəsidir. Lakin onların da yerli tələbatı təmin etmək üçün qaza ehtiyacı vardır.Digər bir layihə də İon-Adriatik qaz boru kəməri layihəsidir ki, üç Balkan ölkəsini əhatə edir. Lakin bu layihəni həyata keçirmək üçün onda maraqlı olan hər kəs gözləyir ki, Avropa İttifaqı müvafiq addımlar atacaq və layihə ilə bağlı öz mövqeyini bildirəcək. Azərbaycan, həmçinin Avropaya elektrik enerjisi təchizatının həcmini artırmağı planlaşdırır.

Ofelya Səmədova
MDU-nun İqtisadiyyat üzrə fəlsəfə doktoru

Xəbər lenti