Logo

Psixoloq: ”Gənclərə yaşadıqları çətinliklərin əsas səbəbini araşdırmaqda kömək etməliyik”

21.11.2022 09:55 325 baxış
IMG

“Müasir dövrün gənclərində rast gəlinən ən önəmli xüsusiyyətlərdən biri də geniş dünyagörüşlü olmalarıdır. Təbii ki, bu inkişafda müxtəlif kommunikasiya vasitələrinin rolu əvəzsizdir. Lakin bəzi hallarda gənclər bu kommunikasiya üsullarından düzgün istifadədə bəzi səhvlərə yol verirlər”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Bakı Ali Neft Məktəbinin (BANM) psixoloqu Firuzə Mustafayeva bildirib. 

O, kommunikasiya vasitələrinin çox zaman asılılıq problemlərinə gətirib çıxardığını qeyd edib: “Vaxtı düzgün şəkildə bölə bilməmək, plansız şəkildə sosial şəbəkələrdə səmərəsiz vaxt keçirmək, onların real həyatda inkişafına mane olur, şəxsiyyətin formalaşmasında bəzi boşluqların yaranmasına gətirib çıxarır. Gənclərdə özgüvənsizlik, utancaqlıq, asosiallıq, stressə dözümsüzlük xarakterik xüsusiyyətlər kimi formalaşmağa başlayır”.

Firuzə Mustafayeva yüksək bal toplamış tələbələr arasında isə daha çox asosiallığın müşahidə olunduğunu vurğulayır. Psixoloq bu halın universitetdə təhsil aldıqları illərində onlara ciddi fəsadlar yaratdığını deyir: “Zamanlarının çox hissəsini ancaq oxumaqla, müəyyən ixtisasa yiyələnmək məqsədilə keçirdikləri üçün sanki, cəmiyyətə adaptasiya olunmaqda çətinliklərlə qarşılaşırlar. Sosiallaşa bilmədikləri üçün qrup psixologiyasında ciddi güvənsizlik yaranır, dostluq münasibətləri zəif şəkildə formalaşmağa başlayır və eyni zamanda özlərini olduğu kimi ifadə etməkdə çətinliklər yaşayırlar”.  

Yüksək bal toplayan tələbələrdə müşahidə edilən digər hal isə mükəmməlliyə can atmaqdır: “Yüksək bal toplamış tələbələrin mükəmməlliyyətçi tip olmalarına çox rast gəlinir. Bəzi hallarda mükəmməlliyyətçilik bizə uğurlar gətirsə də, çox zaman şəxsiyyətimizdə yüklənmə, ən sonda da psixoloji yanma kimi fəsadlar yaradır. Potensiyalı nəzərə almadan qoyulan gözləntilər zamanla tələbələrdə xəyal qırıqlığı hissi yaradaraq yüksək demotivasiyaya səbəb ola bilir”.

BANM-in psixoloqu deyir ki, bunlardan çıxış yolu yalnız ətrafdakı insanların köməyi ilə mümkündür: “Bu çətinliklərlə mübarizə aparmaq üçün gənclərə ən yaxınları tərəfindən - ailə üzvləri, qohumlar, dostlar və tanışlar tərəfindən hər zaman dəstək olunmalı, emosional olaraq onların yanında olub, yaşadıqları çətinliklərin əsas səbəbini araşdırmaqda kömək etməliyik. Gənclər bilməlidirlər ki, onlar həm uğur qazananda, həm də uğursuz nəticə göstərdiklərində, dəyər verdikləri insanlar hər zaman onları qəbul edəcək, xüsusən də, onlara qarşı olan sevgi heç bir halda şərtli sevgiyə çevrilməyəcək”.

Xəbər lenti