Logo

Dünya reytinqində Azərbaycan universitetləri - ARAŞDIRMA

14.11.2022 21:46 448 baxış
IMG

Dünya reytinqində Azərbaycan universitetləri yazısında toxunulması vacib olan bir neçə məqam var. Ən mühüm məsələ universitetlərin reytinqlərini açıqlayanda onların hansı meyarlara əsasən sıralandığını anlamaqdan ibarətdir.

Bunları başa düşməsək, bu yazının bir mənası qalmayacaqdır. İkinci önəmli məsələ analizə maksimum dərəcədə obyektiv yanaşaraq, Azərbaycan universitetlərini tədqiq etməkdən ibarətdir. Reytinq saytını isə Təhsil Nazirliyinə istinadən seçilib ki, rəsmilik və bitərəflik qorunsun.

Bu saytlara daxildir: Times Higher Education World University Rankings, QS World University Rankings, Academic Ranking of World Universities (Shanghai Ranking).

Yazının məzmunu

1. Reytinqin metodologiyası

1.1. Akademik nüfuz (40%)

1.2. Fakültə/tələbə nisbəti (20%)

1.3. Fakültəyə elmi istinadlar (20%)

1.4. İşəgötürülmə nüfuzu (10%)

1.5. Beynəlxalq fakültə nisbəti/1.6 Beynəlxalq tələbə nisbəti (hərəsi 5%)

3. Niyə dünya sıralamasında yer almırıq?

3.1. Müəllimin tədqiqatçı olmamağı

3.2. Akademik stimul çatışmazlığı

3.3. Elm üzərində senzura

3.4. Tələbələr üçün münbit şərait əskikliyi

4. Yekun

Reytinqin metodologiyası

QS, THE və Shanghai müəyyən metodologiya tətbiq edərək universitetlərin sıralamasını formalaşdırır. QS ən çox istinad olunan mənbə olduğu üçün istərdim ki, bununla kifayətlənək. QS bəzi hallarda TOPUNIVERSITIES də adlanır. QS və ya TOPUNIVERSITIES reytinqi haqqında eşitsəniz, əmin olun ki, söhbət yuxarıda yazdığım linkdəki sıralamadan gedir. QS 6 meyara əsasən universiteti qiymətləndirir. Bunlara daxildir:

Akademik nüfuz (40%)

Ali təhsil müəssisələrində çalışan 94,000 şəxs arasında aparılan sorğulara (QS Akademik sorğu) əsasən universitetlərin tədris və tədqiqat keyfiyyəti müəyyənləşdirilir.

Fakültə/tələbə nisbəti (20%)

Təlimin keyfiyyətli olması dünya universitetlərinin sıralamasında ən önəmli ölçü vahidi kimi qəbul olunur. Bunu ölçmək üçün isə tələbələrin sayı ilə akademik heyətin sayı arasında nisbət əsas hesab edilir. Sadə izahla desək, müəllimlərin sayının çox olması hər müəllimə düşən akademik yükü azaldır və tədrisin keyfiyyətinə birbaşa təsir edir.

Fakültəyə elmi istinadlar (20%)

Tədris ilə bərabər tədqiqat işlərinin aparılması və nəticəsi reytinqə təsir edən önəmli ölçü vahidlərindədir. Yəni, əgər müəllim bir elmi araşdırma aparırsa və həmin araşdırmaya hansısa digər bir şəxs istinad edirsə, bu reytinqə birbaşa müsbət təsir edir. QS isə istinadları ölçmək üçün Elsevier Scopus bazasına istinad edərək, fakültələrin elmi istinadlarını qiymətləndirir.

İşəgötürülmə nüfuzu (10%)

45,000 şəxsin iştirak etdiyi QS İşəgötürən sorğusunda isə ən bacarıqlı, yenilikçi və effektiv şəxslərin hansı universitet məzunu olduğu müəyyənləşdirilir.

Beynəlxalq fakültə nisbəti/ 1.6 Beynəlxalq tələbə nisbəti (hərəsi 5%)

Universitet xarici müəllim və tələbələri cəlb etməklə QS dünya sıralamasında özünə müsbət bir xal qazandırır. Bu baxımdan, universitet nə qədər yerli vətəndaşlardan ibarət olursa, bu 10% civarında reytinq qiymətləndirilməsinə mənfi təsir göstərir.

Dünya reytinqində Azərbaycandan universiteti varmı?

THE (Times Higher Education) Dünya Reytinqində 1,526 universitet var. QS Dünya Reytinqində isə qiymətləndirilən universitetlərin sayı isə 1,300-dür. Shanghai Dünya Reytinqində isə dünyanın ən yaxşı 1,000 universiteti yer alır.

Qeyd

Yalnız, 2021-ci ilin reytinqində Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti QS Dünya Reytinqində TOP 1,100-1,200 sırasına düşə bilib.

Niyə dünya sıralamasında yer almırıq?

Gələk, indi məsələnin ən acı tərəfinə. Burada bir çox səbəblər var. Əvvəl dediyim kimi, maksimum dərəcədə şəffaflığı qorumağa çalışacam.

Qeyd:

Bu yazı yuxarıda adı çəkilən universitetlərimizin reytinq siyahısına düşməmişdən əvvəl yazılmışdır. Buna baxmayaraq,təhsil sistemimizdə olan problemlər, zənnimcə, öz aktuallığını saxlamaqdadır.

Müəllimin tədqiqatçı olmamağı

Azərbaycan universitetlərinin əksəriyyətində müəllim tədqiqatçı deyil. Yəni, bu müəllimlərin çoxu uzun illərdir ki, auditoriyada eyni şeyləri təkrarlayır. Yeni şeyləri öyrənmək istəməyən müəllim, yeni şeylərdən xəbərdar ola bilmir və elm, daima yeniləndiyi üçün müasir elmi tədqiqatlardan da uzaq düşür. Bu da, QS-də göstərildiyi kimi həm akademik nüfuza, həm də elmi tədqiqatların statistikasına çox böyük mənfi təsir göstərir.

Akademik stimul çatışmazlığı

İkinci səbəb isə elmə qarşı yaradılan stimulun olmamasıdır. Məsələn, doktor adını almış şəxs, maaşındakı cüzi artımı görəndə istər-istəməz həm elmi fəaliyyətdən, həm də tədqiqat işlərindən uzaqlaşmaq istəyir. Mənəvi stimul çatışmazlığı da Azərbaycanda ən böyük problemlərdən hesab olunmalıdır. Məsələn, günün ən baxımlı vaxtında Azərbaycan kanalları bayağı insanlardan və verilişlərdən başqa heç nə göstərə bilmirlər.

Elm üzərində senzura

Üçüncü ən mühüm məsələ isə azad fikirli elm atmosferinin olmaması ilə bağlıdır. Yəni, tədqiqat aparan şəxs dünya elminin tələblərinə uyğun bir iş görmək istəyirsə, mütləq şəkildə məsələlərə azad fikirli və kritik şəkildə yanaşmalıdır. Eyni zamanda tədqiqatçının istinad etdiyi mənbələr etibarlı olmalıdır ki, real vəziyyət ilə ziddiyyət təşkil etməsin. Azərbaycanda həm mənbə, həm də elm üzərindəki senzura keyfiyyətli və qərəzsiz elmi yanaşmaların qarşısını alır.

Tələbələr üçün münbit şərait əskikliyi

Digər bir məqam həm tələbələr, həm də universitetin heyəti üçün münbit şəraitin olmamasıdır. Məsələn, tələbə Avropa ölkələrinin əksəriyyətində ictimai nəqliyyat vasitələrindən 50% endirimlə istifadə etdiyi halda, Azərbaycanda belə bir güzəşt yoxdur. Eyni zamanda, təqaüd məsələləri ilə də bağlı böyük bir sıxıntı var. Azərbaycan çox nadirən hansısa bir şirkət və ya dövlət qurumu tələbənin tam təqaüdlə təhsil almağına şərait yaradır və s. Dolayısıyla, bu kimi hallar istər-istəməz xarici tələbələrin də Azərbaycana olan marağını azaldır. Və son nəticə olaraq, azərbaycanlı tələbələrin də xaricdə təhsillə olan marağının kəskin dərəcədə artırır.

Yekun

Əlbəttə ki, bu reytinqə düşməməyin səbəblərini təkcə yuxarıda yazdıqlarımla kifayətləndirmək olmaz. Məsələn, övladının universitetə qəbul ola bilməyəci halda “qohum-qonşu bizə nə deyər?” kimi düşünən ailələr, universitetə qəbul ola bilməyəndə övladını ölüm həddinə çatdıran valideynlər və eyni zamanda universitetlərdə rüşvətə göz yuman və yaradan hər kəs dünya reytinqlərində universitetlərimizin olmamasında payı var. Bunun izahını tamamilə vermək üçün isə ayrıca bir yazıya ehtiyac olacaqdır.

Xəbər lenti