Logo

Uşaqları zərərli informasiyalardan necə qoruyaq?

30.10.2022 22:14 413 baxış
IMG

Müasir dövrü texnologiyasız təsəvvür etmək mümkün deyil. Kommunikasiya vasitələri inkişaf etdikcə ona olan tələbat da dövrün əvvəlki illərinə nisbətən daha da artır, yeni formaları yaranmağa başlayır.

Bu özü ilə bərabər bir sıra yenilik və özəlliklər gətirir. Eyni zamanda, hər bir şəxsə diqqət tələb edən bəzi məqamları da aşılayır. Bunlardan ən önəmlisi uşaqların davranış tərzləri, hərəkətləri, inkişaf proseslərinə təsir edən nüanslardır. Azyaşlı, eləcə də yeniyetmə uşaqlara zərər verən məlumatlardan qorunması cəmiyyətin üzərində duran əsas öhdəlikdir və bu məsuliyyətin güclənməsi üçün nələr etməliyik?

Mövzu ilə bağlı 25 oktyabr tarixində “Valideyn məktəbi” layihəsinin rəhbəri və psixoloqu Təranə Abdullayeva və pedaqoq  Nərgiz Məcidlinin təqdimatında izləyicilərlə sual-cavab formatı əsasında qurulan proqram Elm və Təhsil Nazirliyinin “İnstagram” səhifəsi üzərindən canlı yayımlanıb.

Mobil cihazlar baxıcı rolunu oynayır

Psixoloq Təranə Abdullayeva bildirib ki, ilk olaraq, sual olunur ki,uşaqlar yeni texnologiyadan nə formada yararlanır? Valideynlərin əksəriyyəti uşağın ağlamasını, eləcə də, öz duyğularını, qayğısını, həyəcanını idarə edə bilmədiyi üçün uşağa telefon verir və onu susdurmağa çalışır. Bu da uşaqda zamanla vərdiş halına çevrilir. Biz hazırda kiçik ailələrdə yaşayırıq, uşaqlara qarşı nəzarət mexanizmini artırmışıq, onları gözümüzdən uzağa qoymağa cəsarət etmirik. Valideynlərlə söhbət zamanı bunun səbəbinin uşağı qoruya bilməmə, idarə edə bilməmə, yanlış vərdişlərə sahib olma ehtimalını düşünərək bu addımı atdıqlarını bildirirlər. Əslində, onlar fiziki olaraq uşaqların yanındadırlar, bəzən valideyn olaraq psixoloji cəhətdən onlara nəzarəti qaçıra bilirik. Ümumiyyətlə, müasir dövrdə mobil cihazlar baxıcı rolunu oynayır. Müəyyən dərəcədə müasirlik özü ilə bərabər problemlər də gətirir. İnternetin ilk vaxtlarında hər bir valideyn internetin, kompüterin hər birinin evində olmasına, uşaqların maariflənməsi, oxuması, yeni tətbiqləri mənimsəməsinə cəhd göstərirdi. Lakin valideynlər yeni kəşf olunmuş qurğuya təcrübəsiz olduqları üçün uşaqları yönləndirə bilmədilər. Sonradan uşaqların bir qismi bunu yanlış istiqamətdə istifadə etməyə başladı. Günün çox vaxtını kompüter, mobil cihazların önündə oldular, zorakılığın, şiddətin təbliğ etdiyi müxtəlif oyun növlərinə, beyin fəaliyyətinə mənfi təsir göstərən informasiyalarla asudə vaxtlarını keçirdilər və bu, davam etməkdədir. Bu da valideynlərdə qayğı yaradır. Xüsusilə saatlarla telefonda cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi, fokuslana bilməmə halları yaranır. Telefondan kənarlaşan kimi ətrafda baş verənləri beyin qəbul edə bilmir. Uşaq başlayır aktiv olmağa. Amerikada psixiatrlar 0-3 yaşlı uşaqlara telefon verilməsini qəti qadağan edirlər. Bu tətbiqi hər kəs icra etsə bəşəriyyətdə daha sağlam uşaqlar böyüyər.

Biz sosial varlığıq. Bizim hər birimizin ünsiyyətə, qəbul olunma tələbatına ehtiyacımız var. Uşaqlar bunu öz valideynləri ilə ödəyə bilməyəndə sosial şəbəkələrə üz tuturlar. Belə ki, onlar sosial şəbəkələrdə əsl kimliyini gizlədərək özlərinə yeni imic, görkəm yaradırlar. Düzdür, onlar rəqəmsal dünyanın uşaqlarıdır. Biz onlara bu platformanı qadağan edə bilmərik. Əgər bunu etsək, onları qəbul etməmiş olarıq. Bununla da biz özümüz də öyrənməli, yeni texnologiyanı dərindən mənimsəməli və valideyn olaraq nəzarəti əldən buraxmamalıyıq. Onların sosial platformadan necə, hansı aspektdən istifadə etdiyinə baxmalıyıq.

Biz nəyi qadağan ediriksə, uşağın ona qarşı marağı artır

Fikrə əlavə olaraq, pedaqoq Nərgiz Məcidli: “Biz nəyi qadağan ediriksə, uşağın ona qarşı marağı artır. Xüsusilə yeniyetməlik dövründə uşağın əlindən telefonu almaq, ona nəzarət etmək daha çətindir. Uşaqlara mobil cihazı, kompüteri gözümüzün önündə istifadəsinə icazə versək, daha məqsədə uyğundur. Bununla onları qırmadan, incitmədən və hiss etdirmədən nəzarəti də nizama salarıq. Bəzən olur ki, sakitləşdirmək üçün verilən telefon bizim istəyimizlə də uşağın əlindən alınır. Bu da azyaşlıda çaşqınlıq yaradır. O, rolunun, arzunun, istəyinin önəmli olmadığını düşünür. Bu kimi hərəkətlər uşaqda yanlış fikirlər yaratmağa, özgüvən əksikliyinə gətirib çıxarır. Valideyn uşağın telefondan istifadə edən vaxtında yanında olmalıdır. Onun təktərəfli informasiya əldə etməsinə imkan verməməli, onun qəbul etdiyi məlumatla, görüntü ilə bağlı diskussiya aparmalıdır. Ümumiyyətlə, uşaqların göy ekranlara baxılması azalmalı, onların assosial, nitq ləngiməsinə gətirib çıxaran səbəblər əngəllənməlidir” -fikirlərini qeyd edib.

Müəyyən proqramlardan istifadə edərək valideyn uşağın araşdırdığı sahələri öyrənəcək

İzləyicinin: “Necə edə bilərik ki, uşaqların bəzi proqramlara girişini onların xəbəri olmadan qadağan edək?”-sualına psixoloq Təranə xanım cavab olaraq deyib ki, uğurlu insanlar özlərinə nəzarət edə bilən şəxslərdir.  Bu, çox önəmlidir ki, uşaqlar tək olan müddətdə də özlərini kontrol edə bilməlidirlər. Bunu onlara aşılamaq lazımdır. Bəzi funksiyaları aktivləşdirərək onları zərərli informasiyalardan qoruya bilərik. Eyni zamanda, müəyyən ailə filtr proqramlarından istifadə edərək valideyn uşağın nədən yararlandığını, maraq dünyasını, araşdırdığı sahələri öyrənəcək, bunun nəticəsində də valideyn məlumatlanacaq, uşaqla informasiya mübadiləsi aparmasına şərait yaranacaq.

Son olaraq, o qeyd edib ki, biz özümüz demək olar ki, avtoritar ailələrdə böyümüşük. Lakin əksəriyyətimiz söz verdik ki, biz valideynlərimizdən fərqli olacağıq. Uşaqlarımızı sərbəst, qadağasız böyüdəcəyik, beləcə də, qaydalar qurmamağa, verici olmağa başladıq. Uşağın ani ağlaması ilə həyəcanlandıq, yaxşı valideyn olmadığımızı düşündük. Özümüzdə liberal valideyn imicini yaratdıq. Lakin bizim insan övladı olaraq sərhədlərə ehtiyacımız var, hüdudlar vacibdir. Bunu bir misalla belə ifadə etmək olar ki, körpə uşaq ilk addımlarını atarkən dönüb anasına baxır, hara qədər gedə biləcəyini, təhlükənin olub-olmadığını anasının reaksiyasından bilmək istəyir.

Texnologiyanın sürətlə tərəqqisi informasiya axınının da əhatəsini genişləndirir. Demək olar ki, hər birimiz məlumat yağışına bürünmüşük. Lakin burda maraqlı bir faktor var. İnformasiyanın bu qədər tüğyan etdiyi bir dönəmdə  cəmiyyətdə hələ də öz evində olan problemi kənarda axtaran, kiminsə düzəltməsini gözləyən insanlar var. Odur ki, öz məsələmizi, uşağımızın probleminin səbəbini əvvəlcə özümüzdə axtarmalı, araşdırmalıyıq. Çünki uşaqlar bizim təqlidimizdir. Buna görə də, daha çox məlumatlanmalı, bu sahədə birgə cəhdlərimizi nümayiş etdirməliyik.

Tünzalə QULİYEVA

Xəbər lenti