Logo

Beşikdən qəbir evinə qədər öyrənmək

30.07.2022 20:32 370 baxış
IMG

Ömürboyu öyrənmə (lifelong learning) fərdi inkişafa yönəlmiş, öz təşəbbüsü ilə həyata keçirilən təhsil formasıdır. Dünya ölkələrində uğurla həyata keçirilən ömürboyu öyrənmənin standartlaşmış tərifi olmasa da, ümumiyyətlə, məktəb, universitet və ya korporativ təlim kimi rəsmi təhsil institutundan kənarda baş verən öyrənməyə istinad edilir. Belə ki, bu mexanizm insanın həyatı boyu davam edən bilik və bacarıqlarının davamlı olaraq inkişafıdır. Bu cür öyrənmə həm formal olaraq - təhsil, təlim, mentorluq, təlim kursları, təkmilləşdirmə - və qeyri-formal, yəni həyatın özündən yeni təcrübə çıxarmaqla əldə edilə bilər.

Ömürboyu öyrənmə həm peşəkar, həm də şəxsi səbəblərdən ilhamlanan yeni biliklər üçün davamlı, könüllü axtarış anlayışıdır. Belə bir həyat tərzi insanın əmək bazarında peşəkar yüksəlişinə və rəqabət qabiliyyətinə töhfə verir. Eyni zamanda, ölkə miqyasında bu konsepsiyanın kütləvi şəkildə qəbulu insan və intellektual kapitalın formalaşmasına, keyfiyyətinə faydalı təsir göstərir və bununla da iqtisadiyyatın inkişafına kömək edir. 

“Kaspi” qəzetinin yazısını təqdim edirik:

Hazırda bütün dünyada texnologiyanın inkişafı və peşələrin həyat dövrünün azalması “məktəb-universitet” təhsilinin klassik modelinin köhnəlməsinə səbəb olub. Onu ömürboyu öyrənmə konsepsiyası əvəz edib. “Ömürboyu təhsil konsepsiyası” təklif edir ki, mexanizm yaşından və fəaliyyət sahəsindən asılı olmayaraq insanları əhatə etməli, eyni zamanda hər hansı təhsilə maraq və üstünlüyün reallaşdırılması və inkişafı üçün imkanlar yaratmalıdır. Ömürboyu təhsilin əsas mərhələləri, adətən 6 yaşdan 24 yaşa - ibtidai məktəbdən tutmuş ali təhsil müəssisələrinə qədər və 25 yaşdan 60 yaşa qədər olan dövrü əhatə edir. Formal təhsil adətən bu vaxta qədər başa çatsa da, insanlar hələ də öyrənməyi dayandırmırlar. Onlar həm rəsmi, həm də qeyri-rəsmi olaraq peşəkar inkişafla məşğul ola, əlavə təhsil ala, elmi işlə məşğul ola bilər və bundan əlavə, iş və gündəlik həyat problemlərini həll etməklə, tanışlıq dairəsini və üfüqlərini genişləndirməklə, səyahət etməklə, yeni biliklərə yiyələnmək yolu ilə öyrənə bilərlər.

60 yaşdan yuxarı tələbələr isə həyatın bu dövründə adətən özlərini maraq və hobbilərinə həsr etmək üçün əla fürsət əldə edirlər - bu, ictimai iş, səyahət, əl işləri və daha çox ideyalarla bağlı ola bilər. Belə ki, yaşlı insanlar həyatlarının mənasını hiss etməlidirlər, buna görə də cəmiyyətin onların davamlı inkişafı və öyrənmələri üçün göstərə biləcəyi dəstək çox vacibdir.

Qonşu Rusiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə ömürboyu təhsilin dəstəklənməsi istiqamətində layihələr, proqramlar həyata keçirilir. Bu məsələdə təkcə əmək bazarının tələbləri deyil, həmçinin 60 yaş üstü insanların sağlamlıq durumu da nəzərə alınır. Mexanizmin həyata keçirilməsində onlayn təhsil və iş imkanları mühüm vasitədir. 

Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizminin yaradılması məsələsi yer alıb. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirakına və zəruri kvalifikasiya əldə etməsinə imkan verəcək. Nəticədə ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaq.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov dövlətin həyata keçirdiyi siyasət və strategiyalarda hər zaman təhsilin inkişafına, gənc nəslin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət göstərildiyini qeyd edir: “Ömürboyu öyrənmə mexanizmi də vacib amildir. Dövlətin siyasəti ondan ibarətdir ki, vətəndaşlar davamlı olaraq öz üzərilərində işləməli, bilik və bacarıqlarını artırmalı, daim inkişaf etməlidirlər. Hansı sahədə çalışmasından asılı olmayaraq hər bir şəxs daim özünü inkişaf etdirməlidir”. Millət vəkili ölkə başçısının sərəncamı ilə yaradılacaq iki tədqiqat universitetinin fəaliyyətini də elm və təhsilimizə diqqət və qayğı kimi dəyərləndirir: “Bütün bunlar dövlət siyasətində elm və təhsilin necə mühüm önəm kəsb etməsinin göstəricisidir”.

 

Professor Şahlar Əsgərov ömürboyu öyrənmə mexanizminin yaradılmasını müsbət hal kimi dəyərləndirir. Belə ki, özü universitet müəllimi kimi çalışdığı illərdə Rusiya, Ukrayna, Danimarka, Finlandiya və s. ölkələrdə müddətli  kurslarda iştirak edərək inkişafını təmin edib: “Bunlar hamısı ömürboyu öyrənmədir. Peyğəmbərimiz, təxminən 15 əsr əvvəl beşikdən qəbir evinə qədər öyrənək deyib. O vaxtdan bəri bu, həmişə gündəmdə olan məsələdir. Ömürboyu öyrənməklə bağlı UNESCO-nun da konsepsiyası var. Bizim də həmişə belə bir konsepsiyamız olub. Sovet dövründə də ömürboyu oxumaq təşviq edilirdi. Amma indi bu konsepsiyanı dövlət öz nəzarəti altına alırsa, sevindirici haldır”. Professor qeyd edir ki, uşaq bağçalarından tutmuş, orta və ali məktəbə qədər, daha sonra doktorantura təhsili ömürboyu öyrənmənin böyük bir hissəsidir: “Mən parlamentin deputatı olanda hətta ömürboyu öyrənmə ilə bağlı tədbir də keçirmişdik. Yəqin, Elm və Təhsil Nazirliyi də öz strategiyasında bu mexanizmlə bağlı dəyişiklik edər. Hər bir insan orta və ali məktəbdə oxuyanda öyrənmə bacarığı əldə edir. Ya 5 ildən bir hazırlıq fakültələrinə getmək, ya da ali məktəblərdə tədrisin proqramını elə qurmaq lazımdır ki, insan ömürboyu öyrənmənin gərəkli olduğunu başa düşsün”.  Təbii ki, ömürboyu təhsilin və öyrənmənin beyinlərdə yer alması, bu istiqamətdə həvəsin aşılanması, şüurlara hopması və, nəhayət, vərdişə çevrilməsi üçün dövlətin siyasətinə vətəndaş cəmiyyətinin də, ayrı-ayrı qurumların da dəstəyi istisnasızdır. Yeni öyrənmə təşəbbüsü vacib addım olsa da, ümumilikdə cəmiyyətin motivasiyasına həmişə ehtiyac var.

Xəbər lenti