Logo

Azərbaycanın müasir təhsil sistemi və problemləri

02.07.2022 20:40 2968 baxış
IMG

Dünyanın hər bir yerində, ictimai inkişafın bütün mərhələlərində cəmiyyətin təhsillə üzvi bağlılığı olub. Gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir. Bütün tarixi dövrlərdə təhsilin ictimai həyatda mərkəzi rolu qeyd-şərtsiz hamı tərəfindən qəbul edilib. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Əvvəlcə bir zəruri məsələni dərindən dərk etməliyik ki, müasir təhsil nə deməkdir və cəmiyyətdə inkişaf stimulu yaradan bu sistem nəyə xidmət edir? Bu zəruri sahənin incəliklərini və sonrakı perspektiv imkanlarını araşdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu il tarixdə təsdiq etdiyi “Təhsil haqqında” Qanunun ilk müddəasına nəzər yetirmək kifayətdir: “Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır”.

Bu bir təkzibolunmaz həqiqətdir ki, bu günümüzdə ən zəruri faktor olan müasir təhsil sistemi yeni formalaşan cəmiyyətin ayrılmaz bir sahəsidir. Bu sivil sferanın inkişafı həmin sosiumların irəli getməsinə, ölkədə fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür. Bütün bunları nəzərə alaraq yəqinliklə deyə bilərik ki, təhsil:
- cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsidir;
- intellektual potensialı formalaşdırır;
- xalqın ümidli gələcək sferasını yaradır;
- yoxsulluğu aradan qaldırır və xalqın rifah halını yaxşılaşdırır;
- hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır;
- vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir;
- fərdin və ya kollektivin ümumi inkişafını təmin edir;
- milli-mənəvi dəyərləri qoruyur və tənzimləyir;
- insan kapitalını formalaşdırır və sair.

Qeyd etmək olar ki, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagird təhsil alır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird oxuyur. Hazırda respublikada 309 ibtidai məktəb, 3 min 333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4 min 435 məktəb fəaliyyət göstərir.

Prezident İlham Əliyev 2021-ci il dekabrın 20-də “Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib.

Azərbaycanda ümumilikdə 1825 məktəbəqədər təhsil müəssisəsi var. Bu təhsil müəssisələrinin 1692-si dövlət məktəbəqədər təhsil müəssisələridir. Məktəbəqədər təhsil müəssisələrində təhsil alan 126 min 509 çox uşağın 121 min 385-i dövlət məktəbəqədər təhsil müəssisələrində oxuyur.

2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb.

Uğurlu nəticələr göstərən layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində daha da genişlənib və hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb. Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Həmçinin layihə, məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın əlverişsiz kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmaq məqsədini daşıyır.

2021-22-ci tədris ilində 349 yeni icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyətə başlayıb. Ümumilikdə respublikanın 55 şəhər və rayonunda 849 qrup fəaliyyət göstərir.

Müasir təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmamışdır. Bu baxımdan, ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür. Ümumi olaraq Azərbaycanın təhsil sistemində olan problemləri aşağıdakı kimi şərh etmək olar:

İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsilalanların cəmi 25–27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir;

Kənd yerlərində müxtəlif fənlər üzrə müəllim çatışmazlığı hələ də tam olaraq həll olunmamışdır;

Ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edir;

İlk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir;

Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir;

Təhsil sistemində tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməmişdir;

Bundan başqa, ali təhsil müəssisələrində Boloniya sistemi ilə yanaşı köhnə tədris metodlarının da tətbiqi tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur;

Məktəblərdə və ali təhsil müəssisələrində xarici dillərin tədrisinin aşağı səviyyəsi ölkədə təhsil alan tələbələri dil biliyini inkişaf etdirməsi üçün əlavə kurslara üz tutmağa məcbur edir;

Əmək bazarının tələblərinə uyğun olmayan, səmərəsiz kadr hazırlığı ölkədə bəzi sahələrdə kadr çatışmazlığı ilə, bəzi sahələrdə isə işsizlik probleminin yaranması ilə nəticələnmişdir;

Xüsusən ali təhsil müəssisələrini bitirənlərə təyinat sisteminin tətbiq olunmaması təhsil sisteminin ən böyük problemlərindən biri hesab oluna bilər.

Beləliklə, ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılsa da, bu və ya digər problemlər hələ də öz həllini tapmamışdır. Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

Təhsildə bu və ya digər problemlərin azaldılması üçün aşağıdakı perspektiv tədbirlərin görülməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yarada bilər:

Yeni kurikulumların hazırlanması və tətbiqi;

Dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, xüsusən ali təhsil müəssisələrində sovet dövründən qalma dərsliklərin yeniləri ilə əvəz olunması;

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz olunması, eləcə də abituriyentlərə ixtisas seçimi öncəsi ixtisaslarla bağlı ətraflı məlumatların verilməsi (ixtisasların gələcəkdə abituriyentlərə nə qazandıra biləcəkləri, iş prosesində hansı işləri görəcəkləri haqqında ətraflı məlumatları əks etdirən broşuraların yayımlanması ixtisas seçimi səhvlərinin aradan qaldırılmasına yardımçı ola bilər);

Ali təhsil müəssisələrində tətbiq olunan Boloniya sisteminin təkmilləşdirilməsi;

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və daha gənc kadrların tədris prosesinə cəlb olunması;

Ucqar kəndlərdə yeni məktəblərin inşası və burada təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi (xüsusən qızların təhsilə cəlb olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirilməsi);

Orta və ali təhsil müəssisələrində xarici dillərin tədrisinə yerli müəllimlərlə yanaşı xaricdə təhsil almış, eləcə də xarici müəllimlərin cəlb edilməsi və ya xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün onların müvafiq ölkələrdə kurs keçmələrinə imkanlar yaradılması;

Ali təhsil müəssisələrində təyinat sisteminin tətbiqi; (əgər bakalavr pilləsində bunu etmək mümkün deyilsə, magistratura pilləsini bitirənlərə təyinatla iş imkanı yaratmaq. Bu da mümkün olmasa, həmin pilləni fərqlənmə ilə bitirənlərə təyinat tətbiq etmək həm təhsilin səmərəsini artırmış olar, həm də tələbə və magistrantlara əlavə stimul olar)

“Müəllimlərin əlavə qazanc mənbəyi axtarması” probleminin həlli üçün əməkhaqlarının yüksəldilməsi, eləcə də, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması;

Təhsildə maliyyələşdirmə sisteminin tədrisin keyfiyyətinə görə müəyyən edilməsi;

Onu da qeyd edim ki, orta və ali təhsil müəssisələri üçün nəzərdə tutulan bu təkliflərin həyata keçirilməsi dövlət orqanlarının üzərinə düşsə də, bu işdə məktəb müəllimləri və tələbələrin də fəallığı və onların proseslərdə yaxından iştirakı həmin problemlərin həllinin sürətlənməsinə imkan yarada bilər.

 

Əli Ələkbərov

Xəbər lenti