Logo

Gürcüstanda azərbaycandilli məktəblərin kadr çatışmazlığı: yeni qərar nələri dəyişəcək? - ARAŞDIRMA

31.12.2021 16:34 804 baxış
IMG

Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin Azərbaycan dili və ədəbiyyatı müəllimləri gələn ildən etibarən attestasiya imtahanından keçərək baş müəllim statusu ala biləcəklər.

Apa-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın Qiymətləndirmə və İmtahan üzrə Milli Mərkəzinin məlumatına əsasən, müvafiq qərar Təhsil və Elm Nazirliyi tərəfindən qəbul edilib və artıq 2022-ci ildə Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün Azərbaycan dilində attestasiya imtahanının keçirilməsi üçün hazırlıqlara başlanılıb.

Təhsil ekspertlərinin fikrincə, Gürcüstanda ilk dəfə keçiriləcək bu qiymətləndirmə üsulu azərbaycandilli məktəblərə yeni kadrların cəlb edilməsinə töhfə verəcək, gələcəkdə bu məktəblərin kadr çatışmazlığı səbəbi ilə bağlanmasının qarşısını alacaq.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 1 saylı ictimai məktəbinin direktoru Ziyadxan Sərdarov deyir ki, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin attestasiya imtahanında iştirakı onlar üçün əlavə maddi imkanlar yaradacağından bu sahəyə maraq artacaq. Eyni zamanda, imtahanda iştirak edəcək müəllimlərin tədris proqramını daha yaxşı mənimsəməsi lazımdır ki, bu da ilk növbədə dərslərin keyfiyyətində özünü göstərəcək.

“Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün attestasiya imtahanının keçirilməsi azərbaycandilli məktəblərdə bu sahə üzrə kadr artımına kömək edəcək. Hazırda azərbaycandilli məktəblərdə kadr çatışmazlığı problemi var. Maddi tərəflərini isə götürsək, attestasiyadan keçərək baş müəllim statusu alması müəllimin maaşının təxminən 2 dəfə artmasına səbəb olacaq. Bu isə onun daha həvəslə işləməsinə, eyni zamanda, gənclərin məktəbə cəlb olunmasına yardım edəcək. Çünki, gənclər maaş azlığından məktəbdə işləmək istəmirlər. Gürcüstan Təhsil və Elm Nazirliyinin və parlamentin qəbul etdiyi qərara görə yaxın gələcəkdə Gürcüstanda müəllimlərin maaşı təxminən 2 000 (1 102 manat) lariyə çatdırılacaq. Hazırda statusu olan müəllimlər 1000 lariyə (551 manat) yaxın maaş alırlar”, deyə Z. Sərdarov bildirib.

Gürcüstanlı təhsil eksperti Mamed Mirzəyev də qərarın azərbaycandilli məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini deyir. Bununla belə, ekspert Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə kadr çatışmazlığı probleminin aradan qaldırılması üçün yalnız attestasiya imtahanının keçirilməsinin kifayət etməyəcəyi qənaətindədir. Belə ki, bunun üçün ilk növbədə, Gürcüstan universitetlərində sovet dövründə və 2000-ci illərin əvvəllərinə qədər mövcud olmuş Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılmasına və ya bərpa edilməsinə ehtiyac var: “Azərbaycan dili və ədəbiyyatı müəllimləri üçün attestasiya imtahanının bu vaxta qədər keçirilməməsi nəticəsində onlar özlərini proseslərdən kənarlaşdırılmış hesab edirdilər, bütün proseslərdən kənarda qalırdılar. Bu baxımdan qərar onlar üçün olduqca müsbət addımdır. Hazırda məktəblərdə Azərbaycan dili və ədəbiyyatı üzrə ciddi kadr çatışmazlığı problemi yoxdur, lakin müəllimlərin yaş ortalamalarının kifayət qədər yüksək olduğunu nəzərə alsaq yaxın gələcəkdə kadr çatışmazlığı baş verə bilər. Attestasiya imtahanının keçirilməsinin bu problemi tam aradan qaldıra bilməməsinin başlıca səbəblərindən biri odur ki, başqa ixtisas müəllimlərinin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə baş müəllim statusunu alması üçün onlar onsuz da çətin olan bu imtahan proqramında maksimal göstərici əldə etməlidirlər. Bu baxımdan kadr çatışmazlığı probleminin həlli üçün ilk növbədə Gürcüstan universitetlərində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin bərpa edilməsinə ehtiyac var. Ümumilikdə, attestasiya imtahanının keçirilməsi müəllimlərimizin əlavə olaraq hazırlaşmasına və daha keyfiyyətli dərs keçməsinə kömək edəcək. Çünki imtahana hazırlaşmaq ən azından onlara şagirdlərə nələri daha yaxşı öyrətməli olduqlarını xatırladacaq. Müəllimlər üçün daha bir yaxşı tərəfi isə budur ki, onlar öz səriştələrini təsdiq edərək baş müəllim, bundan sonrakı mərhələdə isə aparıcı müəllim, mentor müəllim statusu qazana biləcəklər. Bu, onların aylıq məvacibinin ikiqat, bəzən də üçqat artması ilə nəticələnəcək”.

Marneulinin Ermənistanla sərhəddə yerləşən Mollaoğlu kəndində yaşayan gənc müəllim Ariz Daşdəmirli Gürcüstan Təhsil Nazirliyinin qərarını sevinclə qarşıladığını deyir. O, nə qədər çətin keçməsindən asılı olmayaraq attestasiya imtahanında iştirak etmək niyyətindədir. Gənc müəllimin fikrincə, həm attestasiya imtahanının keçirilməsinin bu sahənin müəllimlərinə karyera yüksəlişi fürsəti təqdim etməsi, həm də yaxın gələcəkdə bu sahədə gözlənilən ciddi kadr çatışmazlığı problemi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının populyarlığını artıracaq: “Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi yaxın gələcəkdə təhlükə qarşısında qala bilər. Bu məsələ Gürcüstanda həm vətəndaş cəmiyyəti, həm də müəllimlər tərəfindən dəfələrlə səsləndirilən bir problemdir. Lakin, attestasiya imtahanı bu problemin qarşısını qismən ala bilər. Bu vaxta qədər Gürcüstanda digər fənlər üzrə attestasiya imtahanları var idi və müəllimlər çalışırdılar ki, baş müəllim statusuna və daha yuxarı statuslara malik olaraq öz karyeralarını, peşə bacarıqlarını inkişaf etdirsinlər. Təəssüf ki, Azərbaycan dili və ədəbiyyatı üzrə attestasiya imkanı yox idi və bu, nəinki müəllimlərin peşəkar inkişafına mənfi təsir göstərirdi, hətta onların motivasiyasını aşağı salırdı”.

Bununla belə Ariz Daşdəmirli də o qənaətdədir ki, yalnız attestasiya imtahanı azərbaycandilli məktəblərdə kadr çatışmazlığı probleminin həlli üçün kifayət etməyəcək. Onun fikrincə, problemin həlli üçün Gürcüstan ali məktəblərində müvafiq pedaqoji ixtisasın bərpa olunmasına ehtiyac var.

“İndi Gürcüstan universitetlərində Azərbaycan filologiyası fakültəsi fəaliyyət göstərmir. Bu öz növbəsində məktəblərdə dərs deyəcək kadrların çatışmazlığına gətirib çıxarır. Hazırkı müəllimlərin yaş ortalamasının çox yüksək olduğunu da nəzərə alaraq, çox yaxın gələcəkdə bu sahədə böyük problem yaranacağını düşünürdük. Bu qərar artıq problemin qarşısını qismən alacaq. Artıq Azərbaycan dili və ədəbiyyatı müəllimliyi yenidən populyarlıq qazanacaq. Çünki azərbaycandilli məktəblərdə kadr çatışmazlığı getdikcə böyük bir problemə çevriləcək. Hazırda məktəblərdə sovet dövründə Azərbaycanda təhsil almış müəllimlər qalıb. Gənc müəllimlər bu sahədə demək olar ki, yoxdur. Qaldı ki indi Gürcüstandan kiminsə Azərbaycana gedib ali təhsil alıb qayıtmasına, Gürcüstan azərbaycanlısı burada “1+4” proqramı çərçivəsində təqaüdlü əsaslarla təhsil alaraq həm dövlət dilinə yiyələnə, həm də bakalavr təhsili ala bilir. Amma təhsilini Azərbaycanda alsa, həm dövlət dili olan gürcü dilini öyrənə bilmir, həm də təhsili öz hesabına almalıdır. Problemdən çıxış yolu Gürcüstanda Azərbaycan filologiyası fakültəsinin yaradılmasıdır”, - A. Daşdəmirli bildirib.

Hazırda Gürcüstanda 110-dan çox məktəbin azərbaycandilli olduğu və ya Azərbaycan bölməsinə malik olduğu bildirilir. Son illərin statistikası ölkədə azərbaycandilli məktəblərin sayının azaldığını göstərir.

Gürcüstandakı azərbaycandilli orta məktəblər Azərbaycan dili və ədəbiyyatı dərslikləri ilə Azərbaycanın Təhsil nazirliyi tərəfindən təmin edilir. Hər il Gürcüstana pulsuz göndərilən bu kitablar Azərbaycandan Gürcüstana göndərilən yeganə dərsliklərdir.

Xəbər lenti