Logo

Türkiyədəki arxeoloji araşdırmalarla “tarixin sıfır nöqtəsi”nə səyahət - FOTOREPORTAJ

09.12.2021 12:47 393 baxış
IMG

Arxeoloji araşdırmalar hər bir xalqın tarixi ilə bağlı yüzlərlə yeni informasiyanı işıq üzünə çıxarır. Çünki əsrlər əvvələ aid olan, dövrümüzə qədər gəlib çatan tarix-mədəniyyət abidələrinin əksəriyyəti ya dağıdılıb, ya da zamanın dəyirman daşında üyüdülərək öz-özünə məhv olub.

Tarixi abidələr, arxeoloji qazıntıların üzə çıxardığı maraqlı tikililərin bəziləri də Türkiyənin qədim Şanlıurfa şəhərindədir.

Qalib şəhər olan Şanlıurfa bölgəsində hələ ötən əsrin 60-70-ci illərində aparılan tədqiqatlarla ortaya çıxan Göbəklitəpə Neolit dövrü yaşayış yerindən sonra eyni dövrə aid Karahantəpə və digər qədim yaşayış məskənlərinin də üzə çıxarılması dünya arxeologiya elmində mühüm hadisələrdən biri olub.

Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan media nümayəndələrinin qədim Şanlıurfa bölgəsinə təşkil edilən səfərin məqsədi yeni yaradılan Şanlıurfa Arxeologiya Muzeyi ilə tanışlıq olub. Qazıntılar zamanı arxeoloqlar tərəfindən əldə edilən tapıntılar onu göstərir ki, 12 min il əvvəl insanlar bu torpaqlarda oturaq həyata keçiblər.

Tapıntılar onu göstərir ki, bu ərazilərdə insanlar köçəri deyil, oturaq həyat tərzi keçiriblər. Qazıntılarda iştirak edən arxeoloqların fikrincə, insanların oturaq həyata keçməsinə bir neçə səbəb olub.

Müxtəlif zamanlarda ərazidə aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, bu ərazilərdə müxtəlif növ bitkilər, ağac kökləri, yabanı otlar və s. mövcud olub. Bu coğrafi fərqlilik də o dövrdə insanların bu ərazilərdə toplu şəkildə yaşamalarının əsas səbəblərindən biri olub.

Min illiklər əvvəl yabanı şəkildə buğda, arpa və taxıl sahələri formalaşmışdı ki, təbiətin təklif etdiyi bu məhsullar insanları oturaq həyata keçməklə yanaşı, ilk əkinçilik vərdişlərinin də formalaşmasına səbəb olub. Bu da öz növbəsində heyvanların əhliləşdirilməsinə təsir göstərən amil olub.

Ovçuluq və yığıcılıqla məşğul olan insanlar Paleolit dövrü boyunca təbiətdən meyvə, ot kökü, yabanı bitkilər yığmaqla yanaşı, vəhşi heyvanlar ovlayaraq, həyatda qalmağa çalışıblar. Onlar təbii fəlakətlərdən və təhlükələrdən qorunmaq üçün mağaralarda və qayalardakı sığınacaqlarda yaşayıblar.

Media-tur çərçivəsində bələdçinin verdiyi məlumatlara görə, Şanlıurfanın mərkəzindən iki kilometr uzaqlıqda, Küçük Gölbaşı adlanan ərazinin cənub-qərbində tapılan Biris Məzarlığı və Biris Məzarlığının bir kilometr şimal hissəsində yerləşən Söyüd tarlası Paleolit dövründən Neolit dövrünədək olan bir zaman kəsiyini araşdırmağa imkan verir.

Muzeydə nümayiş etdirilən Urfa Balıklıgöl heykəli də diqqətçəkən məqamlardan biri oldu. Belə ki, məlumatlara görə, Urfa heykəli adlandırılan tapıntı insanlıq tarixinin insanabənzər ən təbii və qədim halını əks etdirən heykəldir.

Heykəl Balıqlıgöl adlandırılan ərazinin şimalında, köhnə Urfa evlərindən birinin zirzəmisində 1990-cı illərdə aparılan qazıntılar zamanı tapılıb. Heykəlin üzərindəki izlər çaxmaqdaşı ilə işləndiyindən xəbər verir.

Əhəng daşından hazırlanan heykəlin hündürlüyü 180 santimetrdir. Əl işinin göz yuvalarına nadir tapılan qara obsidian daşları qoyulub. Ağzının olmaması ilə diqqətçəkən heykəlin əllərinin önündə çarpaz şəkildə birləşib. Bu istiqamətdə də araşdırmalar davam edir.

Şanlıurfa Arxeologiya Muzeyində sərgilənən “Karahantəpə və Neolit insan” kompoziyasını təşkil edən eksponatlar Karahantəpədən son iki ildə aşkarlanan 37 nümunədir. Qeyd edək ki, bu eksponatlar ilk dəfə idi ki, nümayiş olunurdu.

Aparılan araşdırmalar zamanı yeni yaşayış məntəqələri də müəyyən edilib. 

Hələ də Göbeklitəpə, Karahantəpə, Çakmaktəpə və bir sıra digər ərazilərdə, ümumilikdə yeddi sahədə arxeoloji qazıntılar davam etdirilir.

Arxeoloqlar Şanlıurfada aşkarlanan tarixi yerləri yüksək qiymətləndirir, hətta tarixin sıfır nöqtəsi adlandırırlar. Gələcəkdə buradakı araşdırmaları daha da dərinləşdirmək və bəlkə də tarixin daha da gerisinə nəzər salmaq mümkün ola bilər.

Göbeklitəpədə qədim insanların hazırladığı təxmin edilən “T” şəkilli daş və ətrafında bir neçə kiçik daş tapılıb. Arxeoloqlar bu daşların hər birinin insanı simvolizə etdiyini düşünürlər. Hündürlüyünə görə heykəllər 3-6 metr aralığındadır. Bu heykəllərin bir yerdən digər yerə necə daşındığı da müəmmalıdır. Arxeoloqlar təxmin edir ki, o dövrdə insanlar daşları ağac budaqlarının üzərinə qoyaraq fırlada-fırlada bir yerdən başqa yerə aparıblar.

Bir başqa qrup arxeoloq isə düşünür ki, daşların “T” şəklində olması, eləcə də üzərində kiçik yuvacıqların olması onların dam örtüyü üçün atma rolunu oynaya biləcəyini ehtimalını ön plana çıxarır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Göbəklitəpə ilə bağlı verdikləri açıqlamalarda qazıntılarda iştirak edən alimlərin bu bölgəyə dair fikirləri yer alıb. Bildirilib ki, alimlərə görə, bura “12 təpə”, yaxud “Türkiyənin cənub-şərq piramidaları” adı verilib.

Türkiyəli elm adamları və 

arxeoloqlar bu ərazilərdə hələ işıq üzərinə çıxarılacaq çox sayda məlumatın olduğunu deyirlər. Çünki Göbeklitəpə bu mövzuda arxeoloji qazıntıların aparıldığı yeganə yer deyil. Şanlıurfada bunun kimi qazıntılar aparılan 12 ərazi daha var ki, onlardan əldə edilən məlumatlar Anadolunun insanlıq tarixinə verdiyi töhfəni dünyaya daha aydın nümayiş etdirə bilər.

Qeyd edək ki, Göbəklitəpə dünyada ən qədim istehkam məbəd kompleksi hesab olunur və 2011-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib.

Oxu.Az-ın əməkdaşı tarixin sıfır nöqtəsi adlandırılan Şanlıurfada yerləşən Göbeklitəpədən fotoları təqdim edir:

Könül Cəfərli

Xəbər lenti