Logo

Akademik: Rəqəmsal inkişaf sahəsində həyata keçirilən dövlət siyasəti Milli Süni İntellekt Forumunun yaradılmasını zəruri edir

19.12.2025 11:33 33 baxış
IMG

Dövlət qurumları, elm və təhsil müəssisələri, o cümlədən biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı ilə süni intellekt sahəsində çoxsaylı problemlərin müzakirəsi, təklif və tövsiyələrin irəli sürülməsi, həyata keçirilən işlərin ictimai monitorinqinin aparılması, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müzakirə platforması kimi Milli Süni İntellekt Forumunun təşkil olunmasına böyük ehtiyac var.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.

Alim hazırda dünyada gedən qlobal proseslər, rəqəmsal transformasiyalar, IV Sənaye İnqilabının, xüsusən də müasir dövrün ideologiyası olan süni intellektin böyük sürətlə inkişafı nəticəsində ölkəmizdə yeni reallıqların yarandığını qeyd edib. O, Azərbaycan Prezidentinin süni intellekt və rəqəmsal transformasiya sahəsində ardıcıl və məqsədyönlü siyasət apardığını, “Rəqəmsal İnkişaf Konsepsiyası”, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər mühüm strateji sənədlərdə həm müvafiq dövlət qurumları, elmi müəssisələr, həm də biznes və vətəndaş cəmiyyəti institutlarının qarşısında konkret vəzifələrin müəyyənləşdirildiyini söyləyib. Bu vəzifələrin həyata keçirilməsinin dövlətimizin milli maraqlarının qorunması və texnoloji suverenliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Akademikin sözlərinə görə, süni intellektin müasir dövrün ideologiyasına çevrilməsi nəticəsində hər bir dövlət qurumu, elmi müəssisə və təşkilat öz fəaliyyətini yeni çağırışlara uyğun şəkildə yüksək səviyyədə təşkil edir, zəruri tədbirlər həyata keçirir. Bu gün cəmiyyətdə süni intellekt sahəsində normativ-hüquqi bazanın formalaşdırılması, resursların daha səmərəli idarə olunması, ölkədə sürətlə artan məlumatların toplanması və emalı üçün müvafiq ekosistemin yaradılması, süni intellekt, kibertəhlükəsizlik və kibersuverenliyə dair çoxaspektli tədqiqatların aparılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması çox aktual məsələlərdəndir: “Artıq ölkəmizdə bu istiqamətlərdə fəaliyyət göstərən ayrı-ayrı mütəxəssislərin, xüsusən də gənclərin fəaliyyətini stimullaşdırmaq üçün “MilliNet” mükafatı ilə yanaşı, Milli Süni İntellekt Mükafatının təsis olunmasının vaxtı çatmışdır”.

Alim, həmçinin süni intellektlə bağlı çoxaspektli, multidisiplinar, elmi-praktik və konseptual problemlərin ümummilli səviyyədə müzakirəsinin təşkili məqsədilə vahid dialoq platformasının yaradılmasının zəruri olduğunu vurğulayıb: “Dövlət qurumları, elm və təhsil müəssisələri, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı ilə süni intellekt sahəsində çoxsaylı problemlərin müzakirəsi, təklif və tövsiyələrin irəli sürülməsi, həyata keçirilən işlərin ictimai monitorinqinin aparılması, habelə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müzakirə platforması kimi Milli Süni İntellekt Forumunun təşkil olunmasına böyük ehtiyac var”.

Xəbər lenti